Ziyalılar YAP-çı deputatı səviyyəsiz adlandırdı

Rüstəm İbrahimbəyov: «Siyavuş Novruzov elə şəxsiyyət deyil ki, mən onun axmaq-axmaq sözlərinə cavab verim»

Eldar Namazov: «Siyavuş Novruzovun müsahibələri hakimiyyəti ifşa etmək baxımından böyük rol oynayır»

Qeyri-adi açqlamaları ilə diqqəti özünə cəlb etməyi bacaran YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov yenə özünəməxsus fikirlər səsləndirib. S.Novruzov AzNews.az saytına müsahibəsində növbəti dəfə Ziyalılar Forumunu və Rüstəm Ibrahimbəyovu hədəfə alıb.
R.Ibrahimbəyovun Azərbaycan hakimiyyətinin ünvanına səsləndirdiyi tənqidi fikirlərə toxunan YAP-çı deputat Rusiyadakı bəzi qüvvələrin Rüstəm Ibrahimbəyovu Azərbaycana qarşı çıxışlara vadar etdiyini deyir. S.Novruzovun sözlərinə görə, Ziyalılar Forumunun Azərbaycan xalqına hər hansı faydası yoxdur, onlara ziyalı demək düzgün deyil.
YAP icra katibinin müavini hesab edir ki, çətin dövrlərdə R.Ibrahimbəyov qaçıb gizlənib, Milli Azadlıq Hərəkatı yaradılan zamanda da öndə olmayıb: “Amma indi R.Ibrahimbəyov kimi şəxslər hazıra nazir olmaq istəyirlər. Rüstəm Ibrahimbəyov, Rafiq Əliyev və başqa bu kimi şəxslərin yadına ziyalı olmaq indi düşür”.
YAP icra katibinin dediklərinə R.Ibrahimbəyovun da fikirlərini öyrənmək istədik. Lakin o, S.Novruzov kimilərə cavab vermək həvəsində və marağında olmadığını bildirdi: “Siyavuş Novruzov elə şəxsiyyət deyil ki, mən onun axmaq-axmaq sözlərinə cavab verim”.

Ziyalılar Forumunun üzvü Eldar Namazov isə YAP icra katibinin dediklərini cavabsız qoymadı və S.Novruzovu Azərbaycan ziyalılığının antipodu adlandırdı: “Heydər Əliyevin ötən əsrin 70-ci illərində Azərbaycanın ictimai-siyasi həyatına gətirdiyi bir antipod ifadəsi var. O sözün mənasını çoxları anlamasa da, bu söz Azərbaycanda çox populyar olmuşdu. Həyatda da, təbiətdə də hər bir hadisənin antipodu olur. Işıqla qaranlıq kimi, olda su kimi. Azərbaycan ziyalılığının da antipodu elə Siyavuş Novruzovdur”.
E.Namazovun sözlərinə görə, Siyavuş Novruzovun Rüstəm Ibrahimbəyov və başqa görkəmli ziyalılarımız haqqında yalan, şər və böhtanla dolu müsahibələrinə cəmiyyətdə hansısa bir cavab yoxdu. Çünki hamı onun da, Rüstəm Ibrahimbəyov, Rafiq Əliyev, Əkrəm Əylisli, Ramiz Rövşənin də kim olduğunu bilir.
E.Namazov Siyavuş Novruzovun müsahibələrinin hakimiyyəti ifşa etmək baxımından böyük rol oynadığını da qeyd etdi: “Siyavuş Novruzovun belə müsahibələri daha çox verməsinin tərəfdarıyam. Çünki hakim partiyanın, mövcud rejimin mahiyyətinin ifşa olunması baxımdan onun hər bir müsahibəsi Ziyalılar Forumunun, Ictimai Palatanın verdiyi bəyanatlardan daha çox rol oynayır və daha böyük təsir göstərir. Ona görə qoy elə bu cür danışsın və şər-böhtan kampaniyasını da davam etdirsin”.

Fizzə