Ramiz Mehdiyevin amazonkaları – 2

Elşad Abdullayevin yaydığı videoların əsas simalarından biri, hazırda ictimaiyyətin axtarışında olan (!) Sevinc Babayevanın danışıq tərzi, leksikonunda olan söz baqajı və müdaxilə etdiyi məsələlərin miqyasını müşahidə etdikcə insanı dəhşət bürüyür desəm, yəqin ki, yanılmaram. Kimdir, bu Sevinc Babayeva?
Rəsmi məlumata görə, əvvəllər Nazirlər Kabinetində çalışmış bu qadın, daha sonra Azərbaycan Prezidenti yanında Dövlət Idarəçilik Akedimiyasında 10 ilə(!) yaxın bir müddətdə baş mütəxəssis kimi çalışmış və fəlsəfə üzrə elmlər doktorudur…
Hazırda iqtidarın “itirdiyi”(!) bu qadının videodakı görüntüləri, eləcə də mətbuata sızan son fotolarında zövqlü geyimi və xoş olan xarici görünüşü ilə davranışlarının təzadlar təşkil etdiyi diqqətdən qaçmır.
Kəsəsi, belə bir qadının səviyyəsinin tutduğu vəzifələrlə uymadığına hamımız şahid olduq. Ölməz Ü.Hacıbəyovun “O olmasın, bu olsun” filmindəki məhşur sualda olduğu kimi, “Sevinc xanımın hakimiyyətin təpəsindəkiləri ilə əlaqələri hansı zərurətdən yaranmışdı, onu kim kəşf etmişdi, rüşvətdə vasitəçilikdən başqa daha hansı xidmətləri var idi?”. Maraqlı suallardır, deyilmi?..
Onun rejimin əsas simalarından biri olan Ramiz Mehdiyevin kabinetini “su yolu” etməsi, Elşad Abdullayev kimi təcrübəli professor-hüquqşünasla amiranə tərzdə danışığı, nəhayət, maşınının oturacağının altında ağlasığmaz məbləğdə rüşvət daşıması, onu akademikin kabinetində sayması, bu xanıma olan hərtərəfli ehtiyacdan xəbər vermirmi?..
Kiçik bir haşiyə çıxmaq istəyirəm, təxminən on il əvvəl əlimdə Bakı Dövlət Universitetnin tarix fakültəsinin diplomu, Bakıdakı orta məktəblərin birində müəllim düzəlmək üçün inanılmaz çabalar xərclədim, bunun üçün hətta hakimiyyətdə vəzifə tutan tələbə dostlarıma belə müraciət etmişdim. Və mən təxminən 20-yə yaxın məktəb direktorunun qəbulunda oldum. Əksəriyyəti Sevinc Babayeva səviyyəsində (əda, savad və amiranəliyi baxımından – X.Ə.) və “Balzak” yaşlarında və ən əsası, yaşlarına baxmayaraq hələ də cazibədarlıqlarını itirməmiş(!) təxminən 15-ə yaxın qadın direktor, 4 min dollardan başlayan güzəştli (qeyd etdiyim kimi, “filənkəs”lərin adından gedirdim – X.Ə.) rüşvətin qarşılığında müəllim düzələcə biləcəyimi açıq şəkildə mənə bildirdilər. Hətta onlardan bir neçəsi, məndən yaxşı direktor müavini(!) çıxa biləcəyini də “uzaqgörənlik”lə qeyd etmişdilər.
Məlum məsələdir ki, alınmadı, amma mən məktəbləri gəzdikcə özüm üçün bir həqiqəti müəyyən etdim; bu direktorların hərəsinin bir məmur “krışası” var, onlar qeyri-rəsmi olaraq, nazirin yox, bu məmurların qarşısında hesabat verirlər. Yaxşı xatırlamıram, necə oldusa, bu xanım direktorların biri ilə xırdaca mübahisəmiz yarandı və o, məni Prezident Aparatında işləyən hansısa Novruz müəllimlə hədələdi, dedi ki, “kabineti tərk etməsən, ona zəng vuracam!”.
…O da mənə məlum oldu ki, qısa fasilələrlə 40 ildən çoxdur ki, hakimiyyətdə olan sülalə məmurların bu xanımlarla tanışlıqları sovet dövründən başlayıb. Bəziləri onların keçmiş katibəsi, bəziləri işçisi olub, qısası, bir-birinə etibar ediblər. Son 19 ildə isə, bütün bunlar(!) işgüzar münasibətlərlə əvəzlənib. Çünki hazırda Bakı şəhərində orta məktəb direktoru olmaq üçün, pedaqoji keyfiyyətlər çoxdan əsas sayılmır. Məktəbi gəlirli biznesə çevirənlərin kriteriya və tələbləri də başqadır. Direktorlardan sadəcə rüşvət toplamaq və bunun üçün “yaradıcı” olmaq (uzaq Sudandakı quraqlığa görə, “qabağa düşən” direktorun fantaziyasını təsəvvür edin – X.Ə.) tələb edilir ki, bunu da onların necə bacardığının şəxsən mən şahidi oldum. Təkcə bir faktı oxucuların nəzərinə çatdırım ki, bu direktorların hamısı dialoqu elə bir üslubda qururdular ki, sonda hər ikimiz, yəni mən və direktor bu rejimdən və onun əsas atributu(!) olan rüşvətdən xalqımızın tezliklə qurtulacağı ümidi ilə, yekdil rəyə gələrək ayrılırdıq…
…Hazırda ölkədə həllini tapmalı olan problemlərdən biri də qadın problemidir. Bəli, 19 ildə rejimin xanımları hansı keyfiyyətlərinə görə irəli çəkdiyinin əyani surətdə şahidi olmaqdayıq. Mən qəsdən şou-biznes başda olmaqla, xanımlarımızın məhkum olunduğu başqa alçaldıcı sahələri qabartmadım, bunları və yazımdakı üstüörtülü məqamları oxucuların ixtiyarına buraxıram… Sonda üzümü dünənə qədər özlərinə doğma saydıqları bu qadınları, videosu çıxandan sonra dələduz adlandıran YAP rəsmilərinə tuturam. Onları bu yola sürükləyib, arxalarında gizlənməyi kişiliyinizə necə sığışdırırsınız?!.