h aliyev

Heydər Əliyevin qanlı əməliyyatı

h aliyevO, ermənilərlə savaşdan imtina edib «daxili düşmənlərlə» savaşa başladı…

Bir müddət sonra 1993-94-cü illərdə təşkil edilmiş məşhur “qış əməliyyatı”nın ildönümüdür. “Azadlıq” qəzetində həmin illərin olayları ilə bağlı yazdıqlarıma əlavə olaraq, bu məşhur, eyni zamanda, ağır məğlubiyyətlə yadda qalan hərbi əməliyyatları təsvir etmək zəruridir. Üstündən 20 il keçəndən sonra da olsa, adamlar orada nə baş verdiyini təfsilatı ilə bilməli və həmin məğlubiyyətin səbəblərini, səbəbkarlarını tanımalıdırlar.

Əvvəli ötən saylarımızda

İsa Sadıqov

Qeyd etdiyim kimi, əməliyyatlara bir neçə gün qalmış briqada komandirlərini işdən alaraq, onların yerinə gənc zabitlərin təyin edilməsi cinayətkarcasına yanlış idi. Buna qətiyyən yol vermək olmazdı. Bu təyinatlar ya əməliyyatlardan xeyli əvvəl, ya da sonra baş verə bilərdi.
Nəhayət, ən ciddi səhvlərdən biri bu idi ki, Heydər Əliyev Kəlbəcərin azad edilməsi uğrunda əməliyyata baş prokuror Əli Ömərovu cavabdeh qismində təhkim etmişdi. Bu, Stalinizmin ən uğursuz formada təkrar edilməsi demək idi. Yəqin xatırlayırsınız ki, Stalin Ukraynadakı hərbi əməliyyatlara partiya nəzarətini həyata keçirmək üçün Xruşşovu təhkim etmişdi. Bu halda, Əli Ömərovun timsalında bizim də öz Xruşşovumuz vardı. Mən Əli Ömərovu şəxsən tanımırdım və onun haqqında ilk dəfə 1993-cü ildə, Gəncədə nəqliyyat prokuroru olduğu zamanlarda eşitmişdim.
Xatırlayıram ki, 1993-cü ilin fevral ayında Qazaxda MI-2 hərbi vertolyotu vurulmuşdu. Vertolyotun iki nəfərdən ibarət ekipajı həlak olmuş və Qazax polisinin rəisi Isaxan Aşurov həlak olan hərbçilər üçün iki qara tabut hazırlatdırmışdı. Vertolyotun vurulması faktı üzrə cinayət işi başlamaq üçün hadisə yerinə prokurorluq əməkdaşları gəlmişdi və Əli Ömərov da onlara rəhbərlik edirdi…
Və Heydər Əliyev onu böyük bir cəbhədə – Kəlbəcərin azad edilməsi uğrunda hərbi əməliyyatların gedişinə nəzarət etmək üçün yollamışdı. Bu əməliyyatların gedişini də o, müəyyən edirdi: heç kiminlə və heç nə ilə hesablaşmadan tələb edirdi ki, qoşunlar Kəlbəcərə daxil olmalıdır. Tez-tez silahını çıxararaq, komandirlərin üzərinə çımxırmaq kimi vərdişi vardı. Açığı, mən deyə bilmərəm ki, o, silahdan atəş açmağı bacarırdı, ya yox. Onu da dəqiq bilmirəm ki, Əli Ömərov yanvarın 18-də, yoxsa 19-da doğulub, amma israrla istəyirdi ki, Kəlbəcər onun ad günündə azad edilsin (bu, fevral ayı da ola bilər, yoxlamaq çətin deyil).
Bu cür qeyri-ciddi yanaşma ilə hazırlanan həmin əməliyyatlar bizə çox baha başa gəldi: minlərlə insan həlak oldu, qar uçqunları altında qaldı, şaxtadan əllərini-ayaqlarını itirdi. Həmin əməliyyatda iştirak edənlərin bir çoxunun taleyilə bağlı hələ də məlumat yoxdur. Bu, Azərbaycan əsgərinin, eləcə də Azərbaycan xalqının mənəvi-psixoloji durumunu sarsıtdı.
