Dünən mandat alveri videosunun “qəhrəman”larından biri Sevinc Babayevanın ölüm xəbərinin yayılmasının ardından sosial şəbəkələrdə ilk təpkiləri diqqətlə oxudum. Diqqətimi daha çox bunlar çəkdi:
Bir: ölüm xəbərinə inanmayanların, bunun iz azdırmaq üçün uydurulduğunu düşünənlərin çoxluğu…
Iki: bunun əcəlin işi olmasından daha çox bir qətl olduğuna inananların çoxluq təşkil etməsi…
Üç: əksəriyyətin, əgər bu, gerçəkdən də bir qətldirsə, Ramiz Mehdiyevi daha ağır töhmət altında qoymaq üçün həyata keçirildiyini düşünməsi…
Dörd: çoxluğun ölüm hadisəsini Sevinc Babayevanın Interpol xətti ilə axtarışa verilməsinin üstündən iki gün keçdikdən sonra baş verməsini təsadüfi saymaması…
Beş: “Bəs indi deputatları kim seçəcək?” tipli suallar…
Altı: xeyli adamın Türkiyənin Azərbaycan toplumunda müəmmalara, şübhələrə yol açan ölüm xəbərlərinin adiləşdiyi bir ölkəyə çevrilməsinə diqqət çəkməsi.
***
Isti-isti verilən bütün bu təpkilərdən sonra gəlinəcək ortaq qənaət budur:
– toplum hələ uzun illər Sevinc Babayeva haqqında “ölüb, ölməyib, öldürülüb” versiyaları arasında gedib-gələcəkdir;
– rejim hələ uzun illər toplumu Sevanın öldürülmədiyinə, əcəli ilə öldüyünə inandırmaq məcburiyyətində qalacaqdır;
– Elşad Adullayev videolarında ya özü, ya adı keçən hər kəsin hətta qəzavü-qədərdən başına gələcək hər xoşagəlməz olayda cinayət şübhəsi ön plana çıxacaqdır.
Elşad Adullayev videolarının açar sözləri:
Bir: “Bandotel” iki cürdür. Bir var “qorodskoy”da Hilalınkı, bir də var “Viloş”unku…;
Iki: “boyevoy oğlan”;
Üç: “O qədər deputat olmaq istəyən var, amma seçici bir dənədir”;
Dörd: “cənab qaynana”;
Beş: “Bir dəqiqə, qardaşımsan”;
Altı: “Mən gedib camaatın prezidentdən keçən siyahısını pozdurmuşam”;
Yeddi: “Bu, siyasətdir, burda nala-mıxa vurmaq olmaz”;
Səkkiz: “G.Əhmədova: Sənə dedim ki, bu işi bişir, sonra mənimlə danış? S.Babayeva: Bişirmişdim də. G.Əhmədova: Bişirməmisən, çiydir”.
Doqquz: “Denən ki, 5 qəpik mənə verdilər?”
On: “otvyorka”.
Fikrinizi bilmək istədiyim bir məsələ
Bir marşrut avtobusunda konduktorun…
Bir kafedə ofisiantın…
Bir mağazada satıcının yüngülcə ədəbsizliyinə, kobudluğuna belə, azacıq da olsun dözmürük. Anındaca cavabını artıqlaması ilə verməyi, dünyaya gəldiyinə peşman etməyi, söyməyi, hətta döyməyi böyük mərifət sayırıq. Olsun. Çox gözəl.
Amma gəl gör ki, hətta ondan da ağır ədəbsizliyi, kobudluğu xırdaca bir məmur edəndə həmin təpkimizin mində biri belə olmur. Dərhal süd dağıtmış pişiyə dönürük. Təki işimizi aşırsın deyə, sinəyə çəkirik. “Üç meymun”u oynayırıq. Nə qürurumuza toxunan bir şey qalır, nə ləyaqətimizə.
Oysa bu ölkədə bir konduktorla bir məmurun ədəbsizliyi arasında incə bir cizgi var.
O konduktor, o ofisiant, o satıcı hər nə qədər kobudluq etsə belə, zəhməti ilə, alın təri ilə yaşayan, ruzisini qazanan biridir. Onun kobudluğunu zəhmətkeşliyinə bağışlamaq olar bəlkə də.
Milli məmurlarımızın isə hətta belə bəraəti də yoxdur, nə yolla qazandıqlarını, qəpik-quruş maaş aldıqları halda dəbdəbəli imarətləri, lüks avtomobilləri necə əldə etdiklərini hamımız gözəl bilirik.
Elə isə ən xırda bir məmurun ədəbsizliyinə, kobudluğuna, heyvərəliyinə göstərmədiyin təpkinin yüz qatını, min qatını nə qədər haqlı olsan belə, heç olmasa, əməyi, alın təri ilə yaşayan bir konduktora, bir ofisianta, bir satıcıya göstərmək nə qədər doğrudur, nə qədər böyük mərifətdir?
Yox, yox, hökm vermirəm.
Sadəcə, fikrinizi bilmək istəyirəm.