Milli Təh(sil)lükəsizlik Nazirliyi

…Sovet dövründə DTK adlı qurumun hər kənddə ştatlı agenti olduğu heç kimə sirr deyildi. Qəribə olan bu idi ki, bu agenti hamı tanıyırdı(!), o oturduğu məclisdə, hamı mümkün qədər ondan aralı oturmağa çalışır, bu mümkün olmadıqda isə, ən azı danışıqlarına fikir verirdilər. Bizim kəndimiz də istisna deyildi, agentimiz də var idi, hətta ona alternativ “dissidentimiz” də.
Kəndimizdə Qaraş kişi adlı ağsaqqal, bürokratiyanın, dolayı yolla isə, sovet rejiminin barışmaz düşməni sayılırdı. Bir sözlə, kəndin qeyri-rəsmi hüquq müdafiəçisi idi. Mən Qərb həyat tərzinin o qədər də, qorxunc olmamasını, fəhlə sinfinin təsvir edildiyi kimi istismar edilməməsini ilk dəfə ondan eşitmişəm. Sadə misal çəkirdi, deyirdi, nümayişə çıxanların əyin-başına, normal sifət cizgilərinə diqqət edin, sonra həftənin yeddi günü gün çıxandan, batana qədər tarlada çalışan bizim insanlara fikir verin. Doğrudan da, ağlabatan versiya idi, belə ki, sadə insanlarımızın ən xırda sümük əzalarını belə, yaz-yay aylarında asanlıqla dərinin altından müşahidə etmək olurdu…
Qaraş kişi, Qorbaçov hakimiyyətə gələndən sonra isə, “leqal” fəaliyyətə keçdi, açıq-aşkar sovet rejiminin eybəcərliklərindən danışmağa başladı. Artıq yaşlanmış ağsaqqala qarşı hər hansı addım atmağa DTK rayon şöbəsi cürət etmirdi. Lakin geri çəkilmək fikri də yox idi, onu diqqətlə izləyirdi, ünsiyyətdə olduğu insanları müəyyənləşdirirdi. Daima kənddən kimsə rayona çağrılırdı, sorğu-sual edilirdi və “cərimə” edilirdi. Bir misal çəkməklə, əsas mətləbə, yəni müasir dövrə qayıdaq…
O zaman, yəni 80 – ci illərin əvvəllərində, M.Qorbaçov – R.Reyqan görüşləri ilə, iki barışmaz sistemin arasında soyuq müharibənin başa çatması prosesi gedirdi. Qeyd etdiyim kimi, Qaraş kişi də artıq leqal fəaliyyətdə idi. Kənddəki toy məclisinin birində, o bu məsələnin əhəmiyyətindən danışdığı zaman, məclisdə oturan Qubad kişidən “qeyri-adi” təklif gəlir. Qubad kişi məclis əhlindən badələri, şəxsən Reyqan və Qorbaçovun sağlığına qaldırmağı təklif edir…
DTK-nın kənddəki “qulağı”nın həmin məclisdə iştirak edib-etməməsi bilinməsə də, sabahısı gün Qubad kişini artıq, rayon “keqebeşnik”ləri dindirirdi. Özü də bu “dindirmə” kənddə onun inək və qoyunlarının satılması ilə müşayiət olunurdu. Müəyyən məbləğ ödənildikdən sonra, kişinin dilindən iltizam alıb evə buraxdılar…
Elşad Abdullayevin yaydığı son sənəddən məlum oldu ki, dövlətin təhlükəsizliyinə cavabdeh olan qurumun ötən 25 il ərzində, yalnız adı dəyişib. Olduqca həssas bölgədə yerləşən, iki imperiyanın və onların üstümüzə Ermənistan kimi fitnəkar düşməni qısqırtığı bir zamanda, güvəndiyimiz Milli Təhlükəsizlik Nazirliyi hansı işlərlə məşğul olur? Özəl ali məktəbə prorektor təyin etmək, siyasi partiya liderlərini təqib etmək nə vaxtdan bu qurumun səlahiyyətlərinə aid olub? Maraqlıdır, deyilmi?
Prorektor namizədinin PA rəhbəri Ramiz Mehdiyevin yaxın qohumu olması isə, məsələyə tamam başqa bir rəng qatır. Hadisələrin sonrakı gedişi zamanı məlum olur ki, məqsəd, Azərbaycan Beynəlxalq Universitetini ələ keçirmək olub.
Hazırkı təhsil naziri Misir Mərdanov qədər tənqidə məruz qalan ikinci bir nazir tapmaq çox çətindir. Misir müəllimi tələbəlik illərindən tanıyıram və bütün məsuliyyətimlə demək istəyirəm ki, o, tədricən rejimin bir nömrəli “könüllü”(!) girovuna çevirilib. Bu gün adi polis rəisindən tutmuş, Ramiz Mehdiyevə qədər böyük bir çinovnik ordusu təhsilimizə əngəllər yaratmaqla məşğuldur. Bu ordu öz ailə üzvlərini, qohumlarını, üzr istəyirəm, məşuqələrini tam heyətlə bu sistemə, yenə üzr istəyirəm, dürtüblər. Bu proses bitməyib, davam edir. Məktəb direktoru, ali məktəb müəllimləri, hətta nazirlik işçilərinin 80 faizi məhz məmurlarla qohumluq və sair(!) əlaqələri olan şəxslərdir. Çox tanınmış bir ali məktəb rektorunun dünənə qədər evdar qadın olan həyat yoldaşı bir neçə il ərzində elmlər namizədi, hazırda isə elmlər doktoru – professor titulu almaq üçün bütün proseduraları “uğurla” keçməkdədir. Misir Mərdanov isə, iradəsindən asılı olmayaraq, mətbəxdən yenicə ayrılmış bu xanımın harasa təyinatına imza atacaq.
Çünki Misir müəllim bilir ki, bunu etməsə, güc naziliklərindən birinin rəsmi blanklı məktubu və altında da nazirin imzası ilə məktub gələcək. Orada deyiləcək ki, bu xanım prorektor olmalıdır…
Desəm ki, Misir müəllim Ramiz Mehdiyevsiz dövrün prorektoru kimi rüşvət alan müəllimlərin qənimi idi, inanarsınızmı?
O vaxtlar MTN də öz işi ilə məşğul olurdu…