Sivil ölkədə adları korrupsiyada hallananların hamısı istefaya gedərdi
Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə adları korrupsiyada hallananlar daxildir
Mivari Qəhrəmanlı: «Sevinc Babayeva ya gizlin yerdə həbsdə saxlanılır, ya da Mahir Abdullayevin yanındadır»
ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yaydığı videolarda ortaya qoyduğu faktları rəsmi orqanlar ciddi araşdırmasa da, hazırda ictimaiyyətdə böyük marağa səbəb olub. Baxmayaraq ki, E.Abdullayevin üstünü açdığı faktların bir çoxu ictimaiyyətə uzun illərdir məlumdur. Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının fikrincə, hamıya məlum olan gerçəkliklərin faktlarla ortaya qoyulması hakimiyyətin ifşası istiqamətində ciddi addımdır:
– Elşad Abdullayevin açıqladığı faktlar cəmiyyətin çoxdan bildiyi, lakin sübuta yetirə bilmədiyi faktlardır. Insanlar çox gözəl bilir ki, Milli Məclisə seçkilər ya təyinat, ya da korrupsiya yolu ilə aparılır. Müxtəlif beynəlxalq təşkilatlar Azərbaycanda korrupsiyanın daha da dərinləşdiyini, azalmadığını bəyan edirdilər. Bu günlərdə Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatı açıqlandı və Azərbaycan siyahıda yenə axırıncı yerləri tutur. Dəfələrlə vurğulanıb ki, Azərbaycanda insan alveri, insanlara işgəncə verilməsi, oğurlanması var. Mən bir hüquq müdafiəçisi kimi şadam ki, bizim insan hüquqlarına dair dediklərimiz öz təsdiqini tapdı. Insanlar nəhayət, sübut etdi ki, bu hadisələr var.
– Bu videolardan eyni zamanda məlum oldu ki, insan oğurluğu ilə kriminal qruplar deyil, hüquq-mühafizə orqanlarında əyləşənlər məşğul olur. Bu faktı necə dəyərləndirmək olar?
– Ölkədə insan oğurluğunun, insan alverinin olduğu dəfələrlə faktlarla sübut olunub. Vaxtilə Hacı Məmmədovun da məhkəməsində ortaya dəhşətli faktlar çıxmışdı. Azərbaycanda nəinki insan alveri mövcuddur, hətta ona qarşı mübarizə aparan QHT təmsilçiləri təqiblərə məruz qalır və izlənirlər. Mən özüm dəfələrlə şahidi olmuşam ki, sərhəddən körpə uşaqların keçirilməsinə ciddi nəzarət olunmur. Pasporta bir körpənin şəklini yapışdırıb, başqasını keçirmək tamamilə mümkündür. Azərbaycanda ən çox müşahidə olunan insanların oğurlanaraq işgəncə verilməsi və pul tələb olunmasıdır.
Mübarizə immuniteti zəifləyib
– Bu kimi ciddi faktlar hansı normal ölkədə açıqlansaydı, ciddi etirazlar yaşanardı, ya bu sahəyə cavabdeh nazir özü istefaya gedərdi, ya da onu prezident istefaya göndərərdi. Cəmiyyət də baş verənlərə biganə yanaşır. Bunun səbəbi nədir?
– Hakimiyyət bu ilin əvvəlində korrupsiyaya qarşı mübarizə şousu başladı və dövlət strukturlarında kiçik vəzifələrdə çalışan bəzi şəxslər məsuliyyətə cəlb olundular. Bununla göstərmək istədilər ki, guya korrupsiyaya qarşı mübarizə aparılır. Amma əsas hədəflər cəzasız qaldı. Korrupsiyanı yaradan quruma qarşı heç bir tədbir görülmədi. Mən korrupsiyaya qarşı mübarizə ilə bağlı bir neçə xarici ölkənin təcrübəsi ilə tanışam. Moldovada hətta hökumətin xərcləri internetdə yerləşdiriləcək ki, yüksək məmurlar dövlət vəsaitlərini hansı istiqamətlərə xərcləyirlər. Azərbaycan hökuməti isə bu barədə düşünmür. Bu ölkədə korrupsiyaya qarşı mübarizə komitəsinə isə vətəndaş cəmiyyətinin, parlamentdəki müstəqil fraksiyaların nümayəndələri daxildir. Azərbaycanda isə Korrupsiyaya Qarşı Mübarizə Idarəsinə adları korrupsiyada hallananlar daxildir. Mən dəfələrlə bu komissiyanın tərkibi ilə bağlı iradlarımı bildirmişəm, söyləmişəm ki, tərkib dəyişməsə, hər hansı ciddi irəliləyişə nail olmaq mümkün deyil. Elşad Abdullayevin videoları DIN-lə, prokurorluqla da bağlıdır. Onların hamısı isə korrupsiyada suçlanır və Korrupsiyaya Qarşı Mübarizə Komissiyasına daxildir. Sivil ölkədə adları korrupsiyada halananların hamısı istefaya gedərdi. Insanların aktiv etiraz etməməsinə gəlincə, sözün düzü mən vətəndaşlarımızı tanıya bilmirəm. Çünki onlar bir-birilə kuluarlarda danışanda hamısı rüşvətxor qrumları lənətləyirlər, amma insanlarda bu rejimə qarşı mübarizə imuniteti sıfır səviyyəsinə düşüb. Baş verənlərə görə hamı günahkardır. Vətəndaş cəmiyyəti də, müxalifət də.
