Bir dəfə metroda 7-8 adamdan ayın tarixini soruşdum, heç biri dəqiq cavab verə bilmədi. Hətta biri dedi ki, bir dəqiqə gözləyin, dostuma zəng edib öyrənim. Neyləsin, hökumət bizi elə hala salıb ki, nəinki ayın tarixini, hətta adlarımızı dostlardan, qonşulardan öyrənirik. Və camaatın belə bir ağır durumunda arsız hökumət bayrama hazırlaşır.
Səhv etmirəmsə, məncə, indi 2012-ci ilin dekabr ayıdı, deyəsən, qarşıdan 2013-cü il gəlir. Amma bütün bayramlar kimi, Yeni ilin də bizə heç bir aidiyyəti yoxdur. Çünki bayramda balacalara təzə paltar, oyuncaqlar alarlar, yaşlı adamlara dolu zənbillə baş çəkərlər, evdə süfrə açarlar, bütün ailə bir yerə toplaşıb bir-birinə xoş sözlər deyər. Indi isə təkcə bir AILƏ bayramlarda süfrə başına toplaşa bilir, qalanları isə onların üzündən ev-eşiyindən, yurd-yuvasından pərən-pərən düşənlərdi. Hər il olduğu kimi, bu il də işsiz camaat barmağını sormaqla dərə-təpədə, dayanacaqda, tıxacda, xəndəkdə… Yeni ili qarşılayacaq. Həmişə yeyib-içməkdə olan hökumət isə 2013-cü ili qarşılamaq üçün xüsusi hazırlaşır: zarafat deyil, qarşıdan hakimiyyətin “qalım, yoxsa gedim?” ili gəlir. 2013-cü ilin gəlişinə qoyulan mayadan hiss olunur ki, hökumət Yeni ili öz tərəfinə keçirmək və əbədi olaraq hakimiyyətdə qalmaq istəyir. Ona görə də bu il küçələrdə bəzədilmiş yolkaların sayı çoxdur, hara gəldi “2013-Xoş gəlmisən!” yazılan plakatların say-hesabı yoxdur. Bu hakimiyyətdən hər cür rəzillik gördük, hətta Yeni ilə yaltaqlanmağını da. Vallah, utanmasalar, hər yerə yazıb yapışdırarlar ki, “dədəm-nənəm sənə qurban ay Yeni il, elə et ki, gedəndə səni biz yola salaq”.
2013-cü ili gözlə görmək, əllə tutmaq mümkün olsaydı, gələn kimi onu sürüyüb YAP-a üzv də edərlər. 2013-cü ilə qonaqlıq vermək, onu içirdib sərxoş etmək üçün artıq balaca vəzifəli məmurlar boğazlarına torba keçirib dükan-dükan, ofis-ofis, sex-sex… şampan, araq pulu yığmaqla məşğuldurlar. Bayram ərəfəsində pul yığanlar, pay istəyənlər bir az gec gələndə camaat narahat olur, boğazı qalstuklu, qucağı aktla dolu dilənçilərdən nigaran qalır, zəng edib deyirlər ki, gəlin çıxın VERib rahatlanaq da, sonra da arxayın-arxayın barmaqlarımızı soraq.
Bir balıqçı dostum var. Hər axşam oğluma zəng edib internetdən hava haqqında məlumatı öyrənir. Beş-altı gün idi zəng etmirdi, narahat olduq. Fikirləşdim ki, bəlkə, çaşıb küləkli hava yerinə ona mülayim hava olacağını demişik. O da bizə inanıb, ova çıxıb və külək onu uzaqlara aparıb. Amma sonra öyrəndik ki, bayrama yaxın tufan, ağ yel də olsa balıqçılar mütləq dənizə girib, torları ovla dolu geri qayıtmalıdırlar. Axı məmur süfrələrində balıq olmasa, sehrli Xəzər Neft baba yada düşməz, dilxorçuluq olar. Dostum deyir ki, 2-3 gün əvvəl möhkəm külək idi, sahildə dayanıb dənizə baxırdım. Bir də gördüm sərhədçilər, FHN-çilər, su nəqliyyatı polisi, sahə polisi, ekologiya əməkdaşları kəsdilər başımın üstünü. Biri dedi ki, arvadın ürəyi qızıl balıq istəyir, 7-8 aydan sonra oğlunun rəisi dünyaya gələcək, o biri dedi ki, bizim arvadın ürəyi kürü istəyir, 4-5 aydan sonra dünyaya gələcək rəisin artıq təpik atmağa başlayıb, iki-üçü isə dedi ki, bəs, bu gecə gələcək rəislərin dünyaya gəlib, arvadların ürəyi quymaq yox, balıq istəyir. Dostum da əsəbiləşib deyib ki, mənim də ürəyim arvadımı istəyir, bir ildir sizin arvadların üzündən evə gedə bilmirəm, uşaqlar kilkə üzünə də həsrət qalıb. Əlində yekə siyahı tutan bir cubbulu məmur balıqçının əsəbiləşdiyini və dənizə girməyəcəyinə əmin olandan sonra dizlərinə, üz-gözünə döy-döyə başlayıb ağlamağa. Deyib ki, mən bədbəxt, rəisimin rəisinin rəisi üçün indi bunları hardan tapım? Əlindəki siyahıda “60 kilo ağ balıq, 10 dənə qızıl balıq, 10 dənə sudak, 20 dənə kütüm, 5 dənə sazan” yazılıbmış. Analoqu olmayan, dövlət idarələrindən birinin blankına yazılan siyahı məndədi, 2013-cü ildə Heydər Əliyev Arxivinə bağışlayacağam. Maraqlıdır, həmin siyahını tərtib edən rəisin neçə arvadı var və rəis balıqları arvadları arasında necə böləcək? Çox çətin “məsələ”di, “həll” etmək üçün mülayim hava şəraiti olmalıdır.
Yeri gəlib, balıqçı dostumun danışdığı bir əhvalat ölkənin indiki halına çox bənzəyir. Dostum deyir ki, bir dəfə qəfildən möhkəm külək qalxır, balıqçıları dənizdə yaxalayır. Hamı başlayır Allaha yalvara-yalvara bir-birinə təsəlli verməyə: inşallah, Allahın köməkliyi ilə hər şey yaxşı olar, bu bəladan qurtularıq, sahilə sağ-salamat çıxarıq. Amma balıqçılardan biri heç nə danışmır, eləcə tez-tez avar çəkir. Dostları ona deyir ki, sən niyə susursan, bir kəlmə nəsə de, təsəlli ver, səncə xilas olarıq? Balıqçı bir rəngi qaçan dostlarına, bir üstlərinə gələn yekə dalğaya baxıb deyir: “Ay axmaqlar, boş yerə xəyallar qurmayın, bu müsibətdən Allaha yalvarmaqla çətin xilas olaq, avar çəkin, yoxsa hamımız öləcəyik…”.
P.S. Görəsən, batmaqda olan ölkəni Elşad Abdullayevin hakimiyyətin iç üzünü göstərən videoları xilas edəcək? Çətin, çünki əksəriyyət Allahın avar çəkməyini gözləyir…

2013-cü ildə Heydər Əliyev Arxivinə verəcəyim siyahı
•