DIN-dən sahibkara cavab gəldi

Müstəntiq «Mur-Ay»ın təsisiçisi Elxan Hüseynovun ittihamlarının əsassız olduğunu bildirir

DIN Baş Istintaq və Təhqiqat Idarəsinin Ağır cinayətlərin istintaqı Şöbəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi, polis polkovnik-leytenantı Möhübbət Hüseynov “Mur-Ay” MMC-nin təsisçisi hazırda həbsdə olan Elxan Hüseynovun ittihamlarına cavab verib. Möhübbət Hüseynovun “Azadlıq”a ünvanladığı məktubda deyilir:
“Özünü ictimai rəyə günahsız obrazında sırımaq istəyən bu şəxs artıq neçənci dəfədir ki, diqqəti çəkmək və gündəmdə qalmaq məqsədilə bəzi KIV-lərə belə böhtan xarakterli məlumatlar göndərir, öz yalanlarına həqiqət donu geyindirmək üçün bilərəkdən bəzi yüksək vəzifəli məmurların adlarını da hallandırır, guya təzyiq altında həmin rəsmilərə qarşı onlardan ifadə alındığını iddia edir. Belə yerdə deyiblər, utanmasan, oynamağa nə var ki…
Elxan Hüseynovun bu dəfə ölkə rəhbərliyinə müraciət etməsi səbəbsiz deyilmiş. Yüzlərlə vətəndaşın etimadından sui-istifadə edərək onlara məxsus külli miqdarda vəsaiti dələduzluq yoluyla mənimsəmiş, hazırda məlum məsələ ilə bağlı keçirilən məhkəmə prosesində əsas təqsirləndirilənlərdən olan həmin şəxsin budəfəki “missiyası” məlum cinayət işi üzrə günahı öz üzərinə götürməklə digər əsas təqsirkarlardan biri kimi Qalib Məmmədbəylini təmizə çıxarmaq, onu “maliyyə yardımı və bəzi sənədlərin rəsmiləşdirilməsində kömək edən”, “Mur-Ay” MMC-nin heç bir daxili işlərinə qarışmayan, heç bir alqı-satqı əməliyyatlarında iştirak etməyən” şəxs kimi qələmə verməklə sonuncunun guya yalan ifadələr əsasında sifarişlə həbs edildiyini “sübut” etməkdir”.
Müstəntiq qeyd edir ki, “Mur-Ay” işi”lə bağlı həbs edilən Elxan Hüseynov, Qalib Məmmədbəyli, Beybala Sultanov, Vaqif Söhbətov, Səhliyar Ağayev, Novruz Muxtarov, Seyfəddin Səfərovun cinayət əməlləri tam sübuta yetirilib: “Təqsirləndirilən şəxslər – Qalib Məmmədbəyli, Elxan Hüseynov və başqaları vəkillərinin iştirakı ilə istintaqa işin halları barədə ətraflı və sərbəst ifadələr vermişlər. Təqsirləndirilən Elxan Hüseynovun iddialarının əksinə olaraq, digər ifadələr və iş materialları ilə Q.Məmmədbəylinin qeyd olunan cinayət əməlini törətməsi, onun “Mur-Ay” MMC-nin faktiki sahibi olmaqla tikinti işlərinin aparılmasından rəsmiləşdirməyədək olan bütün prosesə rəhbərlik etməsi tam sübuta yetirilmişdir.
Bəzi yüksək vəzifəli şəxslərə qarşı ifadələrin guya təzyiq altında alınması, işgəncə və rüşvət verilməsinə dair Elxan Hüseynovun fikirləri digər iddiaları kimi həqiqətə uyğun deyil və bunu birmənalı şəkildə təkzib edirik”.
Xatırladaq ki, Elxan Hüseynov ölkə başçısı Ilham Əliyevə ünvanladığı və “Azadlıq”ın dünənki sayında dərc edilən məktubda Qalib Məmmədbəylinin təqsirsiz olduğunu, istintaq zamanı işgəncələrə məruz qaldıqlarını, ondan fövqəladə hallar naziri Kəmaləddin Heydərovla, Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyevin əleyhinə ifadə almağa cəhdlər edildiyini bildirib.