«Fövqəlnazir» Rövnəq Abdullayevlə Ziya Məmmədovu necə pis vəziyyətdə qoymaq istəyir?
Gürcüstan baş naziri Bidzina Ivanaşvilinin Bakıya səfəri ərəfəsində təhqir olunması müəyyən mülahizələrə səbəb olub. Söhbət iqtidaryönlü deputat Qüdrət Həsənquliyevin Ivanişvili barədə söylədiklərindən gedir. Xatırladaq ki, deputat modern.az-a müsahibəsində baş nazir barədə sərt ifadələr işlədib: “Ivanişvili seçki kampaniyasına xeyli vəsait xərcləyib. Görünür dövlət işinə də, siyasi fəaliyyətə də bir biznes əməliyyatı kimi baxır və fikirləşir ki, xərclədiyi pulları Gürcüstandan çıxarmaq çətin olacaq.
Buna görə də xərclədiyi pulları Azərbaycan almaq istədiyi payla kompensasiya etmək fikrinə düşüb. Amma onun yerinə otuzdurulması üçün hansısa nazirliyin mətbuat katibi, yaxud hansısa şirkət rəhbəri səviyyəsində yox, daha yüksək səviyyədə, xarici işlər naziri səviyyəsində, ondan daha yüksək səviyyədə bu insanın ağzının üstündən tərs şillə vurmağın zamanı gəlib çatıb. Psixi problemləri olan xəstələrə, xüsusilə də isteriya vəziyyətinə düşən şəxslərə bəzən qulağının dibinə bir sillə vururlar ki, özünə gəlsin. Düşünürəm ki, Ivanişvinili də özünə gətirməyin vaxtıdır. Əks təqdirdə bizim yürütdüyümüz ehtiyatlı siyasət Ivanişvilininin indikindən daha səfeh iddialarla çıxış etməsinə zəmin yarada bilər”.
Ivanişvili Bakıya səfərindən əvvəl qazın və benzinin qiymətlərinin aşağı salınacağı barədə bəyanatı ilə ARDNŞ prezidenti Rövnəq Abdullayevin maraqlarına toxunmuşdu. Məlumat üçün deyək ki, Gürcüstanda neft və neft məhsullarının topdan və pərakəndə satışına, habelə ölkənin qazla təminatına ARDNŞ nəzarət edir.
Bu bəyanatdan sonra isə Ivanişvili Bakı-Tiflis-Qars-Axalkələki dəmir yolunun tikintisinə mənfi münasibət sərgiləyib. Bununla da layihəni həyata keçirən nəqliyyat naziri Ziya Məmmədovun maraqlarına toxunub. Bu bəyanatlardan sonra Bakıya səfəri ərəfəsində həm Rövnəq Abdullayev, həm də Ziya Məmmədovla münasibətləri gərgin olan fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxınlığı ilə seçilən Qüdrət Həsənquliyevin Ivanişvilinin ünvanına sərt ifadələr işlətməsi təsadüfi sayılmır. Ehtimal olunur ki, Kəmaləddin Heydərov rəqiblərini Ivanişvili kartı ilə vurmaq üçün deputatı önə verib. Yəni, Bakıya səfər edib sadaladığımız məsələləri də müzakirə etmək istəyən Ivanişvili Azərbaycan parlamentinin deputatı tərəfindən bu şəkildə aşağılanmasını həzm etməyə bilər. Və konflikt daha da dərinləşə bilər. Sonda isə zərbə Rövnəq Abdullayevə və Ziya Məmmədova dəyəcək.
Hikmət


