Rəsul Cəfərov: «Bu davranış həm diplomatik qaydalara ziddir, həm də qeyri-etikdir»
Azərbaycanda üç QHT-nin təşəbbüsü ilə başladılan “Demokratiya naminə incəsənət” kampaniyasına dəstək verən xarici ölkə səfirlərinin bugünlərdə Prezident Administrasiyasına çağırıldığı barədə məlumat vermişdik. “Turan”ın yaydığı məlumatda deyilirdi ki, səfirlərlə Aparatın rəhbəri Ramiz Mehdiyev görüşərək onlara Azərbaycan hökumətinin narazılığını çatdırıb. R.Mehdiyevin səfirlərlə söhbəti kifayət qədər kəskin keçib. O, diplomatlara atdıqları addımın “yolverilməz” olduğunu bildirib.
Xatırladaq ki, diplomatlar Azərbaycanla bağlı “Demokratiya naminə incəsənət” beynəlxalq kampaniyasının 11 dekabrda Bakıda Caz Mərkəzində keçirilən təqdimat mərasiminə qatılıb və çıxış ediblər. Bunlar Böyük Britaniya və Fransanın səfirləri, o zaman Bakıda səfərdə olan ABŞ dövlət katibinin müşaviri Tomas Melia idi. Azərbaycan hökuməti hələ bu tədbirin səhərisi nəzarətindəki media vasitəsilə qərb diplomatlarını və ölkələrini kəskin şəkildə ittiham etmişdi.
Kampaniyanın təşkilatçılarından olan Insan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov onlarda bu barədə əlavə məlumat olmadığını, xəbəri də mətbuatdan oxuduqlarını deyir: “Nəzəri cəhətdən belə bir şey ola da bilər, olmaya da. Əgər bu, həqiqətən baş veribsə, səbəbi bizim üçün çox anlaşılmazdır. Çünki bu, dövlət qãurumlarının da dəvət edildiyi açıq bir tədbir idi. Məsələn, Prezident Administrasiyasından Əli Həsənovu telefonla da dəvət etmişdik, müraciət də etmişdik, amma gəlmədi. Belə olan halda bu tədbirə belə münasibətin göstərilməsi anlaşılan deyil. Indi biz həmin dəvət məktublarını sosial şəbəkələrdə yaymağa hazırlaşırıq”.
R.Cəfərov deyir ki, məlum kampaniya ilə bağlı təzyiqlərin olacağını əvvəldən istisna etməmişdilər: “Bilirdik ki, hücumlar da olacaq, bizə qarşı qarayaxma kampaniyası da aparılacaq. Kimlərsə polisə çağırılacaq və ya danışıqlara dəvət olunacaq. Belə bir şey olubsa, demək ki, bizim gözləntilərimiz özünü doğruldur. Fransa və Britaniya səfirləri Prezident Administrasiyasına çağırılıbsa, bu addım həm diplomatik qaydalara ziddir, həm də qeyri-etikdir”.