Səfər Əbiyev Rusiya Federasiyasını ittiham etdi

Dekabrın 24-də Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Rusiya Federasiyasının Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini qəbul edib. Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət və hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə olunub.

Dağlıq Qarabağ münaqişəsinə toxunan Səfər Əbiyev bildirib ki, problemin indiyə qədər həll edilməməsinin başlıca səbəblərindən biri Rusiya Federasiyasının da həmsədr ölkə olduğu Minsk qrupunun nəticəsiz fəaliyyəti ilə bağlıdır. Müdafiə naziri qeyd edib ki, Dağlıq Qarabağda baş qaldıran separatizmin vaxtında qarşısının alınmaması problemin yayılmasına şərait yaradıb və bu gün Rusiyanın özü həmin problemlərlə qarşılaşıb.

Görüş zamanı rusiyalı səfir müdafiə nazirinə ölkəsinin Azərbaycana təyin olunmuş yeni hərbi attaşesini təqdim edib.

Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.