Hələ bu zamana qədər də rəsmi şəxslər bu dəhşətli əməliyyat haqqında heç nə söyləmirlər, heç bir istintaq aparılmır. Amma biz hərbçilər orada nə baş verdiyini bilirik.
Heydər Əliyevin təhriki ilə zorla başladılan bu qanlı əməliyyatların nəticəsinə baxmayaraq, ordunu toparlayıb Qarabağ uğrunda kampaniyanı davam etdirmək mümkün idi. Kəlbəcər uğrunda gedən döyüşlərin dəhşətli məğlubiyyətlə başa çatması, hələ o demək deyildi ki, biz ermənilərin qarşısında tam süqut etmişik. Azərbaycan ordusunun döyüş və qələbə potensialı hələ də böyük idi. Biz düşməni geri oturtmağa və bizim şərtlərimizlə danışıqlar stoluna əyləşməyə məcbur edəcək gücdə idik. Amma Əliyev yenə də hərbçilərin təkid və təkliflərinə qulaq asmadı. O, hesab edirdi ki, ermənilərlə hərbi əməliyyatların uzanması onun Azərbaycan üzərində hakimiyyətinə təhlükə yarada bilər. Buna görə də ermənilərlə savaşdan imtina edib “daxili düşmənlərlə” savaşa başladı. Bu “daxili düşmənlər” isə onun hakimiyyətə gəlişini təmin edən daxili hərbi-siyasi güclər idi. O, hesab edirdi ki, idarəçilik piramidasının yaranmasında ona mane ola biləcək bütün qüvvələr aradan götürülməlidir.
Bax, bu daxili savaş çox qanlı və qəddarcasına aparıldı. Sadəcə olaraq, həlak olan və həbs düşərgələrində məhv edilən minlərlə OMON-çunu, eləcə də bu proseslərə dəxli olmayan günahsız insanları xatırlamaq kifayətdir.
Amma ermənilərlə hərbi əməliyyatları ən uğurlu şəkildə davam etdirmək mümkün idi. Şimal qonşumuzun başı özünə qarışmışdı və Çeçenistandakı labirintdən çıxa bilmirdi. Bu, hər kəsə aydın idi. Amma Əliyev burada da “müdrik” qərar qəbul edərək bəyan etdi ki, problemi sülh yolu ilə həll edəcək.
Bütün kampaniyalarda olduğu kimi, onun bu qərarı da “ümumxalq dəstəyi” qazanmalı idi. Televiziya ekranlarından, digər kütləvi informasiya vasitələrindən Əliyevin minlərlə Azərbaycan gəncinin həyatını “xilas etməsi” barədə düşük nağıllar sırımağa başladılar. Amma həmin təbliğat vasitələri indi inadla susmaqdadırlar ki, Əliyevin atəşkəsi illərində nə qədər azərbaycanlı gənc məhv edilib və əslində, bu qədər itki ilə Qarabağı ermənilərdən çox rahatca almaq olardı.
Şübhəsiz, hamı bilməlidir ki, Əliyevlərin hakimiyyəti davam etdikcə bizim “atəşkəs itkilərimiz” də davam edəcək və bu qədər itkinin əvəzində isə bir qarış da torpağı azad edə bilməyəcəyik. Çünki bu klan Qarabağ problemini heç bir halda həll etmək iqtidarında, əzmində və istəyində deyil. Bu klanı yalnız xalqın sərvətləri maraqlandırır ki, onu durmadan talan etsin.
Indi bizim iki yolumuz qalır. Birincisi budur ki, Qarabağın həmişəlik itirilməsilə birdəfəlik razılaşaq. Ikincisi isə bu klanı idarəçilikdən və hakimiyyətdən rədd edib, millətin bütün problemlərini həll edə biləcək bir hökumət quraq.
Başqa yol, sadəcə olaraq, yoxdur!