oldurulen-is-adami

Müdhiş qətlin qaranlıqları

oldurulen-is-adamiİş adamının qətlində günahlandırılan Hümbət Məmmədov vətəndaşları necə aldadıb?

2011-ci ilin iyulun 11-də ofisində öldürülən iş adamı, “Azər Ross” MTK-nın təsisçisi, “Avesta” konserninin vitse-prezidenti Əflatun Piriyevin həm qətli, həm qətldən sonra onun rəhbərliyi ilə tikilən (metronun “Gənclik”, “Nizami” stansiyalarının yaxınlığında və “Papanin”də) binaların sonrakı taleyi, həm də olayla bağlı keçirilən məhkəmə prosesindən məlumatlar əldə etdikcə oxuculara çatdırırıq.
Qeyd edək ki, Əflatun Piriyevin qətliylə bağlı hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində proses keçirilir. Olayın törədilməsində təqsirli bilinən 6 nəfər – Hümbət Məmmədov (bu şəxs həm də Əflatun Piriyevin şəriki olub – R.D.), Fərman Hacıyev, Tofiq Bəkirov, Sahil Şamilov, Şamil Şamilov, Vüsal Qurbanov məhbəs həyatı yaşayır. Bir nəfər – Ramil Hacıyev isə ölkədən qaçmağa müvəffəq olsa da, Rusiyada törətdiyi başqa bir cinayətə görə həbs olundu.
“Azadlıq” olaraq ölkənin gündəmini alt-üst edən bu müdhiş qətllə bağlı araşdırmalar aparırıq. Həm mərhum qardaşı Ərəstun Piriyevin rezonans doğuran müsahibələrini, həm də qətlin sifarişçisi kimi ittiham olunan Hümbət Məmmədovun bizə yazdığı məktubları dərc etmişik.
Işlə bağlı “Azadlıq”a yeni məlumatlar daxil olub. Belə ki, metronun “Nizami” stansiyasının yaxınlığında tikilən 7 mərtəbəli bina “Volbak” MMC-yə məxsus olub. “Volbak” MMC 2006-cı ildə təsis edilib. MMC-nin tək təsisçisi mərhum Əflatun Piriyev olub. Binanın birinci və ikinci mərtəbələri qeyri-yaşayış sahəsi olub. Anna Sergeyevna Qoloveşkina birinci və ikinci mərtəbələri (bütövlükdə) axırıncı mərtəbədə isə 200 kvadrat metr yaşayış sahəsini 24 iyul 2007-ci ildə pulunu ödəyərək alıb. Tikintiyə Əflatun Piriyev rəhbərlik etsə də, onunla şərik olan Hümbət Məmmədov alğı-satqı işlərini həyata keçirib. Elə Qoloveşkina ilə də alğı-satqını Məmmədov edib. Alğı-satqı müqavilələrini də. Qəbz də, o cümlədən müəssisənin təsdiqlədiyi başqa sənədlər də var. Ancaq sonradan Hümbət Məmmədov “Volbak” MMC-nin adına uyğun “Volbak H” MTK təsis edib. Bu, 2008-ci ildə olub.  Sonradan “Volbak H” möhürüylə Qoloveşkinaya satılan yaşayış və qeyri-yaşayış sahələrini başqa adamlara satıb. “Volbak H” MTK-nın təsisçiləri arasında Hümbət Məmmədovun ailə üzvləri və başqaları vardır.
Əflatun Piriyev öldürüləndən sonra ortaya bir sənəd çıxarılıb. Guya Əflatun Piriyev 2008-ci ildə “Volbak” MMC-yə məxsus olan binanı “Volbak H”nin balansına keçirilməsinə razılıq verib. Bu həqiqətən də belə idisə, niyə sənədlərdə bu barədə bir kəlmə yazılmayıb. Qeyd edilməli idi ki, Əflatun Piriyev hansı zərurətdən sözügedən tikilini “Volbak H”-yə verir. Bundan başqa, Əflatun Piriyev tikilidən imtina edirdisə, satılan mənzillərin siyahısı verilməli idi ki, onlar satılmasın. Bunlar olmadığı üçün “Volbak H” qanunsuz yollarla binanın satılan mənzillərini başqa adamlara təzədən satıb.
Işin maraqlı tərəfindən biri də odur ki, istər “Volbak” MMC-nin, istərsə də “Volbak H” MTK-nın vəkili Alov Səfərliyevdir. Alov Səfərəliyev isə həm də hazırda həbsdə olan Hümbət Məmmədovun hüquqlarını qoruyur.
Alov Səfərəliyev cidd-cəhdlə məhkəmədə hər iki tərəfi təmsil edir. Baxmayaraq ki, mənzillər bir neçə adama satılıb, ancaq o, müəssisələrin mənafeyini müdafiə edib. Işin maraqlı tərəfindən biri də odur ki, Alov Səfərəliyev “Volbak” MMC-nin təsisçisi mərhum Əflatun Piriyevin qətlindən sonra istintaqın hüquqi varis kimi tanıdığı şəxsləri müdafiə etmir. Çünki bütün alğı-satqı işlərini Hümbət Məmmədov görüb və külli miqdarda maxinasiyalar da onun adıyla bağlıdır. O sübut etməyə çalışır ki, müəssisələr haqlıdır. Aldadılan sakinlərin haqları isə hələ də müsbət həllini tapmayıb.

Ramin DEKO