Elşad Abdullayevin videoları xalqı niyə ayaqlandırmadı?

Elşad Abdullayevin videotekasından məlum görüntülər ortaya çıxandan sonra içi mən qarışıq, hər kəs bunu deyir:
normal ölkədə o videodakıların mində biri yayılsaydı, yer yerindən oynardı…
xalq küçələrə, meydanlara axışardı…
hakimiyyətin arxasına bir təpik vurub gedər-gəlməzə yollayardı.
Doğrudur, normal ölkədə sadaladıqlarımızın hər biri yaşanardı. Niyə?
Çünki normal ölkədə kimsə deputat mandatının pulla alınıb-satıldığını təxmin edə bilməz və bunu gözləri ilə gördükdə həm heyrətlənər, həm qəzəblənərdi.
Normal ölkədə kimsə mafiyanın dövlət aparatında kök saldığını, banditizmin idarəçilik formasına çevrildiyini ağlının ucundan belə keçirməz və bunun dəlillərini gördükdə həm heyrətlənər, həm öfkədən çıldırardı.
Amma Azərbaycan kimi anormal bir ölkədə o videodakıların heç biri xalq üçün yeni deyil. Gözlənilməz deyil. Orada xalqı təəccübləndirəcək, heyrətləndirəcək heç nə yoxdur.
O videolaradək də bu ölkədə 7-dən 77-yə hər kəs parlamentin pul gücünə və təyinatla formalaşdığını bilirdi.
O videolaradək bu ölkədə məmə deyəndən pəpə yeyənədək hər kəs dövlətin mütəşəkkil cinayətkar dəstənin əlində olduğundan xəbərdar idi. Dağ boyda Hacı Məmmədov vaqeəsi varkən o videolar kimi heyrətləndirə, təəccübləndirə dəhşətə gətirə və qəzəbləndirə bilərdi ki?
Qısası, xalqın səbr kasasının daşması…
“Yetər artıq, ya olum, ya ölüm” hayqıraraq ayaqlanması…
Küçələrə, meydanlara axışması və heydərizmi tarixə gömməsi üçün heç kimin bilmədiyi, təsəvvür etmədiyi, ağlının ucundan keçirmədiyi, ortaya çıxdığında böyük çoxluğun “bu qədər də olmaz ki!”, deyəcəyi bir rejim ayıbının, cinayətinin üstünün açılması gərəkir.
O ayıb, o cinayət bəlkə Elşad Abdulayevin videolarındakı rəzilliklərin yanında toya getməli olacaq, amma onun hamı üçün yeni, gözlənilməz olması xalqı rejimin üstünə qaldırmağa yetəcək də, hələ o yana da keçəcək.
Elşad Abdullayevin videoları qədər qorxunc…
Bugünlərdə internetdə 5 yaşlı bir uşağın videosu ən azı Elşad Abdullayevin videoları qədər izlənir və müzakirə olunur.
O videoda 5 yaşlı uşaq deyir: “Mən əsgər olmaq istəmirəm, əsgərlərə soyuqdur, onlar xəstələnirlər. Mən polis olmaq istəyirəm, maşınları saxlayacam, çoxlu pulum olacaq”.
Şərhə ehtiyac yoxdur bəlkə, amma bunu mütləq yazmalıyam:
Bu video heydərizmin ölkəni hara gətirdiyini, Əliyevlərin məmləkəti necə qorxunc bataqlığa sürüklədiyini göstərmək, məmləkətdə necə faciəvi bir nəsil yetişdirildiyini anlamaq açısından nə qədər dəhşətlidirsə…
Əliyevçi sistemin mahiyyətinə, iç üzünə artıq 5 yaşlı cocuğun belə, necə yaxşı bələd olduğunu görmək açısından da bir o qədər qiymətlidir.
Üçüncü Gülər möcüzəsini düşünərkən…
Gülər Əhmədovanın ilk videosunun yenicə ortaya çıxdığı günlər idi. Hər kəs onun həbs edilib-edilməyəcəyni dartışarkən onun şəxsi “facebook” səhifəsindən “Sevinin, Gülər Əhmədova insult keçirdi, sevinin” deyə bir status yayıldı.
Millət insult keçirmiş birinin necə “facebook” statusu yazdığı üzərində uzun müddət baş sındırarkən bu dəfə ikinci “möcüzə” yaşandı.
Gülərin həbs edildiyi xəbəri yayıldı, bunu dəqiqləşdirmək istəyən sayt əməkdaşının telefon zənginə elə onun özü cavab verdi.
Bu dəfə də camaat Əhmədovanın “həbsdə ola-ola telefonu qaldırmaq” mərifətinə heyran qaldı.
Sizə bir şey deyimmi?
Allah Gülər xanıma can sağlığı, uzun ömür versin, nəvə-nəticə görsün, amma yenə də hər ehtimala qarşı bu silsilədən üçüncü dəfə nə olacağını düşünəndə mənim tüklərim biz-biz olur.
Belə çox maraqlı
Gülər Əhmədova məlum videoların ilki çıxandan sonra üstünə gələn YAP-çıların çoxunu “Ağzımı açdırmasınlar” deyə susdurmuşdu.
Danışmağa davam edən bir-iki YAP-çı da dərhal “valı dəyişdirmiş”, üslublarını yumşaltmış, hətta Gülərə şirin görünməyə çalışmışdılar.
Ta ki Gülərin məlum və məşhur “Xoruz baba” statusunacan.
Sözüm onda deyil.
Mənə maraqlıdır: Gülər “Ağzımı açdırmasınlar” demək əvəzinə, YAP-çılara “Ilk daşı günahsız olanınız atsın” desəydi, nə baş verərdi?
YAP-çılar yenə susardılarmı?
Yoxsa özlərini “günahsız” göstərmək üçün “ilk daşı atmaq” yarışınamı girərdilər?