Əli Kərimliyə qarşı yeni təxribat planı

Hakimiyyət onu seçkidən kənarda saxlamaq üçün yeni cinayət işi hazırlayır

AXCP sədri Əli Kərimliyə yeni cinayət işi açıla bilər. Bu haqda Avropa.info-ya prokurorluq orqanlarındakı mənbə məlumat verib. Mənbənin dediyinə görə, “Elçibəyin zəhərlənməsi” senarisi boşa çıxdıqdan sonra AXCP sədrinə qarşı “böhtan atma” maddəsi ilə yeni cinayət işinin başlanmasına start verilib. Əsas olaraq da “Azadlıq Hərəkatı İştirakçıları” İctimai birliyinin sədri  Təhmasib Novruzovun baş prokuror Zakir Qaralova etdiyi müraciət götürülüb. Qeyd edək ki, hazırda həbsdə olan,  “Azadlıq Hərəkatı İştirakçıları” təşkilatının keçmiş üzvü  Bəhlul Muradov  Təhmasib Novruzovun  AXCP liderini öldürmək üçün MTN-in tapşırığı ilə plan qurduğunu və ona bu işi görmək üçün 50 min dollar pul  təklif etdiyini  demişdi .Təhmasib Novruzov isə Bəhlul Muradovun  Əli Kərimli tərəfindən danışdırıldığını iddia edirdi.

Mənbə bildirir ki, artıq Təhmasib  Novruzovdan  məsələylə bağlı izahat alınıb. Həmçinin cəmiyyətdə o qədər də tanınmayan  iki  jurnalistdən də ifadə alınıb ki, guya keçmiş döyüşçü, hazırda həbsdə olan Bəhlul Muradovun müraciətini işıqlandırmaq üçün AXCP sədri onlara göstəriş verib. Eyni zamanda hələlik Bəhlul Muradovdan izahat alınmasa da,  məsələ  dəqiqləşəcəyi  təqdirdə onun da Əli Kərimlinin əleyhinə danışdırılacağı gözlənilir.Mənbə bildirir ki, AXCP sədrini heç də “böhtan atma” maddələri ilə həbs etmək fikrində deyillər. Sadəcə olaraq bu “layihə”  prezident seçimlərinə qatılamaq istəyəcəyi təqdirdə üstündə cinayət araşdırması olduğu üçün onun qarşısını almaq niyyəti güdür.