sevinc babayeva

Sevinc Babayeva müəmmalı şəkildə öldü

sevinc babayeva«Mandat alveri»ndə vasitəçi olan qadın öz əcəlilə ölüb, yoxsa qətlə yetirilib?

ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı məlum videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayeva vəfat edib. Bu barədə “Azadlıq”a etibar etdiyi mənbədən deyilib. Mənbə əməkdaşımızla əlaqə saxlayaraq Sevinc Babayevanın Türkiyədə dünyasını dəyişdiyi haqda xəbər aldığını bildirib və bunu dəqiqləşdirməmizi məsləhət bilib.

Sevinc Babayevanın oğlu prokurorluğa niyə zəng vurub?

Məlumatı dəqiqləşdirmək üçün əməkdaşımız Sevinc Babayevanın yaxınlarından hər hansı birinin əlaqə ünvanını axtararaq, onun oğlunun olduğu deyilən mobil telefon nömrəsi əldə edib. Həmin nömrəyə edilən zəngə cavab verən şəxs Sevinc Babayevanın oğlu olduğunu təsdiqləyib. Məlumatla bağlı əməkdaşımızın sualına isə həmin şəxs “Bəli, doğrudur, anam bu gün (dünən-red) vəfat edib” deyə cavab verib.
O, özünü təqdim etməyib və təfərrüatı öyrənmək üçün verilən əlavə sualı cavablandırmadan, əsəbi və kobud şəkildə reaksiya ilə telefonu qapadıb.
Məlumatla əlaqədar əməkdaşımız Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovla da danışıb. Eldar Sultanov başqa KIV-dən də bu barədə suallar aldığını deyib. “Sevinc Babayevanın gah Türkiyədə zəhərləndiyi, gah da başqa səbəbdən öldüyü haqda suallar almışam. Hazırda dəqiqləşdirmə aparırıq. Hər hansı dəqiqləşmiş məlumat olsa KIV-ə bildirəcəyik”, – deyə o, bildirib.
Eldar Sultanov əməkdaşımızın təkrar müraciəti zamanı isə bildirib ki, Məmmədov Ayxan Eldar oğlu dekabrın 27-də saat 16:00-da Bakı şəhər prokurorluğuna zəng edərək, anası Sevinc Babayevanın Türkiyənin Istanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat etdiyini bildirib. O, əlavə edib ki, dəqiqləşdirmələr aparıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
Bundan sonra “Azadlıq”a başqa məlumat daxil olub. Həmin məlumata görə, Sevinc Babayevanın vəfatı xəbərindən sonra Bakı şəhər prokurorluğu onun oğlu Ayxan Məmmədova ölkədən çıxmağı yasaq edib. Məlumatda bildirilir ki, Ayxan Məmmədov prokurorluğa zəng etməyib. O, birbaşa quruma gedərək anasının Istanbulda vəfat etdiyini bildirib və meyiti gətirmək üçün ölkədən çıxmağa icazə istəyib, amma ona icazə verilməyib. Mənbənin sözlərinə görə, prokurorluqda Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun ölkədən çıxmaq üçün “oyun qura biləcəyindən” ehtiyatlanırlar.
Azərbaycanın Istanbuldakı Baş Konsulu Həsən Zeynalov “BBC Azərbaycanca”ya Sevinc Babayevanın bu şəhərdə ölməsi haqda məlumatı olmadığını deyib: “Istanbulda Azərbaycan vətəndaşının vəfat etməsi ilə bağlı bizə heç bir məlumat daxil olmayıb”.
Onun sözlərinə görə, cənazənin Azərbaycana aparılması üçün mütləq konsulluqda sənədləşirmə işləri aparılmalıdır. Bunsuz cənazənin ölkədən çıxarılması mümkün olmaz.

Vəkillər Sevinc Babayevanın ölümü haqqında nə düşünür?  

