Müxalifətə qarşı istifadə edilən daha bir şəxsin ifşası

Polislə kirminal aləmi birləşdirən səbəb nədir?

Azərbaycanda müxalifətin aksiyasını dağıtmaq üçün hakimiyyətin qanunsuz dəstələrdən istifadə etməsi həmişə müzakirə mövzusu olub. 90-ci illərin sonunda kütləvi aksiyaların yatırılması ilə bağlı polisin yetərli olmadığı, güc orqanlarında belə sitiuasiyalarda davranış təcrübəsinin defisiti hardasa polisdən kənar qüvvələrin aksiyaya qarşı çıxarılmasını başadüşülən edirdi.
Indiki halda isə polisin sayının kifayət qədər artdığı, mitinqləri yatırmaq üçün ixtisaslaşan Çevik Polis Alayının, Daxili Qoşunların olması şəraitində aksiyada “qoçu dəstələri”nin istifadə edilməsi anlaşılmazdı.
Bəzi məlumatlara görə, polisin peşəkar heyəti müxalifətin keçirdiyi aksiyalarda insanlara qarşı amansız olmağı vicdanlarına sığışdırmadığında güc orqanları bu işə “cəmiyyətin dibi” sayılacaq şəxsləri səfərbər etməyi gərəkli bilir.
2011-ci ilin yaz-yay aksiyalarında mətbuat şərti olaraq “mülki geyimli” adlandırılan bu şəxslərinin bir neçəsini ifşa edərək deyilən iddiaların həqiqi olduğunu göstərə bilmişdi. Bəlli olmuşdu ki, aksiyaçılara qarşı aqressiya və qeyri-etik hərəkətləri ilə fəallıq edənlər içərisində ictimai nüfuzu olmayan, təhsilsiz, kriminal insanlar çoxdur.
Noyabrın 2-də Ictimai Palatanın Parlament önündə keçirdiyi aksiyanın dağıdılması zamanı yenə də qanunsuz dəstədən istifadə olunması barədə fakt əldə etmişik. Təqdim etdiyimiz fotoda AXCP fəalı Dəyanət Babayevin boyunundan yapışıb onu polis avtomobilinə salmaq istəyən şəxsin adı Nofəldir. Əldə etdiyimiz səhih məlumatlara görə, Nofəl polis deyil. Onun ev ünvanlarına qədər dəqiq məlumatlar “Azadlıq”dadır. Sadəcə qəzet bu məlumatları şəxsi məlumatlar kateqoriyasından sayıb yaymır.
Nofəl idmançıdır və ən qəribəsi budur ki, yaxın çevrəsinin ona “polisin adamı” atmacalarına aqressiv münasibət göstərir, polislə əməkdaşlığı “əsl kişiyə yaraşmayan” hal kimi qiymətləndirir. Nofelin qanun, qanunçuluğa münasibəti birmənalı neqativdir, buna işarə kimi onun telefonunun fon rəsmlərində kirminal aləmin avtoritetlərinin fotolarının olmasıdır.
Biz qəzet olaraq, DIN-nə müraciət edirik.
Fotoda Dəyanət Babayevin boğazında yapışan insan kimdir?
Onu DIN-ə hansı əlaqələr bağlayır?
Nofəl DIN-nin əməkdaşıdırmı?

Hikmət