Təxminən 20 ildir Azərbaycanda baş verənləri çox ciddi şəkildə izləyirəm. Həm bu mənim işimdir – jurnalist başqa cür edə də bilməz, həm də ölkəmizin ictimai həyatına hər zaman yaxın olmuşam. Bu ötən illərdə bir şeyi müşahidə etdim. Bilmirəm haqqım varmı bu şəxsi müşahidəmi oxucularla paylaşmağa, amma məncə, kiməsə maraqlı ola bilər.
Sadə bir sonucdan ibarətdir bu müşahidə: bizim cəmiyyətdə insanı yaxşı tanımırlar. Onun nəyə qadir olduğunu, nələr edə biləcəyini hətta çox savadlı adamlar da ya yaxşı təsəvvür edə bilmirlər, ya da bunu asanlıqla unudurlar. Bir insanın törədə biləcəyi əksər hallarda təxmin edilmir, bir insanın oynaya biləcəyi rolu adətən nəzərə almırlar.
Baxın, bütöv bir xalqı saymayan Əliyevlər rejimi bir insanın – Elşad Abdullayevin əlində qaldığını ağlına gətirə bilməzdi. Onlar sabah başqa bir insanın əlində tamamilə aciz qalacaqlarını təsəvvür etmirlər. Onlar bir sistem qurublar, bu sistemin çox güclü olduğunu düşünür, amma bu sistemin bir qayda olaraq bütöv bir topluma yetərli olduğu halda, tək bircə insan qarşısında çarəsiz qala biləcəyini hesablaya bilmirlər. Odur ki, indi bir ölkəni heçə sayan bu rejimin bir insanın rolu ilə məhv ola biləcəyi onu təmsil edənlərin ağıllarına gəlmir.
Mən açıq deyirəm, bir müddət öncə heç vaxt Rüstəm Ibrahimbəyovun bizim cəmiyyətdə bu qədər ciddi rol oynaya biləcəyini ağlıma gətirə bilməzdim. Halbuki bu adam hakimiyyətə itaət edən ciddi qrupların ondan üz döndərməsinə bir platforma yarada bildi.
Gənc yazarları xatırlayın. Işin başında heç kim onları bəyənmirdi. Onları ciddiyə almırdılar. Hamısını bir yerdə, yəni topasını bircə nəfər yerinə qoymurdular. Anarın və həmin yaş nəslinin ağlına da gəlməzdi ki, bir gün onların istedadını da qəbul edəcəklər, etiraf etməsələr belə, onları özlərinə ciddi rəqib də sayacaqlar. Bu prosesi hətta bircə nəfər gənc yazar da törədə bilərdi.
Motivi olan bir nəfər çox güclüdür. Motivi doğruya söykənən, bu motivə haqqı çatan insanın gücünü heç vaxt küçümsəməyin. Demirəm ki, böyüdün, artırın. Amma nəzərə alın ki, bəzən onun səyi və rolu çox böyük ola bilir. Elşad Abdullayevi Beynəlxalq Universitetin rektoru kimi təsəvvür edib, təbii ki, ondan güclü nəsə gözləmirsiniz. Amma qardaşına sevgisi onda ciddi dirəniş yaratmaq motivi oyadıb. Biz də bunu gördük…
Bu ötən illərdə Azərbaycan hakimiyyətini təmsil edən insanlar bizim üzərimizdə özlərini çox güclü sayıblar. Möhtəşəm sayıblar. Çünki onlar öz gücünü yaratdıqları namərd sistemdən alıblar və həmişə elə hesab ediblər ki, həmin sistemə söykənməyən narazı insanlar acizdirlər. Onlar düşünür ki, bir halda ki, bu insanlar həmin sistemdən güc almırlar, deməli, güclü ola bilməzlər. Sınanlar, yorulanlar da çox olurdu. Bu da onların düşüncəsini gücləndirirdi. Amma onlar unudurlar ki, insan həmişə güclüdür. Həmişə. Onun məhv etmək olur, amma onun haqqını məhv etmək müşkülə dönür. Bu haqq həmişə sənin üzərindədir və bir gün kimsə çıxıb bu haqqı sənə yedizdirir. Hətta tək bir nəfər. Qətiyyən saya salmadığın bir nəfər. Çünki o bir nəfərin elə bir motivi yaranır ki, dayandırılması mümkün olmur.
Insana qiymət qoymayanlar, həmişə insanda yanılıblar. Insanın qiymətinin olmadığı cəmiyyətdə həmişə insan barədə yanılırlar. Onu çox kiçik görürlər və böyük səhvə yol verirlər…
Məncə, artıq bizim ölkədə insanların fərdi motivlərinin gücləndiyi, oyandığı, hayqırdığı dövrdür. Bir insanın, heç kimin saymadığı insanın və ya insanların gücü göründü bu ölkədə. Bu da başqalarına əlavə motiv verir.

Saymadığınız o adam
•