Üstün güclərin əlilə tarix boyu çox ölkələr, çox uluslar yenilib. Ən qorxulu yenilmə ölkənin, ulusun içindən yenilməsidir. Dışdan doğan yenilmə tez bilinir, tez də özünə qarşı dirəniş doğurur, bu dirəniş tezliklə geniş yayılıb ölkəni bütünlüklə bürüyür. Içdən yaranan yenilməni hamı çağında, gərəyincə anlamır, anlaya bilmir, buna görə də yenilmə faktoruna dirəniş yükü uzun sürə az bir adamın – anlayan azlığın üzərinə düşür. Beləliklə, anlayan azlığın ölkə, ulus uğrunda uzun, üzüntülü, itkilərlə dolu çarpışması başlayır. Ölkədəkilərin çoxu ölkədə nə baş verdiyini bilib-anlamadığından yağı qulluqçusuna çevrilir. Bir çox içindən satılmışlarsa nə baş verdiyini bilib-anlasa da, yaxşı yaşayış, harın dolanışıq üçün yağı yardımçısı olur. 1993-cü ildən biz belə bir sürəc içindəyik.
Dünya Bankının ekspertləri Azərbaycanın on illik QIZIL DÖNƏMININ arxada qaldığını bildirdilər. Bu, ölkə üçün, ulus üçün bütünlüklə itirilmiş bir dönəmdir. Bu dönəmdə ən azı ölkədə aqrar sektoru gəlişdirmək olardı – olmadı. Bu dönəmdə ölkədə yeni, qabaqcıl dünya standartlarına uyğun qayırma-düzəltmə sənayesi yaratmaq olardı – olmadı. Bu dönəmdə ölkənin bu başından o başına Avropa standartlarına uyğun dəmir yolları çəkmək olardı – olmadı. Belə olsaydı, ölkənin bu başından o başına indiki kimi iki sutkaya yox, iki saata getmək olardı. Bu QIZIL DÖNƏMDƏ Azərbaycanı hər baxımdan dünyanın qabaqcıl ölkələrindən birinə çevirmək olardı. Ancaq… Əliyevlər rejimi Azərbaycanı Mozambikə tay etdi, dünyanın ən gerilikçi, ən korrupsioner, ən kriminal ölkələrindən birinə çevirdi. Biz ölkəmizi, ulusumuzu yenməyə girişmiş IŞĞALÇI Əliyevlər rejimi ilə illərlə çarpışma apardıq, ölkədəki yenmə-yenilmə faktlarından yazdıq, danışdıq, ancaq gərəkən effekt alınmadı – baş verənləri göstərə bilmədiyimizə görə. Göstərmək – bu, uğurun ən azı yarısıdır. KQB generalı göstərmənin nə demək olduğunu gözəl bildiyindən ölkədəki başlıca göstərmə olanağını – televiziyaları bütünlüklə əlimizdən aldı, televiziyaları bütünlüklə GERÇƏK müxalifətçilərin üzünə bağladı. Hamısının pultu Prezident Administrasiyasına bağlı televiziyaların başında yağı qulluqçuları oturduldu. Bütün televiziyalar yağı qulluqçusuna çevrildi, bizim səsimiz illərlə eşidilməz, duyulmaz oldu…
Son çağlar özünün GÖSTƏRMƏ gücü ilə ortaya Elşad Abdullayev çıxıb. E.Abdullayev yenici-yıxıcı-dağıdıcı Əliyevlər gerçəyini göstərə-göstərə gedir. Başlanğıcda qaraşıqırıqla atdanıb-düşən rejim yetkililərinə indi bir iş qalır: səslərini də, quyruqlarını da qısıb susmaq. Rejim yetkililəri bir yana, başlanğıcda Gülər də, Sevinc də qışqır-bağır salıb E.Abdullayevin onlara böhtan atdığını, yalan danışdığını bildirirdilər. Sevinc lap uzağa gedərək özünün yazıq, kimsəsiz biri olduğunu, E.Abdullayevlə tanışlığı olmadığını deyirdi. Indi ortada onların yaxın tanışlığı ilə bağlı GÖZƏL görüntülər var. Son günlər başqa bir qadın – fiqurant danışmağa başlayıb – Rövşanə Əliyeva. Bu qadın da saytlara, qəzetlərə, demək olar, Gülər, Sevinc kimi danışır, ancaq videoda başqa cür görünür. O, haçaqsa “mitinqlər təşkil etdiyindən”, danışır, özünü “millətçi” adlandırır. Sonra da görün Elşadı nədə suçlayır: “O, yaydığı videolarda öz danışığını kəsir, qarşı tərəfi yayımlayır. Ona görə də söhbət tam anlaşılmır”. Anlaşılır, çox gözəl anlaşılır: yaxın keçmişdə “cəbhəçi, millətçi, vətənçi” olan bir çoxlarının sonradan əliyevçi KQB rejiminin vintlərinə, vintciklərinə çevrildikləri lap yaxşıca anlaşılır. Kəlbəcərdə üç briqadanı – minlərlə döyüşçünü – qırğına vermiş keçmiş baş prokuror Əli Ömərov Isa Sadıqovun, baş nazirin yanında 19 ilin təhsil kuratoru, xalqsız xalq yazıçısı Elçin Əfəndiyev E.Abdullayevin yalanını çıxarmağa çalışır. Burasını unudurlar: faktlar yaman tərs şeydir…

İçindən yenilən Azərbaycan
•