Elşad Abdullayevin vəkili Adil Ismayılov Sevinc Babayevanın ölüm xəbərilə bağlı “Azadlıq”a bildirib ki, məsələ ilə bağlı indidən hər hansı fikir bildirmək istəmir: “Əgər Sevinc Babayeva ölübsə, buna Türkiyənin hüquq mühafizə orqanları  qiymət verəcək. Işin necə araşdırılmasını isə istintaqçılar müəyyən edəcək. Hadisələri qabaqlayıb hər hansı fikir bildirmək istəmirəm”.
Tanınmış vəkil Aslan Ismayılov isə “Azadlıq”a bildirib ki, Sevinc Babayevanın ölüm xəbəri doğrudursa, bu, Elşad Abdullayevdən deputat mandatı üçün rüşvət alınması faktı üzrə başlanan cinayət işinin istintaqını xeyli çətinləşdirəcək.
Aslan Ismayılovun sözlərinə görə, Sevinc Babayeva bu iş üzrə ən çox məlumata malik və hadisəni təfərrüatı ilə danışa biləcək şəxsdir: “Yayılan videolardan da bu aydın görünürdü. Ona görə də onun öldüyü doğrudursa, istintaqın işi ciddi şəkildə çətinləşəcək. Onun ölümü ilə bağlı yayılan xəbərə gəlincə isə indi hər hansı fikir bildirmək çətindir. Çünki onun oğlunun prokurorluğa anasının Türkiyədə ölməsi xəbərini verməsindən başqa bir məlumat yoxdur. Bunu ətraflı öyrənmədən nəsə demək doğru olmaz. Baş Prokurorluğun açıqlamasında deyilir ki, oğlu Sevinc Babayevanın Istanbuldakı xəstəxanalardan birində ürək xəstəliyindən dünyasını dəyişdiyini söyləyib. Onun hansı xəstəxanada müalicə olunduğu, həqiqətən də orada olub-olmadığı, hansı şikayətlə xəstəxanaya müraciət etdiyi, Azərbaycanda olarkən hər hansı xəstəliyinin olub-olmadığı, olubsa, harada müalicə aldığı araşdırılmalıdır. Sevinc Babayevanın öz əcəli ilə keçindiyi, yoxsa öldürüldüyü də suallardan biridir. Indi bunu qəti demək mümkünsüzdür”.

Gülər Əhmədova Sevinc Babayevanın ölümündən danışdı

Keçmiş deputat Gülər Əhmədova rəfiqəsinin ölüm xəbərini pis qarşıladığını deyib. O, Teleqraf.com-a açıqlamasında əlavə edib ki, bu haqda onda heç bir məlumat yoxdur və yaxşı olar ki, məsələ ilə bağlı prokurorluqla əlaqə saxlanılsın. “Özünüzə qarşı təhlükə hiss edirsinizmi” sualına gəldikdə Gülər Əhmədova deyib ki, həyatdadır, yaşayır və vaxtı gələndə hamı kimi o da öləcək.
Sabiq deputat həmçinin qeyd edib ki, hazırda səhhətində problemlər var.

Ölüm xəbəri oyundur, yoxsa…  

Interpol xətti ilə axtarışa veriləndən bir neçə gün sonra Sevinc Babayevanın ölüm xəbərinin yayılması bir sıra mülahizələrə səbəb olub. Bəzi ehtimallara görə, onun ölüm xəbəri oyun ola bilər. Yəni, hakimiyyətdə təmsil olunan iri çəkili məmurların qara işlərində rol alan bu qadın kifayət qədər məlumatlı olduğundan bu yolla aradan çıxarıla bilər. Lakin bu bü mülahizə ağlabatan deyil. Çünki bu xəbəri ictimai rəyə sırımaq o qədər də asan deyil. Sevinc Babayevanın cənazəsinin ölkə gətirilməsi, meyitin müayinə olunması, basdırılması, yas mərasiminin təşkil olunması və informasiya sızmaması üçün bütün bunlara yaxınlarının hazırlanması ilə bağlı böyük bir şou qurulmalıdır ki, bu sadəcə mümkün deyil. Çünki hakimiyyət çox qısa müddətdə özünü ifşa edə bilər. Digər tərəfdən inandırıcı deyil ki, Sevinc Babayevanı aradan çıxarmaq məqsədilə belə bir xəbər yayaraq onun öldürülməsi barədə şübhələrə rəvac verilsin. Artıq belə şübhələr var və nəzərlər hakimiyyətə dikilib. Fikrimizcə, hakimiyyət bir problemi həll etmək üçün özünə  daha ciddi problem yaratmaq istəməz. Bütün bunlara görə   Sevinc Babayevanın ölüm xəbərinin yalan olmadığını düşünmək olar.   
Belə bir ehtimal da var ki, Sevinc Babayevanın ölüm xəbərini yaymaqla ictimai rəy yoxlanıla bilər. Əgər məsələ mürəkkəbləşərsə xəbər təkzib edilər və məsuliyyət Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun üzərinə qoyular. Təxminən bu şəkildə: Sevinc Babayevanın oğlu ölkədən çıxmaq üçün anasının ölümü barədə prokurorluğa yalan məlumat verib. Amma o zaman da ortaya sual çıxacaq ki, Sevinc Babayevanın oğlunun ölkədən çıxması niyə qadağan edilib? Məgər mandat alverində vasitəçilik edən Ayxan Məmmədov olub?