– Elşad Abdullayevin videosunda əsas iştirakçılardan biri olan Sevinc Babayeva axtarışa verilib. Bu şəxsin cəmiyyətin diqqətində olduğu bir zamanda ölkədən çıxa bilməsi barədə məlumatlar yayılır. Bu nə dərəcədə mümkündür? Axı kiçik ittihamlar irəli sürülən müxalifətçiyə hətta yaşadığı şəhəri belə tərk etməyə qadağa qoyurlar?
– Sevinc Babayevanın ölkədən çıxarıldığını hələ tam sübut etmək olmaz. Sevinc Babayevanı heç bir ölkə siyasi mühacir kimi qəbul edə bilməz. O, ölkəni tərk etsə də, müvəqqəti gedə bilər. Mən şəxsən onun ölkədən çıxmaq ehtimalını sıfır hesab edirəm. Ya o gizlin yerdə həbsdə saxlanılır, ya da Mahir Abdullayevin yanındadır.
MTN ölkənin təhlükəsizliyini qorumalıdır
– Gülər Əhmədova ilə bağlı videolar yayılan kimi o, istintaqa mane olmamaq üçün mandatından imtina etdiyini bəyan elədi. Yəni Gülər Əhmədova özündə güc tapıb, ən azı bu addımı atdı. Sizcə, videolarda adları hallanan digər məmurlar, xüsusilə Ramiz Mehdiyev bundan nümunə götürərək istefa verməlidirlərmi?
– Düşünmürəm ki, bu, Gülər Əhmədovanın öz təşəbbüsüdür. O, göstərişlə hərəkət edib. Gülər Əhmədova baş verənlərdə bir vasitəçi olub. Rüşvəti verən də, alan da eyni məsuliyyəti daşıyır. Gülər Əhmədova bu prosesdə xırda fiqurdur. Bu zəncirlərlə bir-birinə bağlanan böyük bir zəncirdir. Gülər Əhmədovanın özünə qalsaydı, bəlkə də o ölkəni çoxdan tərk edərdi.
– Son zamanlar MTN-in fəaliyyəti ilə bağlı mətbuatda müxtəlif məlumatlar dərc olunmaqdadır. Onlardan biri AXCP sədrinə qarşı bu strukturun sui-qəsd hazırlamasıyla bağlıdır. Əli Kərimliyə qarşı indiyə qədər müxtəlif çirkin kampaniyalar olub. Amma hakimiyyətin siyasi opponentini fiziki cəhətdən məhv etmək niyyətinə dair ilk dəfədir ki, baş verir. Ölkənin təhlükəsizliyinə cavabdeh olan strukturun belə fəaliyyətini necə qiymətləndirmək olar?
– MTN adı özü hörmətə layiq ad olmalıdır. Çünki bu təşkilat dövlətçiliyə ziyan gətirən faktorların qarşısını almağa məsul olmalıdır. Hakimiyyət uzun illərdir ki, Əli Kərimliyə qarşı hücumlar aparır. Onun ünvanına səsləndirilməyən iftiralar qalmayıb. Ortaya çıxan fakt göstərir ki, hakimiyyət hətta Əli Kərimlini fiziki baxımdan məhv etməyə belə cəhd edib. Bu, ölkənin imicinə böyük bir ləkədir. Ölkənin aparıcı müxalifət liderinə qarşı bu cür münasibəti beynəlxalq ictimaiyyət də qəbul etməyəcək. Əgər MTN-in baş verənlərlə heç bir əlaqəsi yoxdursa, o bəyanat verməlidir. Ölkəni Əli Kərimlidən, başqa müxalifət liderlərindən qorumaq lazım deyil. Müxalifəti güclü olan ölkələr demokratiyanın simvoludur. Ölkəni real təhlükələrdən qorumaq lazımdır. Artıq uzun müddətdir ki, MTN-in adı çirkin olaylarda hallanır.
