Səməd Vurğun küçəsi, 7

Bu ölkədə bütün yollar ora aparır. Səməd Vurğun istəsə də, istəməsə də…
24 dekabr – dünyada ən uzun tort bişirilən gün. 24 dekabr – tortun ildən-ilə uzandığı gün. 24 dekabr – 44 illik yalan, yaltaqlıq dönəminin torta çevrildiyi gün. Ilham Əliyev adına tort. Ata-oğul Əliyevlər qurduqları 44 illik yalan-yaltaqlıq rejimi ilə bu ölkəni necə də GÜLÜNC, necə də DÜŞÜK günə qoydular!
Bərdədən Qarabağ əlili uzun, çox uzun məktub göndərib. Rayon Icra Hakimiyyətindən tutmuş, prezidentə, xanımına, MTN-ədək hər yerə məktub-giley göndərib, istədiyini ala bilmədiyindən “Azadlıq”a – mənə yazıb. Illərin yataq xəstəsi olan bu Qarabağ əlilinin bir istəyi var: minimum yaşayış gərəklərini əldə etmək. Istəyir, ala bilmir, erməni gülləsindən düşdüyü yataqda qovrula-qovrula qalır…
Qadınlı-kişili bir qrup adam “Azadlıq”a – mənə 12 səhifəlik məktub yazıb. Məktub bu sözlərlə başlayır: “Biz, aşağıda imza edənlər, yazıb sizdən xahiş edirik ki, ”Yasamal sukanal” Departamenti işçilərinin bizə qarşı qanunsuz hərəkətlərinə, özbaşınalığına, başqa təhqiramiz davranışlarına nəzər yetirəsiniz. 2010-cu ildə Yasamal Su Idarəsinin abonentlərə qarşı total “borclu çıxartma” avantürasından sonra, həmin bu dələduzlar yenə də qayıdıblar “köhnə hamam, köhnə tasa”. Artıq səbrimiz tükənib… O idarəyə şikayətə gedən sakinləri isə yersiz bəhanələrlə, nəticəsiz süründürməklə, hətta yekəxana istehzayla təhqir edib, əsəbiləşdirib geri göndərirlər. Dövlət idarəsi də insanları belə dolayarmı? Belə çıxır ki, bu qudurmuş lağlağılar bizi, ziyalı övladlarını, hüquqsuz, savadsız qul yerinə qoyurlar”.
Məktubda Su idarəsinin (Azərsu) fırıldaq yolu ilə adamlardan pul qopardığını ortaya qoyan bildiriş-faktlar göstərilir. Budur, Əliyevlər ağalığının xarakterik özəllikləri – qanunsuzluq, soyğunçuluq, özbaşınalıq-dərəbəylik!
Adını gizli saxlayan MTN əməkdaşı Milli Təhlükəsizlik Nazirliyindəki qanunsuzluqdan, rüşvət faktlarından yazır. Keçmiş ABU-nun keçmiş rektoru Elşad Abdullayev Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun bir çağlar ona yolladığı məktubu “Azadlıq”da sərgiləyib. Bildiyimiz kimi, MTN başçısı istənilən rektora məktub yollaya bilər – bu onun hüququdur. Indilikdə sözügedən məktub kriminal xarakterlidir – iş burasındadır. Bu məktub Prezident Administrasiyasının başçısı Ramiz Mehdiyevin ABU-nu ələ keçirmək üçün qurduğu oyunun fraqmentlərindən biridir. E.Abdullayevin ilkin yayımları ortaya çıxanda Əli Həsənov sevincək demişdi: “Elşad Abdullayev qanunsuz yolla deputat seçilmək istədiyindən onun istəyi baş tutmayıb”. Indi ortaya korrupsiya rejimini bütünlüklə əliyalın qoyan faktlar çıxır: E.Abdullayev qurucu-dayaqlarından olduğu rejim qanunlarına uyğun olaraq pul verib deputat olmaq istəyib. R.Mehdiyev korrupsiya ideoloqu olaraq, eləcə də rejim qanunlarından çıxış edərək yalnız mandat-görəv alverindən deyil, diplom alverindən də qazanc götürmək üçün ABU-nu ələ keçirməyə çalışıb. Bax, bu yerdə deyirlər: artıq tamah baş yarar. Administrator-filosof-akademik-ideoloq indi artıq tamah ucbatından E.Abdullayevin Parisdən yağdırdığı DAŞLARIN qarşısında… qorunmasız qalıb!
…Dünyanın harasındasa bütün yollar Romaya aparır. Azərbaycanda bütün yollar Səməd Vurğun küçəsi, 7 ünvanına aparır. Bu ünvan Ilham Əliyev ailəsinin adına bağlıdır. Bir çox faktlardan, eləcə də gizlini indi ortaya çıxan Sumqayıt Sənaye-Texnologiyalar Parkından (ailə 17 zavodu ələ keçirib, birləşdirib Park adlandırıb), bu parkla bağlı antiMilli Məclisin qanunsuz-korrupsioner qanunundan göründüyü kimi, bizdə BÜTÜN YOLLAR Əliyevlər ailəsinə aparıb çıxarır. Bu yollarsa qanunsuzluq, oğurluq, soyğunçuluq, dərəbəylik yollarıdır.
Son çağlar tez-tez belə bir soru ilə üzləşirik: I.Əliyev R.Mehdiyevi cəzalandıracaqmı? Yada “bir medalın iki üzü” anlayışı düşür. Bir üzlü medal olursa, cəzalandırma da ola bilər…