Təzəlikcə Masallı rayon ziyalıları yenə Bakıda mətbuat konfransı keçiriblər, bu dəfə də indiki icra başçısı Rafil Hüseynovun qanunsuz əməllərindən danışıblar.
“Bu dəfə də” deyirəm, çünki Masallı ziyalıları bundan əvvəl də Qəzənfər Ağayev adlı icra başçısının əlindən yanıqlı idilər, həftə səkkiz, mən doqquz onun qanunsuzluqları, özbaşınalıqları ilə bağlı mətbuat konfransları keçirirdilər. Hətta aclıq aksiyası keçirdiklərini də xatırlayıram.
Qəzənfər Ağayevi yenisi ilə əvəzlədilər, amma dərd həmin dərddir.
Masallı ziyalıları indi də onun varisinin əlindən fəryad edirlər.
Bəli, onların bu təpkisi, etirazı alqışa layiqdir, amma unudulmamalıdır ki, balıq başından iylənir. Icra başçıları ilə qovğadan hansısa müsbət nəticə gözləməyə dəyməz. Yeri gəlsə, onlar heç kimdirlər, dəvədən böyük fil var.
Bəs mən bu mövzuya niyə qələm bulamaq ehtiyacı hiss etdim?
Çox sadə səbəbdən:
Bir icra başçısının əlindən imdad edirsiniz. Asırsınız, kəsirsiniz. Sonucda o icra başçısını yeniləyirlər. Siz sevinirsiniz, toy-bayram edirsiniz, ümidlənirsiniz, nələrinsə yaxşılığa doğru dəyişəcəyini gözləyirsiniz.
Sonra nə baş verir?
Gələn gedənə rəhmət oxutdurur.
Köhnə yeninin yanında toya getməli olur.
Təəccüblüdürmü? Əsla. Qətiyyən.
Masallı nümunəsi təsdiqləyir ki, ölkədəki bu çirkin, oğru, özbaşına sistem dəyişməyincə vəzifədə kimin olmasının heç bir anlamı, mənası qalmır.
Bir zülmkar gedir, yerinə başqa zülmkar gəlir.
Bir pis gedir, yerinə başqa və daha pis biri gəlir.
Demək ki, nə imiş?
Ay Misir gedəcək, yerinə başqası gələcək və təhsil düzələcək…
Ay Oqtay gedəcək, yerinə Osman gələcək və səhiyyə sağalacaq…
Ay Məzahir gedəcək, yerinə Məlikməmməd gələcək və seçkilər demokratik olacaq…
Ay Ramiz gedəcək, yerinə Xamis gələcək və ölkə güllük-gülüstanlıq olacaq deyə düşünmək sadəlöhvlüyün də, nadanlığın da pik nöqtəsidir.
Demək ki, ölkədə nələrinsə yaxşıya doğru dəyişməsi üçün ancaq və ancaq sistem dəyişməlidir, sistem!
Rejim öz rədd olub getməlidir, rejim özü!
Nədir bu isterikanın adı?
Prezident Administrasiyasındakı Əli Həsənov adlı zati-möhtərəmin dünən vicdanlı gəncləri “tərbiyələndirmək” üçün büdcədən bəslədikləri, kölə xislətli cayılları təlimatlandırdığı haqda oxudum.
Təəccüblənmədim. Azərbaycanda azad, mübariz gənclərin sırası günbəgün genişlənir, yaptokratiya gənclərlə bağlı layihələrə bu qədər maya qoyur, bu qədər pul-para, bahalı ofislər ayırır, yeni nəsli girovuna çevirmək üçün bu qədər tər tökür, amma gəl gör ki, ölkədə adından bəhs etdirən…
Prosesləri yönləndirən…
Sıraları hər gün daha da böyüyən müxalif ruhlu gənclər təşkilatlarıdır.
“Irəli”nin timsalında rejimin Azərbaycan gəncliyini mütiyə, qula çevirməyə hesablanmış proyektlərinin iflasa məhkum olduğu isbatlanmışdır.
Bu səbəbdən Əli Həsənovun əndişəsini, narahatlığını başa düşmək çətin deyil.
Mənə ən komik gələn isə Həsənovun öz çıxışında fləş-moblar haqqında da həyəcanla, qəzəblə danışması, onları “iyrənc” kimi qələmə verməsidir. Piketdən qorxurlar – anladıq. Mitinqdən qorxurlar – başa düşdük.
Fləş-moblardan bu qədər əndişələnmək nə üçün?
Üstəlik, fləş-mob keçirmək sarıdan ən çox ixtisaslaşan elə boynu rejimin qoltuğunda olan “gənclər təşkilatları”dırsa, Prezident Administrasiyası buyruqçusunun bu qədər öfkələnməsinə səbəb nədir?
Yəni qaçılmaz sonun qorxusu beləmi sarsıb bunları?
Yəni bu qədərmi başlarını itiriblər?
Yəni fləş-moblarla belə devrilə biləcəklərini düşünəcək qədərmi isterikadadırlar?
Yoxsa başqa nə üçündür bu həyəcan, bu öfkə, bu narahatlıq?
Ənənəvi Yeni il zəhlətökənlikləri:
Bir: Sağa-sola paylanan “Ilin adamı” mükafatları;
Iki: Içindən mütləq “səs-küylü qətllər baş verəcək”, “tanınmış sənətçilərdən biri öləcək”, “təbii fəlakətlər nəticəsində bir neçə şəhər yer üzündən silinəcək” kimi cümlələr keçən Firudin Qurbansoy müsahibələri;
Üç: Yeni ilin son günü “Bir il sonra görüşərik” janrında sağollaşmalar;
Dörd: Yeni ilin ilk günü “Axırıncı dəfə bir il əvvəl içmişəm” janrında zarafatlaşmalar;
Beş: “Xristianların Yeni ilindən bizə nə? Bizim yeni ilimiz Novruzdur” söhbətləri…
Masallı nümunəsi bizə nəyi sübut etdi?
•
•