Sevinc Babayeva öldürülüb?

Sevinc Babayevanın öldürülməsi barədə də mülahizələr var. “Azadlıq” hələ bir həftə əvvəl özəl mənbələrə istinadən məlumat yaymışdı ki, hətta Sevinc Babayevanın ailəsi belə onun yerini bilmir və taleyindən narahatdır. Həmin məlumatda əlavə olunurdu ki, bəzi iddialara görə Sevinc Babayeva öldürülüb. Ictimaiyyət bu qadını Elşad Abdullayevin videolarından tanısa da, Sevinc Babayeva “vəzifə dəllalı” kimi yuxarı dairələrdə kifayət qədər tanınmış fiqur olub.  Onun “ağzını açdırmaq” daha sensasion olayların ictimailəşməsinə səbəb ola bilərdi. Bu baxımdan Sevinc Babayevanın aradan götürülməsi düşünülə bilər.
Hətta onun hospitalda ürək xəstəliyindən ölməsi təsdiqlənsə belə, bu versiya aktuallığını itirmir. Çünki Sevinc Babayevanın ölümü xüsusi üsullarla da reallaşdırıla bilər. Xüsusi maddələrlə onun səhhətində ciddi problem yaradılması və müəyyən müddətdən sonra həyatına son qoyulması mümkündür. Belə hallar az baş verməyib. Bir sıra müəmmalı ölümlər var ki, bir müddətdən sonra əslində bunun qətl olduğu müəyyənləşib. Bu baxımdan Sevinc Babayevanın ölümü də ciddi şəkildə araşdırılmalıdır.
Sevinc Babayevanın konkret hansı hospitalda öldüyü də hələ ki, açıqlanmır. Bu da müəyyən şübhələrə əsas verir. Sevinc Babayeva həqiqətən də ürək xəstəliyindən hospitalda ölübsə, ortaya yenə suallar çıxır: Niyə hüquq-mühafizə orqanları hospitalda müalicə olunan bir şəxsi tapa bilməyib? Sevinc Babayevanın elə öldüyü gün hospitala müraciət etməsi   inandırıcı görünmür. Bu qədər təsadüf olması ağlabatan deyil.

Sevinc Babayevanın ölümü kimlərə lazım ola bilər?

Rüşvət videosundan sonra hakimiyyət daxili qruplaşmalar arasında ziddiyyətlərin açıq müstəviyə keçdiyi bəllidir. Xüsusilə Ramiz Mehdiyev əleyhdarları administrasiya rəhbərini devirmək üçün Elşad Abdullayevin videolarını göydəndüşmə fürsət sayır. Sevinc Babayeva Gülər Əhmədovanın rəfiqəsi olaraq Ramiz Mehdiyevin komandasının üzvü hesab olunur. Videolardan göründüyü kimi o, hətta “mandat alveri” üçün verilən məbləği birbaşa PA rəhbərinə təqdim etmək və onun otağında pul saymaq qədər etibarlı şəxsdir. Bu baxımdan ictimai rəy həm Gülər Əhmədova, həm də Sevinc Babayevanın taleyilə bağlı onların əsas himayədarını sorunlu bilir. Yəni, bu şəxslərlə baş verən (biri ilə bağlı artıq baş verdiyi iddia edilir) hadisəyə görə gözlər PA-ya dikilir. Sevinc Babayevanın ölümü ilə bağlı da belə düşüncələrin olacağı şübhəsizdir. Lakin o qənaət də var ki, məsələni dramatikləşdirmək üçün rəqib qruplaşmalar da hansısa addımlar ata bilər. Ona görə də Sevinc Babayevanın ölümünün kimə lazım olması ilə bağlı qəti fikir söyləmək bir qədər çətindir.

Analitik İnformasiya şöbəsi