Dekabrın 22-də Azərbaycan İslam Partiyasının 20 illik yubileyinin keçirilməsinə qadağa qoyulub. Bakının Yasamal rayonundakı “Elit” restoranına təyin olunmuş mərasimin rəsmi hissəsini keçirməyə imkan verilməyib. Restoranın binası polis nəzarətinə götürülüb.
Partiya sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli “Media forum” saytına deyib ki, restoran rəhbərliyinə Yasamal Rayon Polis İdarəsindən təzyiq olunub: “Tədbir saat 14-də başlamalı idi. Mərasimə yarım saat qalmış bizə məlumat verildi ki, polis yubileyin keçirilməsinə razılaşmır. Yasamal Rayon İcra Hakimiyyətinə və polis idarəsinə müraciət etdik. Tədbirin rəsmi hissənin ləğvi şərti ilə ehsan süfrəsi açılmasına razılıq verildi”.
Akif Heydərli bildirib ki, tədbirin rəsmi hissəsində partiya rəhbərlərinin, veteranların, qonaqların çıxışları nəzərdə tutulmuşdu: “Yubileyə səfirliklərin nümayəndələri, siyasi partiya liderləri, deputatlar, ictimai təşkilatların təmsilçiləri dəvətli idi”.
Azərbaycan İslam Partiyası 1992-ci ildə Ədliyyə Nazirliyində qeydiyyata alınıb. 1995-ci ildə təkrar qeydiyyat aparılarkən qeydiyyata alınmayıb. 2007-ci il iyulun 15-də keçirilən son qurultayda partiya sədri seçilən Mövsüm Səmədov 2011-ci ildə həbs olunub. 2011-ci il oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsi Mövsüm Səmədova 12 il iş kəsib. Partiya lideri hakimiyyəti zorla ələ keçirmə və başqa cinayətlərdə təqsirli bilinib.


