Helen Qudman «The Huffington Post»da məqalə yazıb Əliyevlərə qarşı təzyiqi artırmağa çağırdı
«Azərbaycanda vəziyyət təsəvvür olunduğundan da pisdir»
Bir neçə gün əvvəl Böyük Britaniya parlamentində Azərbaycanda insan hüquqlarının acınacaqlı vəziyyətinə görə hakimiyyəti sərt tənqid edən xanım Helen Qudman (Helen Goodman) “The Huffington Post” qəzetində də eyni mövzuda məqalə ilə çıxış edib. Britaniyalı deputatın qələmə aldığı məqaləni təqdim edirik:
Azərbaycan hakimiyyəti aqressivləşib…
Bu il noyabrın əvvəlində mən ilk dəfə Azərbaycanda oldum. Səfərimin məqsədi Bakıda keçirilən Internet Idarəçiliyi Forumunda iştirak etmək idi. Internet kommunikasiyanın ən azad vasitələrindən biri olmaqla, son dövrlərdə baş verən siyasi proseslərdə, o cümlədən “Ərəb baharı”nın baş verməsində ciddi rol oynadı. Təəssüf ki, bu məsələdə eyni sözləri Azərbaycanla bağlı demək olmur.
Bu il Azərbaycanda iki böyük tədbir keçirildi – “Eurovision” musiqi yarışması və Internet Idarəçiliyi Forumu. Çoxları ümid edirdi ki, Azərbaycan hökuməti bu imkanlardan ölkədəki vəziyyəti yaxşılaşdırmaq baxımından “yeni səhifə açmaq” üçün istifadə edəcək. Təəssüf ki, bu baş vermədi. Əksinə, hakimiyyətin rejimi tənqid edənlərə və jurnalistlərə qarşı münasibəti daha da aqressivləşdi, hücumlar artdı.
Hakimiyyəti atasından miras almış Ilham Əliyevin şəkilləri Bakının küçələrini bəzəyir. Amma Azərbaycanda insan hüquqları sahəsində vəziyyət təsəvvür olunduğundan da pisdir.
Bu ölkədə hakimiyyəti tənqid edən jurnalist güllələndi
Mən Bakıda olan zaman orada jurnalistin məhkəməsi keçirilirdi. O jurnalistin də yeganə ehtimal olunan cinayəti hakimiyyəti tənqid etməsi idi. Həmçinin səfər müddətində Forumun iştirakçılarından Avropa Komissiyasının vitse-prezidenti Neli Krousun kompüterinə müdaxilə edildi.
Təəssüf ki, Azərbaycanda insan hüquqlarının pozulması bitmək bilmir və günü bu gün də davam edir. 2005-ci ildə bu ölkədə prezidenti tənqid edənlərdən biri – “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov güllələndi. Bu ilin əvvəlində daha bir jurnalist Idrak Abbasov Dövlət Neft Şirkətinin əməkdaşları tərəfindən hücuma məruz qalmışdı.
Hələ bu da son deyil. Azərbaycanda hazırda təxminən 70 nəfər siyasi məhbusun olduğu bildirilir. Bu ölkədə ifadə azadlığı, sərbəst toplaşmaq azadlığı sərt şəkildə məhdudlaşdırılıb. Hakimiyyət ənənəvi mediaya nəzarət edir. Kütləvi etiraz aksiyaları zorakılıqla dağıdılır, nümayişçilər həbsxanaya salınır.
Britaniya Azərbaycan hökumətinə təzyiqləri artırmalıdır
Azərbaycan Avropa Şurasının üzvü olmaqla, eyni zamanda, Insan hüquqları və əsas azadlıqların müdafiəsinə dair Avropa Konvensiyasını ratifikasiya edib. Bu isə o deməkdir ki, Azərbaycan hökuməti öz vətəndaşlarının hüquqlarını pozmaqla, eyni zamanda, beynəlxalq razılaşmaları da pozmuş olur.
Avropa Şurası Parlament Assambleyası yaxın vaxtlarda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzə və qətnamə layihəsini müzakirə edəcək. Azərbaycan hökuməti bu qətnamənin hazırlanmasında Avropa Şurası ilə əməkdaşlıqdan imtina edib.
Böyük Britaniya kimi dövlətlər Azərbaycan kimi ölkələrə insan hüquqları sahəsindəki öhdəliklərini xatırlatmaqda aparıcı rol oynaya bilər. Britaniya hökuməti və parlamenti vaxtilə hökuməti tənqid etdiyinə görə həbs olunan Emin Millinin azadlığa buraxılması üçün Azərbaycan hakimiyyətinə təzyiq göstərdi.
Lakin Böyük Britaniya daha çox şey eləyə bilər və eləməlidir. Britaniya hökuməti diplomatik kanallardan istifadə edərək, Azərbaycan hakimiyyətinə insan hüquqları sahəsindəki öhdəliklərini kəskin şəkildə xatırlatmalıdır. Bundan başqa, britaniyalı parlamentarilər AŞ PA-da müzakirələr zamanı Azərbaycanda siyasi məhbuslarla bağlı sərt qətnaməni dəstəkləməli və siyasi məhbusların azadlığa buraxılması üçün hökumətə çağırış etməlidir.
Siyasət şöbəsi