– Yeri gəlmişkən, Naxçıvan MTN-i ilə bağlı xəbərlər də cəmiyyətdə şok effekti yaratdı. Turac Zeynalovun MTN-də qətli barədə məlumatın yayılmasından sonra onun ailəsinə qarşı çirkin təzyiqlərə əl atılıb. Bunu necə qiymətləndirmək olar? Axı bütün bunlar bu strukturun fəaliyyətinə daxil deyil…
– Azərbaycan millətindən olan xanımın namusunun ləkələnməsi məsuliyyəti də bu MTN-in üzərindədir. Bizi bəzən xarici təşkilatlara insan haqları ilə bağlı duruma dair hesabatlar verməkdə ittiham edirlər. Biz bu hesabatları o zaman göndəririk ki, ölkə daxilində hüquq pozuntusunun bərpası ilə bağlı heç bir addım atılmır. Ona görə biz beynəlxalq təşkilatlar vasitəsilə ədalətin bərpasına çalışırıq. Mən hamısına da olmasa bir qrup müstəqil hüquq müdafiəçisinə, həmkarlarıma inanıram. Bu baxımdan Məlahət Nəsibovanın hesabatının tam reallığı əks etdirdiyinə əminəm. Əslində bu faktları açıqlayan MTN işçisi bu etirafından sonra özünü asmalıdır. Çünki bu, ləyaqətli addım deyil. Onun etdiyi əməllər bağışlanmazdır.
Nigar Yaqublunu görəndə ruhdan düşmürəm
– Nigar Yaqubluya qarşı nümayiş etdirilən qərəz açıq görünür. Bunun səbəbi nədir?
– Mən Nigar kimi gənclərə baxanda ruhdan düşmürəm. Sevindirici haldır ki, bizim arxamızca böyük gənclik ordusu gəlir və onların sırasında xanımlarımızı görmək sevindiricidir. Nigar çox aktiv müxalifətçidir. Məhkəmə oyunlarının kökündə Nigarın savadlı siyasi fəaliyyəti durur. Nigar bu rejimə istefa, korrupsiyaya yox dedi. Bu, sevindirici haldır. Eyni zamanda AXCP-dən olan gənc xanım Bəyim Həsənlinin də siyasi aktivliyi sevindiricidir. Allaha dua edirəm ki, belə gənclərdən daha çox olsun. Mən demirəm ki, Nigar məsuliyyət daşımır. Nigarı 3 ay türmədə saxladılar. Bu qərarı çıxaran hakimin başına oxşar hadisə gələcək. O unutmasın ki, onun da balası var. Nəzərə alınmadı ki, Nigar etirafda bulundu, amma sitiuasiya düzgün araşdırılmadı və kimin günahkar olması ortaya çıxarılmadı. Digər tərəfdən, qarşı tərəf də şikayətçi deyil. Biz Nigarı siyasi məhbus kimi qəbul etməliyik.
BP ilə nə razılaşdırılıb?
– Dövlət başçısı Ilham Əliyev son çıxışında bəyan etdi ki, BP şirkəti ilə hakimiyyət arasında heç bir problem qalmayıb və narazılıq aradan qalxıb. Bu bəyanatın fonunda ABŞ-ın ölkəmizdəki səfiri isə tamamilə fərqli açıqlama verib. O bildirib ki, “Azəri-Çıraq-Günəşli” yatağının ehtiyatları azalıb və neftin hasilatında qarşıdakı illərdə artım gözlənilmir. O da bəllidir ki, hakimiyyətlə BP-nin qarşıdurması hasilatın aşağı düşməsinə görə baş vermişdi…
– Bu bir siyasi bəyanatdır. Ilham Əliyev hasilatın aşağı düşməsinə görə BP-ni ittiham etmişdi. Bu ərəfədə ekspertlər vurğuladılar ki, hasilatın düşməsi tamamilə normal prosesdir və hasilatın yüksəlması mümkün deyil. Bu ərəfədə BP hakimiyyət tərəfindən olmazın hücumlara məruz qaldı. Verilən bəyanatda bir müəmma var. Çünki BP ilə savaş hasilatın aşağı olması ucbatından yaranmışdı. Indi isə ABŞ səfiri bəyan edir ki, hasilat artmayacaq. O zaman hakimiyyət BP ilə hansı razılığa gəlib. Siyasi razılığa? Razılıq seçki ilə əlaqədardır? Yəqin ki, qarşıdakı aylarda biz bunu dəqiq biləcəyik.
– Yanvarda AŞ PA-da Azərbaycandakı siyasi məhbus probleminə dair müzakirələr keçiriləcək. Bu arada siyasi məhbusların siyahısı ilə bağlı fikir ayrılığı var. Bəzi hüquq müdafəçiləri islamçıları siyasi məhbus saysalar da, digərləri başqa fikirdədir?
– Mən Ştrasserin hazırladığı siyahı ilə razıyam. Eyni zamanda həmkarım Leyla Yunusa həddindən artıq inanıram və onun hazırladığı siyahını qəbul edirəm. “Səid Dadaşbəylinin dəstəsi” adlandırılan şəxslər də siyasi məhbusdurlar. Mən bilirəm ki, Leyla Yunus təqdim etdiyi hər insanın üzərində uzun müddət işləyib. Avropa Şurası da hər namizədi ciddi araşdırır. Bu baxımdan müzakirələrin gərgin olacağını düşünürəm. Amma hakimiyyət ölkədə siyasi məhbus problemini həll etmək fikrində deyil.
Xəyal