Elşad Abdullayevin müxalifətlə bağlı videosu olmasa da…

Hesab edirəm ki, göndərmiş kimidir, sağ olsun
Elşad Abdullayevin göndərdiyi sənədli videolarından sonra cəmiyyət, ən başlıcası isə, müxalif cəbhə artıq yükdən xilas oldu desəm, yəqin ki, yanılmaram. Illərdir “radikal” mövqeyi ilə baş-beynimizi ağrıdan, bəzi məqamlarda bizə dərs keçməyə qalxan, gözümüzdə çöp axtaran insanların “görünən dağ” haqqında “birtəhər” və əsrarəngiz açıqlamaları sanki göydəndüşmə oldu. Yandaş saydığımız siyasilər və media qəfildən bizə bu görüntülərin “izahı”nı verməyə qalxdılar və anlatmağa çalışdılar ki, bu sənədli video qəhrəmanlarını və onların əsas himayədarlarını “vurmaq” hakimiyyətin başqa bir qanadına xidmət etməkdir. Dəqiq ünvan belə göstərirdilər, məsələn, Paşayev klanı və s. Bu rejimin müxalifəti ermənilərlə bir cəbhədə olmaq ittihamından da gülünc bir ittihamdır. Çünki bu, əslində qarşı tərəfi mədəni şəkildə üzərində “Ramiz Mehdiyev” yaxud “Paşayev” yazılmış çətirin altına dəvət etmək demək idi. Ivan susaninlərin bu hücumu bir həftə çəkdi və onlar səhv etdiklərini anladılar…
“Azadlıq” qəzetinin istənilən sayını açsanız, bu iki əsas klanın mübarizəsinin ən xırda detallarının belə cəmiyyətə hansı formada çatdırıldığının şahidi olacaqsınız. Siyasi və iqtisadi ağırlıqlı bu iki klan və onların millətə yad ünsürləri ölkəni çapıb-talamaqla məşğuldur. Bunların hər hansı biri haqda susmaq, razılaşın ki, müxalifət cəbhəsinə arxadan vurulmuş zərbədir. Istər “Azadlıq” qəzeti, istərsə də onun siyasi partnyoru Azərbaycan Xalq Cəbhəsi Partiyası, başda lideri Əli Kərimli başda olmaqla, bu iki cinayətkar klanın nüvəsini oluşdurduğu Ilham Əliyev rejiminə qarşı barışmaz mövqedədir. Müsavat partiyası da eyni mövqeyi sərgiləsə də, son zamanlar ayrı-ayrı funksionerlərin və onlara yaxın mətbu orqanlarının spekulyativ bəyanat və yazıları təəssüf doğurur. Və bu şiddət getdikcə artaraq, sıravi müxalifətçilərdə və cəmiyyətdə narahatlığa, siyasi diskomforta səbəb olmağa başlayıb.
…Amma gəlin razılaşaq ki, bu proses, rejimin “xilaskar mələyi” olan Daxili Işlər Nazirliyi haqda müsbət rəy formalaşdırmaq cəhdi ilə eyni vaxtda başlayıb. Son videoqalmaqallardan bəhs edərkən əsas qəhrəman, rejimin faktiki ikinci şəxsi olan Ramiz Mehdiyevi “görməmələri” və həmin siyasilərin və mətbu orqanlarının bundan sonra özlərinin barışmaz müxalifətdə olduqlarını bəyan etmələri isə, üzr istəyirəm, qoçuluq və ilk növbədə cəmiyyətə hörmətsizlikdir.
Danılmaz faktdır ki, Elşad Abdullayevin sənədli videoları gəldikcə, müxalifətdaxili “gərginlik” də artır. Rejimə qarşı barışmaz mövqedə duran platformada arzuedilməz proseslər başlayır. Vahid namizəd məsələsinin süni şəkildə qızışdırılması buna ən bariz nümunədir. Dəfələrlə bunun tez olduğu, cəmiyyətin ən müxtəlif kəsimlərinin vahid namizəd haqda yekdil rəyə gəlməsinin qaçılmaz və zəruri olduğu vurğulansa da, bəzi “dost”larımız dəxli olmayan və tamamilə əsassız, məntiqə söykənməyən açıqlamaları ilə cəmiyyət daxilində çaxnaşma salmaqla məşğuldurlar.
Əvəzində isə, rejimin çətin günlərində ətrafında minlərlə barışmaz müxalifətçini birləşdirən siyasi partiya funksionerlərinin mövzunun üzərinə getmək əvəzinə dəxli olmayan məsələlərə “diqqət” ayırması, yandaş saydığımız mətbu orqanlarında isə çətin, eyni zamanda asan başa düşülən palaz yazılar diqqətdən qaçmır.
Müxtəlif ictimai rəylər formalaşdırmağa başladılar, cəmiyyəti əsas mövzudan uzaqlaşdırmaq üçün Ilham Əliyevdən “erməninin qanına susamış Rembo” düzəltməyə qalxdılar, rejimin müxalifətlə hakimiyyəti necə bölüşdürəcəyinin “sxemini” cızdılar, yuxarıdan inqilabın olacağı günü “təyin etdilər”. Bunlardan ən maraqlısı isə, Ali Baş Komandanın bir neçə gün ərzində Qarabağın azad edilməsi (“Barbarossa” planı – X.Ə.) planının “sirli” məqamları idi(!).
Yenə təkrar edirəm, bütün bu yazıların tarixinə baxsaq, onların rejim üçün ən kritik günlərdə yazıldığı məlum olar. Hazırda isə, onların, belə demək mümkündürsə, “sezon”u başlayıb. Cəmiyyət qarşıdakı seçkidə Ilham Əliyevin önünü kəsmək üçün hərəkətə keçib. Müxalifətin vahid namizədi formatından xalqın vahid namizədi formatına keçidin artıq zamanın tələbinə çevrildiyi bir zamanda dostların ilkin formatı, yəni müxalifətin vahid namizədi ideyasını dəstəkləməsi və hətta bunun reallaşması üçün tələb olunan sivil, demokratik prosedurları rədd etməsi başadüşülən deyil.
Bu, üzr istəyirəm, “bir az” YAP-ın Ilham Əliyevi 3-cü dəfə prezidentliyə sürməsinə bənzəyir.
Maraqlıdır ki, orada, yəni iqtidar cəbhəsində də, bu işə Ramiz Mehdiyev başçılıq edir.