Əlövsət Osmanlı: “Nə qədər ki, bu məsələ Mərdanov və Şahbazlının ixtiyarındadır, dərslik sahəsində irəliləyiş olmayacaq”
Bir neçə gün öncə təhsil naziri Misir Mərdanov TQDK-nın dərsliklərlə bağlı keçirdiyi monitorinqdən danışıb. O, bildirib ki, Təhsil Nazirliyi gələn ilin dərslik hazırlığında TQDK-nın monitorinqlərinin nəticələrindən yararlanacaq. (APA, 18.12.2012).
Xeyli əvvəl isə nazir mətbuata bunları söyləmişdi: “Dərsliklərdə səhvlərlə bağlı elə də ciddi problem yoxdur. Müəyyən edilib ki, doğrudan da çatışmazlıqlar var. Çatışmazlıqların olması mümkündür, heç vaxt mütləq düzgün dərslik olmayıb. Bununla belə, problemlərin aradan qaldırılması üçün ciddi addımlar atılır. Tapşırıq vermişəm ki, dərslikləri hazırlayan qurumlar, nəşriyyatlar, Təhsil Nazirliyinin müvafiq şöbəsi TQDK-nın nümayəndələri ilə tez-tez görüşsünlər və mövcud problemləri aradan qaldırsınlar”. (APA, 04.04.2012).
Bu və bəzi digər məsələlərə təhsil eksperti, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlının münasibətini öyrəndik.
– Əlövsət müəllim, Misir Mərdanovun tapşırığından sonra dərslik sahəsində bir dəyişiklik baş veribmi?
– Bəli, baş verib, özü də yaxşılığa yox, pisliyə doğru. Həmin tapşırıqdan sonra çap olunan biabırçı dərsliklərə baxanda adam xəcalət hissi keçirir. Öz-özünə düşünürsən: Mənim millətim bu qədər savadsızdır ki, belə urvatsız dərsliklər işıq üzü görür?! Neçə ildir ki, təhsil nazirinə davamlı olaraq məktublar yazıram ki, bu dərsliklərlə təhsilimizin məzmununu dağıdırsınız, fəlsəfəsini dəyişdirirsiniz, Azərbaycan təhsilini uçuruma aparırsınız. Hətta bu dağıdıcılığına görə bir məktubumda ona bir vətəndaş olaraq “istefa verin!” mesajı göndərmişdim. Amma o, heç nəyi vecinə almadı. Bu da nəticəsi! TQDK-nın iradları da onun kimi, nazir üzdə onları birgə aradan qaldırmaqdan danışdı, arxada isə öz bildiklərini elədi. Faiq Şahbazlını salışdırdı onun-bunun üstünə. Şahbazlı da boyundan hündür tullanaraq gah TQDK-ya, gah təhsil ekspertlərinə, gah da keçmiş dərslik müəlliflərinə qarşı “hücuma” keçdi. Axırda da gəlib düşdülər bu cür acınacaqlı vəziyyətə. Bu gün Şahbazlını TQDK-nın seminarlarında boynubükük görəndə bilmirəm nə deyim. Adamdan soruşan gərək: Bu işlər ki, indiyədək sənin əlində idi, niyə həmin dərsliklərin geniş müzakirəsini keçirmirdin?! Neçə dəfə ona deyilib ki, sənin dərsliklərin bərbad gündədir, gəl müzakirə edək. Hətta silsilə məqalələrimdə və kitabımda Faiqə bildirmişəm: “Dünyada bircə dərslik göstər ki, içərisində sənin “Riyaziyyat-1” dərsliyindəki səhvlərin 1 faizi qədər səhv olsun”. Kimə deyirsən, gözü ayağının altını görməyən bu adam hər şeyi qulaqardına vurdu. Cavabı da bu oldu ki, hər yoldan keçənin sözü ilə dərslikləri müzakirə edəsi deyilik ki. Bir sözlə, nə qədər ki, bu məsələ Mərdanov və Şahbazlının ixtiyarındadır, dərslik sahəsində irəliləyiş – müsbətə doğru dəyişiklik haqqında düşünmək, özünü aldatmaqdan başqa bir şey deyil.
– Bəs onda nədən Misir Mərdanov “dərsliklərdə səhvlərlə bağlı elə də ciddi problem yoxdur” – deyir? Bəlkə onların içərisindən xəbərsizdir?!
– Tamamilə mümkündür. Əvvəla, Mərdanovun dərslikləri təftiş etməyə vaxtı yoxdur. Digər tərəfdən, bir adamın ki, öz kitablarından xəbəri olmasın, daha doğrusu, 1, 5, 6-cı siniflərin “İnformatika” dərsliklərinin müəllifi ola-ola, “mən heç bir informatika dərsliyinin müəllifi olmamışam” – desin, onun başqasının dərsliyindən nə xəbəri ola bilər?! Burada ən böyük günah, birincisi, Misir Mərdanovun və Faiq Şahbazlının, sonra isə Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ), Təhsil Problemləri İnstitutunun və Kurikulum Mərkəzinindir. Çünki təhsilin məzmununa görə bir nömrəli cavabdeh onlardır…
1-5-ci siniflərin “Riyaziyyat” dərsliklərini araşdırmaqda Misir Mərdanovun heç bir problemi yoxdur. Bunun üçün dərinliklərə getmək də lazım deyil, hər şey üzdədir, sadəcə olaraq, vizual nəzər yetirmək kifayətdir. Özü də Misir Mərdanov riyaziyyatçıdır, fizika-riyaziyyat elmləri doktorudur. Görünür, hansı maraqlardansa, onu bu gün dərslik yox, “Riyaziyyat” adlı “makulatura” qane edir.
