Musa Qasımlıya xitabımdır

Ilham Əliyevin srağagün – 51 yaşına gəldiyi gün Xalq Cümhuriyyətini “cinayətkar” elan etməsi haqqında heç nə yazmaq istəmirəm. 
Tarix hər şeyi yerbəyer edəcəkdir.
Hansı illərin və kimlərin tarixə cinayətləri, ayıbları, hansı illərin və kimlərin də millətə və vətənə xidmətləri, fədakarlıqları ilə düşəcəyini hər kəs görəcəkdir.
Mənim ürəyim bu sarıdan rahatdır, sizin də içiniz rahat olsun.
Sadəcə, sözüm keçənlərin odlu müsavatçısı, indinin qızğın yaptokratı, bu dönüklüyünə görə də deputat mandatı ilə mükafatlandırılan Musa Qasımlıyadır.
Ey Musa Qasımlı!
Tarix elmləri doktoru, professorsunuz.
Onlarca araşdırma kitablarına, yüzlərlə məqaləyə imza atmısınız.
Araşdırmalarınızın önəmli bir hissəsi Xalq Cümhuriyyəti ilə bağlıdır. O dönəm haqqında yetərincə bilgi sahibisiniz, tarixçi karyeranıza sayğı duyulmasında Xalq Cümhuriyyətiinin irsi ilə bağlı tədqiqatlarınız önəmli rol oynayıb.
Xaq Cümhuriyyətinin dəyərini ortaya qoymaq adına zamanında gördüyünüz işləri unutmadıq, amma o çalışmalar sizə də az şey qazandırmadı: ölkənin ən hörmətli tarixçilərindən birinə çevrildiniz, bu ölkənin gerçək demokratiya, Cümhuriyyət sevdalılarının könlündə taxt qurdunuz. Sonra o taxtın altını üstünə çevirdiniz – bu, artıq ayrı söhbətdir. Öz işinizdir, özünüz bilərsiniz.
Bu günsə Ilham Əliyevin ən alovlu tərifçilərindən birisiniz, yerə-göyə sığışdıra bilmirsiniz, toz qondurmursunuz.
Soruşuram:
Möhtərəmin Xalq Cümhuriyyəti haqqında məlum çıxışından sonra nə düşünürsünüz?
Iki gecədir rahat uyuya bilirsinizmi?
Içinizdən o çıxışa xəfifcə bir etiraz etmək keçirmi?
“Keşkə bu deputat mandatını almayaydım, amma əvəzində bu gün Xalq Cümhuriyyətinin haqqını qoruya biləydim” deyə təəssüflənirsinizmi?
Heç olmasa, bu mövzuda tərifçi kimi yox, tarixçi kimi danışmaq üçün azacıq da olsa çırpınırmı ürəyiniz?
Onu da biləsiniz ki, verəcəyiniz hər cavaba bu köşənin qapısı sonunadək açıqdır.
Mayyalılaramı inanmaq cahillikdir, yapçılaramı?
Qiyamət xəbərlərinə inananlara “cahil” deyirlər.
Dünyanın az qala bütün dinləri…
Bütün dinlər bir yana, hətta elmin özü də nə vaxtsa dünyanın sonunun gələcəyi məsələsində həmfikirdirsə, dünyanın sonu gəldiyinə inananlara “cahil” demək nə qədər doğrudur?
Ortada bir cahillik varsa, o da olsa-olsa, dünyanın 21 dekabrda dağılacağına inanmaq idi. Sona hələ çox var.
Amma hər bir halda son varsa, son olacaqsa, hər zaman bundan əndişələnənlər, o “son”un məhz onların payına düşdüyünə inananlar olacaqdır.
Cahillik isə odur ki, yerli-dibli olmayan, olmayacaq şeylərə inanasan. Içində mində bir ehtimalla da olsa, həqiqətin, doğrunun keçmədiyi şeylərə inanasan.
Məsələn: korrupsiyanın at oynatdığı yerdə ədalətin…
Seçki saxtakarlığının meydan suladığı yerdə milli iradənin…
Rüşvətin xirtdəyə çıxdığı yerdə rifahın, inkişafın…
Hər şeyin bir adamın iki dodağının arasından çıxan sözə bağlı olduğu yerdə hüququn üstünlüyünün, qanunun aliliyinin…
Dünyanın dağılmasına deyil, Azərbaycanda hüquqi-demokratik dövlət qurulduğuna inanmaq cahillikdir.
Mayyalılara inanmaq cahillik deyil.
Yapçılara inanmaqdır cahillik.
Fəxri adlar məsələsi
Nə sirri-xudadırsa, hətta bəzi YAP-çılar da fəxri adların ləğv edilməsi gərəkdiyindən danışmağa başlayıblar. Ləğv edəcəklərmi? Inanmıram.
Seçki ilində heç inanmıram. Gələn il xeyli ağıza bal çəkmək gərəkəcək.
Deyək ki, ləğv etdilər. Nə dəyişəcək? Ölkədə mədəniyyət inqilabımı baş verəcək?
Bu şübhəsizdir ki, YAP mövcud olduqca yaradıcı adamları boyunduruqda saxlamaq bir ehtiyac olacaqdır. Belə rejimlər yazıçının yaltaq, şairin məddah, rəssamın, bəstəkarın üzüyola, aktyorun başıaşağı olanını sevirlər. Adlar, təqaüdlər də bu sənətçi mütiliyini, yaradıcı adam köləliyini təmin etmək üçün bir vasitədir.
Qısası, ölkədə yaltaqlığın, köləliyin kökü kəsilməyəcəksə, fəxri adların ləğvinin heç bir mənası qalmayacaq. Azadlıqlar olmayacaqsa, fəxri adların olub-olmaması da heç bir anlam ifadə etməyəcək.
Olmayacaq fəxri ad, olacaq prezident təqaüdü. “Şöhrət” ordeni. “Tərəqqi” medalı. Hə, sonra?
Bir sözlə, ölkədə köləlik ləğv edilməyənədək neyləsək, filfilodur.
Köləliyin ləğvi isə fəxri adların yox, YAP-ın ləğvindən keçir.
Bu da unudulmasın.