«Əli Kərimliyə bu cür təzyiq göstərənlər gec-tez cəzalandırılacaqlar»
“Elnur Seyidovun işində çoxsaylı qanun pozuntuları və bu da, onun həbsinin sifarişli olması ilə bağlıdır”. Bunu, hüquqşünas Müzəffər Baxışov “Texnikabank”ın Yasamal filialının sədr müavini, AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun istintaqının əsassız olaraq uzadılmasına münasibət bildirərkən deyib.
M.Baxışovun sözlərinə görə, cinayət işinin istintaqının Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılması çox ciddi qanun pozuntusudur: “Məndə olan məlumata görə, Baş prokuror Zakir Qaralovun bir əmri var. Həmin əmrdə guya bu qəbildən olan cinayətlərin MTN tərəfindən aparılmasına icazə verilir. Əgər həqiqətən belə bir əmr varsa, buna görə Zakir Qaralov cinayət məsuliyyətinə cəlb edilməlidir. Çünki onun belə bir səlahiyyəti yoxdur ki, hər hansı bir orqana istintaqın aparılması səlahiyyətini versin. Cinayət Prosessual Məcəllədə göstərilir ki, hansı cinayətlər üzrə istintaq prokurorluq tərəfindən aparılır, hansı maddələr üzrə müvafiq icra orqanları tərəfindən. Müvafiq icra hakimiyyəti orqanını da Azərbaycan prezidenti müəyyən edir. Elnur Seyidovun ittiham olunduğu 178-ci maddə üzrə cinayət işinin istintaqını aparmaq prezident tərəfindən polis orqanlarına həvalə olunub. Deməli, birinci qanun pozuntusu budur. Bu işdə Cinayət Prosessual Məcəllənin tətbiqi haqda prezidentin 25 avqust 2000-ci il tarixli müvafiq fərmanının tələbləri də kobud şəkildə pozulub”.
M.Baxışov deyir ki, daha bir pozuntu E.Seyidov barəsində həbs-qətimkan tədbirinin seçilməsidir: “Həbs müddətinin uzadılması ilə bağlı Cinayət Prosessual Məcəllənin 255-ci maddəsinin tələbləri kobud şəkildə pozulub. Şəxs barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün hüquqi əsaslar bu maddədə təsbit edilib. Elnur Seyidov Azərbaycan vətəndaşıdır, daimi iş yeri var, indiyə qədər cinayət məsuliyyətinə cəlb edilməyib, istintaqdan qaçması ilə bağlı heç bir təhlkə yoxdur. Şahidlərə və digər şəxslərə təsir etmək, məhkəmə hökmünün icrasına mane olmaq imkanları yoxdur. Cəmiyyət üçün təhlükə törədəcək biri deyil. Bütün bunlara baxmayaraq, istintaq orqanı ona verilən sifariş əsasında barəsində həbs-qətimkan tədbiri seçib. Bu qəbildən olan cinayətlər üzrə həbs müddəti 9 aydır. Amma müstəsna hallarda bu müddət daha 3 ay uzadıla bilər. Düşünmürəm ki, Elnur Seyidovun işində belə bir hal mövcuddur. Sizə tam məsuliyyəti ilə deyirəm ki, bu, siyasi sifarişdir. Əslində Elnur Seyidov ona verilən ittiham üzrə heç bir cinayət əməli törətməyib. Bu, ona verilən saxta ittihamdır. Burada yeganə məqsəd Əli Kərimlini – Azərbaycanda ən böyük partiyalardan birinin liderini, özünün dönməz siyasi mövqeyi ilə cəmiyyətdə çox böyük nüfuza malik olan bir şəxsi sındırmaqdır. Amma onlar Əli Kərimlini heç vaxt sındıra bilməzlər. Düzgün, mübariz insanları Allah qoruyur. Allahın iradəsindən kənar ona heç bir bəndə xələl yetirə bilməz. Əli Kərimliyə bu cür təzyiq göstərənlər gec-tez cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılacaqlar”.


