Məsciddə Əliyevə büst qoyulub

Ölkənin dini icması bunu biabırçılıq kimi qiymətləndirir

Tovuzun Əlimərdanlı kəndindəki məsciddə əcaib vəziyyət hökm sürür. “Azadlıq” radiosunun kənd məscidindən çəkdiyi şəkillərdən aydın olur ki, Allah evi Heydər Əliyev muzeyinə çevirilib. Məscidin böyük bir hissəsində Heydər Əliyevin büstü, portretləri, onun kəlamları olan lövhələr yer alıb.   
Ilahiyyatçı Elşad Miri bunu biabırçılıq kimi qiymətləndirir. Onun sözlərinə görə, məscidin bu vəziyyətə salınması yolverilməz bir haldır: “Allah evindən bu formada istifadə etmək qətiyyən doğru deyil”.
Islam Partiyasının sədr müavini Rövşən Əhmədlinin sözlərinə görə, hakimiyyətin təbliğatı üçün məscidlərdən də istifadə edilməsi yolverilməzdir: “Məscid ibadət üçündür. Orada ibadətdən kənar hər hansı vasitənin olması məqbul hesab olunmur. Məsciddə iki önəmli yer var. Onlardan biri mehrabdır ki, orada ibadətə rəhbərlik edən imam dayanar. Biri də minbərdir ki, oradan da insanların şəri məsələlərini cavablandırırlar və ictimai-siyasi hadisələrə münasibət bildirirlər. Divarlarda da bəzən Quran ayələri həkk olunur. Məsciddə hər hansı bir bəzək əşyasının, dini ayinlərə aid olmayan vasitələrin olması yolverilməzdir. Məscid də hakimiyyətin təbliğatına çevrilən yer olursa, bu tək inanclı insanlar deyil, hər kəs tərəfindən mənfi qarşılanır”.