«Ümidvaram ki, Abbas Abbasov onları başa salıb»
Rusiya Azərbaycan Təşkilatları Ittifaqı (RATI) sədri Abbas Abbasov xeyli gözləntilərdən sonra nəhayət, Ilham Əliyevlə görüşüb. Görüş barədə ANS-ə açıqlama verən A.Abbasov Ilham Əliyevlə Rusiyadakı azərbaycanlıları özündə birləşdirən təşkilatların gələcək fəaliyyəti ətrafında fikir mübadiləsi apardığını deyib. Onun sözlərinə görə, bu təşkilatların fəaliyyəti də Azərbaycan naminə, Azərbaycan-Rusiya əməkdaşlığı naminə, azərbaycanlılar naminə xidmət edəcək.
Qeyd edək ki, “Milyarderlər Ittifaqı” kimi tanınan bu təşkilatın yaranması Azərbaycanın hakim dairələrində ciddi narahatlıq yaratdı və quruma qarşı hücum kampaniyasına strat verildi. YAP rəhbərliyindən təmsil olunan şəxslər bu təşkilatın Azərbaycanda ciddi qəbul edilmədiyini deyərək orada təmsil olunanların ünvanına nalayiq ifadələr belə işlətməkdən çəkinmirdilər.
Abbas Abbasovun Ilham Əliyevlə görüşündən sonra RATI-ya münasibət necə olacaq və bu görüş təşkilatın fəaliyyətinə nə kimi təsir göstərəcək?
RATI-də təmsil olunan tanınmış kinorejissor Rüstəm Ibrahimbəyov Abbas Abbasovla prezidentin görüşünün nəticələrindən hələ ki, məlumatsız olduğunu və yaxın günlərdə onunla görüşəcəyini bildirdi. Lakin o, RATI sədri ilə Əliyevin görüşünün təşkilatın işinə xələl gətirməyəcəyini, əksinə, xeyir verəcəyini deyir. Çünki RATI artıq qeydiyyatdan keçib, formalaşıb, proqramını müəyyən edib.
R.Ibrahimbəyov bu görüşdən sonra bir çox məsələlərə, o cümlədən təşkilatın ünvanına deyilən uydurma fikirlərə də aydınlıq gətiriləcəyinə ümid edir: “Bu təşkilat ancaq Rusiyada yaşayan azərbaycanlılarla, onların həyatı, işləri, taleyi ilə bağlıdır. Azərbaycanla heç bir əlaqəsi yoxdur. Burda belə qarşılanmasına təəccüblənirəm. Ümidvaram ki, Abbas Abbasov onları başa salıb”.
«Artıq başqa davranış taktikası nümayiş olunur»
Politoloq Zəfər Quliyev isə prezidentin Abbas Abbasovla görüşünün bir çox suallar yaratdığını deyir. Çünki bir ara bu ittifaqa qarşı çox sərt təbliğat getdi. Digər tərəfdən, təşkilat yaranandan Abbas Abbasovun Əliyevlə görüşmək istəməsi ilə bağlı xəbərlərlə yayılsa da, görüş baş tutmadı. Elə təsəvvür yaranırdı ki, prezident həmin görüşdən imtina edib və çox sərt mövqe tutub. Lakin bu görüş göstərir ki, hakimiyyətin özündə bu məsələ ilə bağlı yekdil mövqe yoxdur. Güman etmək olar ki, RATI-yə qarşı sərt təbliğatı aparan qüvvə başqadır, onlarla təmas qurmaq istəyən qüvvələr başqa.
Ekspertin sözlərinə görə, prezidentin bu cür addım atması onu göstərir ki, ölkə başçısı bu məsələdə fərqli mövqe nümayiş etdirir: “Nəzərə almaq lazımdır ki, bu ittifaqda təmsil olunanlar arasında prezidentə, hətta ailəyə yaxın olan, eyni zamanda iqtidara sadiq insanlar var. Ona görə bu ittifaqa qarşı nümayiş olunan sərt mövqe təəccüb doğururdu. Ona görə də belə versiyalar yaranırdı ki, iqtidar çox narahatdır, bu ittifaqın arxasında Putinin planlarını görür. Ola bilsin belə bir narahatlıq var. Lakin prezidentin Abbas Abbasovla görüşü onu göstərir ki, artıq başqa davranış taktikası nümayiş olunur. Yəni hakimiyyət bu ittifaqla körpü yaratmaq, onun yarada biləcəyi təhlükələri azaltmaq və ümumiyyətlə, bu məsələni daim nəzarətdə saxlamaq istəyir”.
Ekspertin fikrincə, RATI-də də Azərbaycan iqtidarı ilə hansı davranış modelini qurmaqla bağlı yekdil mövqe yoxdur. Təşkilatda iqtidara qarşı müxalif mövqedə olanlar var. Onlar hakimiyyətlə heç bir ciddi təmas qurmaq istəmirlər. Ona görə də təşkilatın özündə də Abbas Abbasovla Ilham Əliyevin görüşünə münasibət fərqli ola bilər: “Güman etmirəm ki, ittifaqın bütün üzvləri bu cür təmasları dəstəkləyəcək və belə təmasların davam etməsində maraqlı olacaqlar. Hər halda izləmək lazımdı. Ola bilsin yaxın zamanda ittifaqda təmsil olunan insanlar çıxışları, addımları ilə Azərbaycan iqtidarına qarşı hansı taktikadan istifadəyə üstünlük verdiklərini göstərəcklər. Eyni zamanda iqtidarın sonrakı addımlarında təxminən biləcəyik ki, ittifaqa qarşı sərt təbliğat davam edəcək, yoxsa səngiyəcək. Davam edəcəksə, deməli, artıq iqtidarda bu məsələdə doğrudan da tamamilə fərqli mövqelər var. Güman etmək olar ki, bu, Ramiz Mehdiyev və ona yaxın olan adamlardı. Ancaq hələlik bu görüşlə bağlı konkret versiyanın üstündə durmaq çətindir. Lakin yaxın zamanda hər şey bəlli olacaq”.
Fizzə