Çox zaman yaşadığımız hər ili ömrümüzün ən ağır ili kimi yola salırıq. Bunun bəlli səbəbləri var, şübhəsiz. Ya arzularımız böyüyür, ya imkanlarımız azalır. Ya itkilərimizin çəkisi artır, ya qazancımızın dəyəri enir. Ya bir qəzavü-qədərdən, ya bir dərddən, ya bir uğursuzluqdan, ya bir fəlakətdən… Yoxsa insan ömrünə yazılmış sayılı illərin üstündən atılacaq ağırlıq kimi tez uçub getməsini niyə arzulasın ki?.. Amma dünyanın ən gözəl “arzu şeiri”ni yazmış ideya adamı Martin Lüter Kinq deyirdi ki, “dünyada olan hər şey ümidlə yaradılmışdır”. Həqiqətən, hansımız köhnə ili qapıdan yola saldığımız zaman pəncərəmizi üzümüzə daha gözəl bir ilin gəlməsi ümidi ilə açmırıq sabaha…
Durub sona çatmaqda olan ilin mənim üçün də çox ağır il olduğunu desəm, bəxtimdən şikayətlənmiş olacam. Guya çevrəmdəki insanlar çox xoşbəxtdir? Bir gerçəyi çoxdan dərk etmişəm ki, yaşadığımız ölkədəki mühit şərtləri insanların bundan artıq xoşbəxt olmasına imkan verə bilməz. Axı bu qədər “çevrə kirliliyi” əhatəsində yaşayan insanı hansı dəyər məmnun edə bilər ki? Çəkmək istədiyin rəsmə, yazmaq istədiyin şeirə, bəstələmək istədiyin musiqiyə ruh verə bilməyən mühitdə hansı xoşbəxtlikdən danışasan?
Lüter Kinq onu da deyirdi ki, “əgər sizdən küçələri süpürməyiniz istənirsə, bunu Mikelancelunun rəsm çəkdiyi, Bethovenin musiqi bəstələdiyi, Şekspirin şeir yazdığı kimi edin. O qədər gözəl edin ki, göydəki və yerdəki hər kəs durub ”burada dünyanın ən yaxşı çöpçüsü yaşayırmış” desin.
Amma şeirin, rəsmin, musiqinin ruhu öldürüldüyü yerdə çöpçünün işi belə çox zor. Çünki indi bu ölkədə bir bəstəkarın, bir şairin, bir rəssamın çöpçü qədər də dəyəri qalmayıb. Bəzən hətta zalım ehtiyacın özü belə yaradıcı insanları o çöplüyə aparıb çıxarır…
Çöplük demişkən… Hər səhər erkən oyanıb havanı yoxlamaq üçün pəncərəyə yaxınlaşdığımda, həyətdəki çöplükdə bir adamın fənərlə “axtarış” apardığını görürəm. Bu adam adi halda çöplüyə gəlib qida axtaran bomjlara bənzəmir. Həm də hər gün alaqaranlıqda gəlir ki, kimsə görməsin… Xoşbəxtliyin sərhədinin harada bitdiyini kim bilir? Axı bir qarın çörək üçün qaranlıqda çöplükləri dolaşan o adamdan yüz dəfə şanslı olduğum halda, yeni ildə özümə nə arzulayım? Qoy yeni il ehtiyac üzündən xəcalət içində qaranlığa qapılan insanları aydınlığa çıxaran il olsun! Qoy yeni il zəngin ölkənin səfil sakinləri kimi həyatın dibinə düşüb çapalayanları ümidlə ayağa qaldıran il olsun! Qoy yeni il haqqı yeyilib, özü insan yerinə qoyulmayan acların toxlardan hesab sorduğu il olsun! Qoy yeni il bizim rəsmlərimiz, şeirlərimiz, bəstələrimiz üçün gözəl tablolar yaradan il olsun!
Martin Lüter Kinq onu da deyirdi ki… “Bizlər ədalət sular kimi çağlamadıqca və haqlar gur bir çay kimi coşmadıqca, qətiyyən rahat olmayacağıq və ola bilmərik… Bir çoxunuzun buraya böyük bir çalxantı və zorluqların içindən sıyrılaraq gəldiyinizi anlamamış deyiləm. Kiminiz darısqal zindanlardan hələlik qurtulmuş olaraq buradasınız. Kiminiz də azadlıq eşqiniz zülm rüzgarlarıyla kölgələndiyi və polis işgəncəsiylə təpələndiyi yerlərdən gəlirsiniz. Sizlər iztirabın hər çeşidini dadmış qəhrəmanlarsınız! Acı çəkmədən qazanılan uğurların gəlib keçici olduğu inancıyla yolunuza davam edin…”.
Qoy yeni il bu gözəl ölkəni köhnəlik, ətalət, əzab və bədbəxtlik içində batıran zalımlardan qurtuluş ili olsun! Qoy yeni il xoşbəxtlik ili olsun!

Gözəl tablolar yaradan bir il arzusuyla…
•