Elşad Abdullayevin gizli videolarının qəhrəmanlarından biri, özünü Seva kimi təqdim edən Sevinc Babayevanın ölüm xəbəri gəldi. Xəbəri Baş Prokurorluq təsdiqləyib. Çox müəmmalı ölümdür. Çünki Sevinc Babayeva çox ciddi siyasi mahiyyəti olan cinayət işində ən vacib şahid idi. Vacib şahidi xəstəlikdən ölməsi adı ilə aradan götürmək klassik bir üsuldur. Ümumiyyətlə, müəmma yaradan suallar çoxdur. Onun Türkiyəyə getməsinə niyə imkan yaradılmışdı? Xəstəxanada olan adamı niyə bir neçə gün öncə “Interpol”un axtarışına vermişdilər. Ölkədən hara çıxdığı bilinmirdimi?
Halbuki Sevinc Babayevanın aradan götürülməsi haqda iddia və xəbərlər mətbuatda çoxdan dolaşırdı. Azərbaycan hakimiyyətini təmsil edənlərin mafioz mahiyyətini bilənlər istər-istəməz bunu düşünürdülər. Amma mən əminəm ki, bu müəmmalı ölümün də gerçək üzü açılacaq, detalları bilinəcək.
Hələlik onu bilirik ki, Sevinc Babayevə ölübsə, ya öldürülübsə, bütün hallarda gizli və aşkar əməlləri ilə hər cür cinayətin içində olan mövcud siyasi iqtidarın qurbanıdır. Sevinc kimilərini gizli oyunlara cinayətkar idarəçilik cəlb edib. Bu siyasət ölkəmizdə insanın normal və doğru yollarla yaxşı yaşamasının qabağını kəsib, vətəndaşlar uğur və qazanc əldə etmək üçün hər cür qara oyunlara baş vurmalı olurlar. Belə vəziyyət heç kimə törətdiyi, qoşulduğu əməllərə görə haqq qazandırmır, amma bu durum az və çətin seçim qarşısında qalan insanları bataqlıq kimi özünə çəkir. Böyük pullarla, havayı qazancla, üstünlüklərlə və s.
Sevinc Babayeva da özünə bu hədəfdə yer edə bilmişdi. Uğurları, elmi adı, vəzifəsi vardı. Bu hakimiyyətə qulluq edənlərin heç birindən çox bulaşmasa da, o da cinayətkar sistemin içində idi. Nəticə çox talesiz olsa da.
Dünən bu xəbərə olayın xüsusi qəhrəmanı Gülər Əhmədova maraqlı reaksiya verib. O, Elşad Abdullayevə qarğayıb və deyib ki, onları bu işə salan məhz Elşad Abdullayevdir. Bəlli olur ki, adi naşı adam təfəkkürünə də sahib deyil bu keçmiş YAP ulduzu. Bu adam başına gələn bu qədər cəncəldən sonra da nə baş verdiyinin fərqində deyil.
Görəsən, Gülər Əhmədova heç özünə sual edirmi ki, Elşad Abdullayevin qardaşını və özünü kim salıb bu işin içinə?
Bəs dünən həbsxanadan çıxan günahsız siyasi məhbusları kim salıb işə? Vidadi Isgəndərli kimi təmənnasız hüquq müdafiəçisini kim salmışdı işə?
Həbsxananın kölgəsi görünməmiş iflic, infarkt keçirirsiniz. Bəs Əvəz Zeynallını kim şərləyib həbsxanaya saldırıb?
Fərdlər bir yana qalsın, bəs kim bütöv bir ölkəni, xalqı bu işə salıb? Elədiyi əmələ görə acı duruma düşənlər bir yana, haqq etmədikləri zülmlərlə üz-üzə qalanları kim salıb bu zillətin içinə? Bizim hamımızı kim salıb bu işə?
Avropada da demokratiya yoxdur! Bu şüar Gülər Əhmədovanın sevimli tezisi idi. Biz isə deyirdik ki, hamımız Avropadakı kimi rahat, cəncəlsiz, cinayətsiz, çirkabsız yaşa bilərik. Biz Gülər Əhmədovaya da, Sevinc Babayeva da o cür normal və xoşbəxt həyat arzulayırdıq əslində. Nə etməli, indi hərəmiz bir cür zillət çəkirik bu işdən. Amma hamımız eyni səbəbdən düşmüşük bu zillətin içinə.
Buyurub oxuyun bu xəbəri, hakimiyyətin şanlı KIV-ləri yayıb. BDU-nun sabiq rektoru, cinayət hüququ kafedrasının müdiri Firudin Səməndərov və universitetin digər əməkdaşı Rafiq Əhmədov Irandan müalicədən qayıdarkən ağır yol qəzasına düşüblər. R.Əhmədov dünyasını dəyişib, F.Səməndərov isə ağır vəziyyətdə Azərbaycana gətirilib, Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. Çox təəssüflər olsun.
Gördünüzmü, bu ölkədəki qeyri-adi inkişafı tərifləyən, Avropanı xəfif və haqlı tənqidinə görə ittiham edən tanınmış alimlər Avropa səhiyyəsinin keçmiş kölgəsi olan Iran səhiyyəsinə üz tuturlar. Hanı onların tibbdəki alim həmkarları? Niyə Irana gedirlər? Niyə biz Irana möhtac qaldıq? Kim saldı bizi bu işin içinə?

Sevinc Babayevanı bu işə kim saldı?
•