Müxalifətə qarşı istifadə edilən şəxs barədə yeni məlumatlar

Nofəl adlı polis olmayan «mülki geyimli»dən müxalifətçilərin izlənilməsində də istifadə edilir

Qəzetimizin ötən saylarında müxalifətə qarşı istifadə edilən “mülki geyimlilər”dən Nofəl adlı biri barədə məlumat vermişdik. Bu şəxs şəxs müxalifətin aksiyalarında etirazçılara qarşı zorakılıqda xüsusi fəallığı ilə seçilir.
Nofəlin noyabrın 2-də Ictimai Palatanın parlament önündə keçirdiyi aksiya çəkilən fotosunu da təqdim etmişdik. Həmin fotoda o, AXCP fəalı Dəyanət Babayevin boyunundan yapışıb onu polis maşınına salmaq istəyir. Bildirmişdik ki, əldə etdiyimiz dəqiq məlumatlara görə, Nofəl polis deyil. Onun ev ünvanlarına qədər dəqiq məlumatlar redaksiyamıza təqdim edilib. Idmançı olan Nofəl polisin adamı olduğunu yaxın çevrəsindən gizlədir. Polislə əməkdaşlığı “əsl kişiyə yaraşmayan” hal kimi qiymətləndirir. Nofəlin qanun, qanunçuluğa münasibəti birmənalı neqativdir, buna işarə kimi onun telefonunun fon rəsmlərində kirminal aləmin avtoritetlərinin fotolarının olmasıdır.
Nofəllə bağlı redaksiyamıza növbəti fotolar təqdim edilib. Bəlli olur ki, onun işi yalnız aksiyada adam döymək deyil. Nofəl həm də polisin izləmə və müşahidə əməliyyatlarında da fəal iştirak edir. Təqdim etdiyimiz yeni fotolarda bu şəxs “həmkarları” ilə 2 aprel aksiyasında zorakılıqla üzləşən və nəticədə xəstəxanaya düşən AXCP Ali Məclisinin sədri Həsən Kərimovun yanına gedib-gələnlərin şəklini çəkir və onlar barədə harasa məlumat verirlər. Foto Həsən Kərimovun həmin vaxt yerləşdirildiyi 4 saylı xəstəxananın qarşısında çəkilib. Bundan başqa Nofəl və dostları oradan çıxaraq 2 aprel aksiyasında zorakılıqla üzləşərək Musa Nağıyev adına xəstəxanaya aparılan başqa bir AXCP fəalı Təzəxan Mirələmlinin yanına gedən cəbhəçiləri izləyib, onların fotolarını çəkib.
Qeyd etdik ki, bu şəxs polis deyil. Bəs o, bu “əməliyyatları” hansı statusla edir? Bu və Nofəl barədə digər suallarla DIN-ə müraciət etsək də, hələ ki, qurumdan məsələyə heç bir aydınlıq gətirilməyib.