Sevinc Babayevanın ölümü Türkiyə mətbuatında

Türkiyənin öndə gedən qəzetləri bu günkü saylarında İnterpol vasitəsilə axtarışda olan və İstanbulda müəmmalı şəkildə ölən Sevinc Babayevadan yazıb.

Yazılarda bildirilir ki, bu qadın parlament üzvü seçilmək istəyən şəxsin hakimiyyətlə sövdələşməsində vasitəçi kimi iştirak edib, rüşvət bazarlaşmasını əks etdirən videogörüntülərin yayılmasından sonra ölkəni tərk etməyə məcbur olub.

Bu barədə yazan bəzi qəzetlər “Dünyanın aradığı qadın İstanbulda öldü” başlığıyla xəbər dərc ediblər.

“Azərbaycanda bir müddətdir internetdə yayılan gizli videolarda, millət vəkili seçimi üçün rüşvət bazarlığında vasitəçilik etdiyi iddia edilən Sevinc Babayeva, şübhəli bir şəkildə İstanbulda həyatını itirdi. Esenyurtta bir evdə qalan Babayeva gecə saatlarında rahatsızlanaraq Esenyurt Dövlət Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olan Azərbaycanlı qadın buradan Beylikdüzü Medicana Xəstəxanasının Reanimasiya Şöbəsinə yerləşdirilib. Babayeva edilən bütün müdaxilələrə baxmayaraq gecə saatlarında həyatını itirib”, – deyə xəbərlərdə bildirilir.

“Milliyet” qəzeti isə bu xəbəri “İstanbulda öldü Azərbaycan qarışdı/Rüşvət skandalı Azərbaycanı qarışdırdı” başlığı ilə verib. Qəzet S.Babayevanın ölümü ilə yanaşı, onun da iştiraqkçısı olduğu mandat alveri olayına AXCP-nin etirazına da yer verib. Bildirib ki, olaya ilk təpki Azərbaycanın müxalifət partiyası olan Xalq Cəbhəsindən gəlib, partiyanın sədri Əli Kərimli seçkilərin hiylə ilə keçirildiyinə əsaslanaraq parlamentin buraxılmasını tələb edib.