Elmira Axundova Masallının icra başçısını bəyənmir?

Deputat Sumqayıtdakı “tort mərasimi”ndə söylədiyi fikirə aydınlıq gətirdi

İlham Əliyevin ad günü ilə bağlı Sumqayıtda hazırlatdırılan tortun “təqdimat mərasimi” ora dəvət olunan deputat Elmira Axundova üçün gələcəkdə baş ağrısına çevrilə bilər. Doğrudur, deputat Sumqayıtın icra başçısı Eldar Əzizovun özü üçün ənənəyə çevirdiyi “tortkəsmə” mərasimində hər hansı səhvə yol verməyib. Amma mərasim başa çatandan sonra onun Eldar Əzizovla vidalaşarkən ətrafına dediyi və kameralara düşən sözləri indiki siyasi sistemin mahiyyəti baxımından əməlli-başlı yanlışlıqdır və Elmira xanım bunun bədəlini ağır ödəməli ola bilər.

Söhbət Elmira Axundovanın Eldar Əzizovu tərifləmək üçün seçdiyi ifadələrlə deputat olduğu Masallı rayonunun icra başçısını bəyənməzlik nümayiş etdirməsindən gedir. Belə ki, deputat icra başçısı ilə görüşüb mərasimdən ayrılarkən ətrafa toplaşanları təbrik edir (?) və icra başçısının ünvanına bir-iki kəlmə xoş söz söyləyir. Bu zaman o, sayıqlığı əldən verərək elə belə də deyir: “Kaş bizim də belə bir rahbərimiz ola…”. Əlbəttə ki, Elmira xanım arzusunda İlham Əliyevi nəzərdə tutmur və tuta da bilməz. O bunu deputat kimi təmsil etdiyi Masallını nəzərdə tutaraq deyir. Onun danışığının kameralara düşən hissəsinidən da bu kontekst aydın hiss olunur.
Beləliklə, Elmira Axundova Eldar Əzizovun hazırlatdırdığı tortun dadındanmı, ya hər nədənsə sayıqlığını əldən verib və təmsil etdiyi rayonun icra başçısı ilə üz-göz olmaq üçün əsas yaradıb. Bəlkə də, arada hansısa aşkar-gizli narazılıqlar var və xanım deputat o ifadəni təsadüfən işlətməyib. Məsələyə aydınlıq gətirmək üçün Elmira xanımla əlaqə saxladıq. Onun cavabı belə oldu: “Öz vəzifəsini şərəf və ləyaqətlə icra edən hər bir dövlət məmuru mənim üçün arzuolunan şəxsdir və mənim aləmimdə yüksək hörmətə layiqdir. Rafil Hüseynovla bağlı onu bildirirəm ki, o, cəmi bir neçə aydır Masallı rayonunun icra başçısı kimi fəaliyyət göstərir. Buna baxmayaraq qısa vaxt ərzində rayon ərazisində xeyli quruculuq işləri həyata keçirmiş və bu proses onun tərəfindən indi də uğurla davam etdirilməkdədir.
Məlumat üçün onu da qeyd edim ki, hal-hazırda Masallı rayonundayam və bir sıra tədbirlərdə iştirak edəcəyəm, seçicilərimlə görüş və qəbullar keçirəjəyəm. Və mən görülən işlərin miqyasının janlı şahidiyəm. Rafil Hüseynovu guya bəyənmədiyimlə bağlı fikirləri inkar etməklə yanaşı qeyd edirəm ki, Masallı rayon icra başçısı ilə bir-birimizə hörmətlə yanaşır və qarşılıqlı əməkdaşlıq şəraitində rayonun inkişafı və problemlərinin həlli istiqamətində birgə fəaliyyət göstəririk”.

İnformasiya şöbəsi