Analoqu olmayan Əliyevlər yönətimi

2006-cı il idi. Tanış bank yetkililərindən birilə oturub “öz aramızda” qonuşurduq. Ona Azərbaycandakı sözün gerçək anlamında vəhşi kredit siyasətindən danışırdım. Dünyada belə kredit siyasətinin analoqu olmadığını deyirdim. Başlıcası da aqrar sektora yönəlik kredit siyasətinin xalqı çökdürmək, var-yoxdan çıxarmaq siyasəti olduğunu vurğulayırdım. Bəlli olduğu kimi, bizdə aqrar sektora kreditlər ən azı 20-24 faizə verilir. Bir daha vurğulamaq gərəkir: bu, dünyada analoqu olmayan kredit siyasətidir.
Danışdığım bank yetkilisi dediklərimin hamısının düzgün olduğunu vurğulamaqla bildirdi: “Darıxmayın, tezliklə bizdə də dediyiniz kimi normal kredit siyasəti yürüdüləcək. Dünya Bankı qabaqlar yumşaq dediyini indi sərtliklə deməyə başlayıb. Dünya Bankı prezident Ilham Əliyevin qarşısına belə bir şərt qoyub: aqrar sektora verilən kredit 5 faizi aşmamalıdır – Bankın kredit proyekti prezidentin stolunun üstündədir, bugünlərdə imzalayıb bizə göndərməlidir”.
“Bugünlərdən” görün neçə il keçib – kredit siyasəti hələ də dəyişməmiş qalır!
Aqrar sektora yönəlik vəhşi kredit siyasəti ilə bağlı indiyədək çoxlu yazı yazmışam. Oxucuda istər-istəməz soru yarana bilər: niyə, nədən ötrü? Niyəsi, nədən ötrüsü belədir: illərlə oxuyub öyrəndiklərimdən bilirəm – aqrar sektorun gərəyincə gəlişməsi sonucda bütün xalqın, bütün ölkənin gəlişməsinə gətirib çıxarır. Bunu 300 il qabaq böyük fransız düşünəri Jan-Jak Russo da deyib. Gəlişmiş aqrar sektor xalqın dizinə güc, özünə təpər verir. Özləri üçün “uğurlu neft-qaz strategiyası” yürüdən ata-oğul Əliyevlər bilməməkdən yox, bilərəkdən, planlı olaraq bizdə aqrar sektoru çökürdürblər – bu yolla xalqı çökdürmək, onun dirçəlib başını qaldırmasına yol verməmək üçün!
Bugünlərdə başqasının yox, yuxarıda sözü keçən Dünya Bankının (dünyada bircə dənə belə bank var) Azərbaycanla bağlı hesabatı yayıldı. Bu, Azərbaycanda indiki ekonomik duruma Bank ekspertləri düzəyində aydınlıq gətirən bir hesabatdır. Burada bildirildiyinə görə, son on ildə Azərbaycan özünün “qızıl dönəmini” yaşayıb. Bu sürədəki gəlişmə yalnız neft-qaz sektoruna görə baş verib. Neft-qaz sektorundan özgə sektor gəlişdirilməyib. Ekonomik diversifikasiya (bölünmə, paylanma) baş vermədiyindən uzunsürəli durağan ekonomik gəlişmə olanağı qaçırılıb. Bu illər boyunca ölkədə yanlış maliyyə siyasəti yürüdülməsi, aqrar sektorun, qayırma-düzəltmə sənayesinin gəlişməsinə çalışılmaması, neft gəlirlərindən gərəyincə yararlanmama faktları da hesabatda ayrıca vurğulanır. Dünya Bankının ekspertləri eləcə də Neft Fondu ilə bağlı yanlış siyasət yürüdüldüyünü bildirirlər. Bizim düşüncəmizə görə, ekspertlərin yanlış saydığı siyasətlərin hamısı, düzgün yürüdülən siyasətlərdir, ancaq ANTI-MILLI, ANTI-DEMOKRATIK, IŞĞALÇI rejim siyasətləri olaraq!
Bu il oktyabrın 10-da I.Əliyevin bp ilə bağlı nələr dediyi hamının yadındadır. I.Əliyev bp-ni Azərbaycana 8 milyardlıq itki qazandırdığına görə asıb-kəsmişdi. Sözsüz, onun özünün göstərişilə rejim KIV-ləri bütünlüklə bp-ni söyüb-yamanlamağa girişmişdilər. Lap elə bugünlərdə hamıya bəlli Bazarbaycan qəzeti yazmışdı: “Böyük Britaniya şirkəti olan bp-nin Azərbaycanda qazandığı milyardların müqabilində Ingiltərənin müxtəlif hüquq-müdafiə təşkilatlarının, o cümlədən BBC başda olmaqla, müxtəlif media orqanlarının Azərbaycana qarşı səlib yürüşü təşkil etməsi anlaşılan deyil”. Budur, Bazarbaycan qəzeti özünün, rejimin prinsiplərinə uyğun olaraq çoxlarına qaranlıq qalan nəsnəyə aydınlıq gətirir: dava millət davası deyil, yorğan davasıdır.
Yeri gəlmişkən, bp-nin “Forbes”dəki reaksiyasında I.Əliyevin Neft Fondunu dağıtdığı vurğulanırdı. Bugünlərdə – seçkiöncəsi – Əliyevlə bp-nin anlaşıb, qardaşlaşdığı ortaya çıxdı. O da qazanır, bu da qazanır, Azərbaycan… yerə uzanır.