Iqtidar mirzələri və rejimə züy tutanlar son zamanlar müxalifətin vahid namizəd məsələsini şişirtməkdən yana dəridən-qabıqdan çıxır. Onlar bunu düşünülmüş şəkildə edir, məqsəd ictimai rəyi Azərbaycanı silkələyən video zəlzələsindən və törətdikləri digər cinayətlərdən yayındırmaqdır.
Ideoloji aspektdən YAP-ın bu hərəkətində anormal bir şey yoxdur. Onlar bəhrələndikləri rejimi qorumaq üçün hər vasitəyə əl atmağa məcburdur. Anormal olan bəzi müsavatçı və cəbhəçilərin nə səbəbdənsə YAP-ın qurduğu oyunda iştirakıdır.
Təsəvvür edin ki, iqtidar düşərgəsi ilə ideoloji müharibədə YAP səngərini atəşə tutan müsavatçılardan biri cəbhəçilərə tərəf atəş açır. Və ya bunun əksi baş verir. Qazanan kim olur, bəylər? Müsavat Partiyası, yoxsa AXCP qazanır? Qazanan YAP-dır. Yəqin ki, bunu hər kəs dərk edir. Ancaq dərketməsində problemi olanlar da var və onları başa salmaq gərəkdir ki, bizlər – müsavatçılar və cəbhəçilər bir olmağa məhkumuq. Məgər son iyirmi il sübut etmədi ki, Müsavat Partiyası və AXCP yalnız birgə mübarizə edəndə uğur əldə edə bilər?
Kimsəyə sirr deyil ki, rejim üçün AXCP-Müsavat birliyi arzu olunan deyil. Bu iki partiya əsas GÜC MƏRKƏZI kimi həm Azərbaycanda, həm də Azərbaycandan kənarda qəbul olunur. Mövcud durumda enerjini daxili mübarizəyə yönəltmək böyük səhv olar.
Bu gün Isa Qəmbərin prezidentliyə iddia etməsi bəzi cəbhəçiləri, Əli Kərimlinin namizəd olacağını açıqlaması bəzi müsavatçıları razı salmaya bilər. Fikrimcə, həm Isa Qəmbər, həm də Əli Kərimlinin prezidentliyə iddia etməsi normal haldır. Indiki vəziyyətdə Isa bəy Əli Kərimlinin vahid namizədliyini və ya Əli bəy Isa Qəmbərin namizədliyini önə çəksə, narazıların sayı çox artar. O fikirdəyəm ki, yaxın altı ayda AXCP-Müsavat birliyinin vahid namizəd elan etməsi fayda gətirməz. Ümumiyyətlə, seçkidə iştirak edib-etməmək barədə qərarın da bu gün yox, 2013-cü ilin iyun-iyul ayında açıqlanması məqsədəuyğun olar.
Məhz 6 aydan sonra Azərbaycanın siyasi havasına tam aydınlıq gələcək. O vaxt artıq iqtidarın namizədinin kim olduğu, seçki komissiyalarının necə formalaşacağı, Qərbin 2013-cü il seçkisinə münasibəti bəlli olacaq. Eyni zamanda iqtidardaxili təlatümlər, xalqın müqavimət əmsalı, rejim əleyhinə mübarizə aparan bütün müxalif qüvvələrin inteqrasiya səviyyəsi də aydın olacaq. Proqnozlaşdırılmayan olayları da bura əlavə etsək, vahid namizəd probleminin yayda həll olması məqbuldur.
Odur ki, bəzi müsavatçı və cəbhəçi dostlar bir-birinə qarşı hücuma keçmək əvəzinə rejimə qarşı birgə mübarizənin daha da effektli olması üçün yollar arasalar yaxşı olar.
Bir daha vurğulayıram, bu gün cəbhəçiyə atəş açan müsavatçı, müsavatçını hədəfə götürən cəbhəçi biryolluq anlamalıdır ki, biz birgə mübarizə aparmağa məhkumuq. Bizim bir-birimizə müxalif olmamız əsla mümkün deyil. Biz ya birlikdə iqtidara gəlib Azərbaycanda demokratiyanı sözün həqiqi mənasında bərqərar edəcəyik, ya da bir müxalif səngərdə rejimə qarşı mübarizə aparacağıq.
Başqa yol bizim üçün yoxdur.
Məramı bir olan, Rəsulzadə-Elçibəy yolunu seçən iki partiyanın birgə mübarizəsinin uğurla sonuclanacağına isə əsla şübhəm yoxdur və əminəm ki, bu gerçəkliyi Azərbaycanda qəbul etməyənlərin sayı çox azdır.
Fədakar, qürurlu insanların cəm olduğu və ən əsası haqq-ədalət uğrunda ardıcıl mübarizə aparan Müsavat Partiyası və AXCP üzərinə tarixi bir missiya götürüb. Bu missiya Azərbaycanı korrupsionerlərin və rüşvətxorların cəngindən xilas etməkdən ibarətdir. Bu missiya həm də hər bir Azərbaycan vətəndaşına INSAN kimi yaşamağı nəsib etməkdən ibarətdir.
Bəylər, missiyanın uğurla başa çatması üçün bütün enerji rejimə qarşı mübarizəyə sərf olunmalıdır. Yalnız və yalnız.
Biz bir olmağa məhkumuq
•