Müstəqil mətbuatın flaqmanı

«Azadlıq» qəzetinin 23 yaşı tamam oldu

Dekabrın 24-də Azərbaycanın müstəqil mətbuatının flaqmanı “Azadlıq” qəzetinin nəşrə başlamasından düz 23 il ötdü. Dünən gün ərzində ölkənin fəal ictimaiyyətindən – siyasi partiya rəhbərlərindən, ayrı-ayrı QHT-lərdən, hüquq müdafiəçilərindən, oxucularımızdan, qəzetin keçmiş əməkdaşlarından, eləcə də bəzi dövlət orqanlarından təbriklər aldıq.
Onların bir qismi redaksiyaya gələrək qəzetin kollektivini əyani şəkildə təbrik etdilər, bir qismi də arzu və təbriklərini telefonla çatdırdılar. Ölkənin aparıcı mətbuat orqanları da “Azadlıq”ın ad gününü diqqətdən kənarda qoymadılar. Həmkarlarımız redaksiyaya gələrək qəzetin 23 illiyi ilə bağlı reportajlar hazırladılar, bir sıra KIV-lərdə, həmçinin sosial şəbəkələrdə isə qəzetin ünvanına çoxsaylı təbriklər ünvanlandı.  
“Azadlıq” qəzeti 1989-cu ilin noyabrında Azərbaycan Xalq Cəbhəsinin orqanı kimi təsis olunub, ilk nömrəsi həmin ilin 24 dekabrında çapdan çıxıb. Qəzetin ilk baş redaktoru mərhum Nəcəf Nəcəfov olub. Ondan sonra baş redaktor vəzifəsinə Qənimət Zahid, Gündüz Tahirli, Rövşən Hacıbəyli və yenidən Qənimət Zahid seçilib. Azərbaycan Xalq Cəbhəsi 1995-ci ildə partiyaya çevriləndə qəzetin təsisçiliyindən kollektivin xeyrinə imtina edib, o vaxtdan təsisçi qəzetin kollektividir. Azərbaycan qəzetçiliyində bir çox ənənələr məhz “Azadlıq”a aiddir. Məsələn A:3 formatlı qəzetlərə 6 sütunluğu “Azadlıq” gətirib. Azərbaycanda ilk dəfə olaraq məhz bu qəzetin materialları kompüterdə yığılıb. “Azadlıq” qəzeti ilk saylarından etibarən medianın dördüncü hakimiyyət funksiyasını həqiqətən də yerinə yetirməyə çalışıb. Bundan AXC-nin hakimiyyətdə olduğu 1992-1993-cü illərdə də  imtina etməyərək, tənqidçi mövqedə dayanıb.
1993-cü ildə Azərbaycanda hakimiyyət dəyişikliyi baş verəndən və Əliyevlər hakimiyyətə gələndən sonra “Azadlıq” qəzetinə qarşı daim basqı siyasəti həyata keçirilib. Bu siyasət indiki ölkə başçısı Ilham Əliyevin atasını prezident kürsüsündə əvəzlədiyi 2003-cü ildən sonra daha da şiddətlənib. Bu illər ərzində qəzetin əməkdaşları dəfələrlə həbs olunub, təqibə məruz qalıb, döyülüb, bıçaqlanıb və s. 2006-cı ildə isə qəzet “Xaqani 33″də uzun müddət yerləşdiyi redaksiya binasından çıxarılıb.
Qəzetin baş redaktoru Qənimət Zahidin ailəsi və bir neçə əməkdaş hakimiyyətin repressiyaları ucbatından mühacirət ediblər. Lakin bütün bu çətinliklərə baxmayaraq, bu ilin oktyabrında “Azadlıq”ın 5 mininci sayı çapdan çıxıb. Bu o deməkdir ki, “Azadlıq”a tələbat var və qəzet onu susdurmaq istəyənlərə qarşı əzmlə duruş gətirir. Ilk sayı 200 min tirajla çıxan qəzet indiyədək çoxlu məşhur yazar yola salıb. Nəcəf Nəcəfov, Sabit Bağırov, Hikmət Hacızadə, Ağamalı Sadiq Əfəndi, Səfər Alışarlı, Ədalət Tahirzadə, Vaqif Səmədoğlu, Gündüz Tahirli, Afaq Vasifqızı və s.

“Azadlıq”