“Dərsliklərdə elə də problem yoxdur” – deyən nazir, görəsən, bu sözünün fərqindədirmi?! Mənə aydın deyil ki, bu adam nəyi problem sayır?! Götürək builki 1-ci sinif “Riyaziyyat” dərsliyini. Bu dərslikdə:
– proqramda nəzərdə tutulan 49 standartdan 20-si, yəni 40 faizi ya tam, ya da normal şəkildə əksini tapmayıb;
– proqramdan çoxlu sayda kənaraçıxmalar var;
– struktur və sistem xətalarının say-hesabı yoxdur, tədris vahidləri (bölmələr) düzgün qurulmayıb, fəndaxili və fənlərarası inteqrasiyalar düz-əməlli aparılmayıb, materialların verilməsində intensivlik gözlənilməyib;
– sagirdlərin yaş və fizioloji xüsusiyyətləri nəzərə alınmayıb;
–saysız-hesabsız elmi-pedaqoji səhv və dil-üslub xətaları var;
– tərtibat məsələsinə barmaqarası baxılıb.
Əgər bunları da Misir Mərdanov adi şeylər hesab edirsə, onda onunla danışmağa dəyməz…
– Faiq Şahbazlının “dərs ilinin başa çatmasına 5 ay müddət qalıb, sınaqdan keçmədən dərsliklərin monitorinqini aparmaq düzgün deyil” – fikrinə münasibətiniz necədir?
– Faiq Şahbazlı bu fikrinin ardınca isə “TQDK Təhsil Nazirliyinin qiymətləndirməsini hörmətdən salmaq üçün yeni qiymətləndirmə modeli yaradır” – deyib. Yəqin ki, bir az danışdırsalar, ondan çox şey eşidəcəyik. Şahbazlının savad problemi var. Görünür, onun başı o qədər yan işlərdən ayılmır ki, “sınaq”, “aprobasiya” sözlərini “monitorinq” sözü ilə qarışdırır. Şahbazlı hələ də bilmir ki, DQŞ-nin apardığı qiymətləndirmə ilə TQDK-nın apardığı monitorinqin hədəfləri eyni deyil və bu səbəbdən də onların meyarları eyni ola bilməz. Digər tərəfdən, dərs ilinin başa çatmasına 5 ay qalmasının monitorinqə nə dəxli var?! Məlum fərmana əsasən TQDK istifadədə olan dərslikləri hər bir yöndən araşdırmalı, ölkənin bütün regionlarından gələn təklifləri və iradları toplayıb saf-çürük etməli və bu əsasda ümumiləşdirmə apararaq gerçək vəziyyəti yuxarı instansiyalara çatdırmalıdır. Buna görə, Faiq Şahbazlının dediyi kimi, 5 ay gözləməkmi lazımdır?! Yaxşı olar ki, bu adam başqalarına məsləhət verincə, öz bəd əməllərini gözünün qarşısına gətirsin. Papağını qabağına qoyub düşünsün ki, dərsliklərimiz nədən bu günə düşdü. Onun bu fikirlərinə el arasında “özünə umac ova bilmir, başqasına əriştə kəsir” – deyirlər. Yadınızda varsa, bir neçə gün öncə Faiq Şahbazlı APA-ya açıqlamasında “TQDK dərsliklərin monitorinqi zamanı Təhsil Nazirliyindən narazı adamlardan daha çox istifadə edir” – dedi. Belə məntiqin sahibinə nə deyəsən?!
– TQDK-nın dərsliklərlə bağlı monitorinqindən gözləntiləriniz nədir?
– Sualınıza birbaşa cavab versəm, subyektivlik alınar. Əslində TQDK-dan cəmiyyətin çox böyük gözləntiləri var. Bu qurum ağır, məsuliyyətli və taleyüklü bir işin altına girib, daha doğrusu, bu yükü onun çiyninə qoyublar. Dərslik sahəsində baş alıb gedən “bespredelin” qarşısını almaq o qədər də asan məsələ deyil. Amma bununla yanaşı, bir sadə formul da var: Sağdan, soldan, yuxarıdan, aşağıdan təzyiqlərə baxmayaraq düzgün, dəqiq və qərəzsiz qərar qəbul etmək! Çünki düz həmişə əyrini kəsir…
Bir az öncə bildirdim ki, dərsliklərin monitorinqini TQDK öz təşəbbüsü ilə həyata keçirmir. Bu, ölkə başçısının fərmanı ilə ona həvalə edilib. Əgər bu qurum, doğrudan da, yuxarıların etimadını doğrultmaq və aşağıların inamını, etibarını qazanmaq istəyirsə, onda hər şeyi haqq-ədalət tərəzisi ilə ölçməli, millətin və dövlətin gələcəyi naminə düzgün qərarlar qəbul etməlidir!..