Dünya dağılmadı, YAP dağılacaq

Zaman-zaman dünyanın dağılacağı, qiyamət qopacağı barədə iddialar ortaya atılıb və bundan sonra atılacaq da. Son 50 ildə yüzlərlə nəhəng asteroid Yer kürəsinə doğru istiqamət götürsə də, sonucda ya hərəkət trayektoriyasını dəyişib, ya da kiçik hissələrə parçalanaraq atmosferdə toz-torpağa çevrilib. Dinin qiyamət barədə dediklərini saf-çürük etmək fikrində deyiləm, alimlər 5 milyard il yaşı olan dünyanın bir 5 milyard il də dağılmayacağını isbatlayır. Odur ki, dünyanın sonu haqqında düşünmək, bu barədə geniş diskusiya aparmağa lüzum yoxdur. 
Kəsəsi, dünya dağlmayacaq, 20 il əvvəl Azərbaycanın başına düşmüş qara bir daş – Yeni Azərbaycan Partiyası (YAP) isə dağılacaq. Bax, bu dağılma barədə müzakirə açmağa dəyər.
YAP nədən dağılacaq? Kim dağıdacaq onu?
20 ildir iqtidar olan bu partiyanı nə müxalifət dağıdacaq, nə də taqətdən salınmış xalq. YAP içindən dağıdılacaq. Əslində YAP-ın dağılma prosesi çoxdan başlayıb. O zamandan ki, bu partiyanın qurucuları YAP-ın anormal kurs götürdüyünü anladılar və çox müdrik aforizmlərin müəllifi oldular. Təkrar yada salmağın heç bir ziyanı yoxdur. “YAP cinayətkarlar partiyasıdır”. Deyimin müəllifi YAP-ın əsas yaradıcılarından biri, keçmiş səhiyyə naziri Əli Insanovdur. Allah qapısını açsın.
“YAP simasız quldurlar partiyasıdır”. Bu aforizmin müəllifi isə bir zamanlar YAP-ın baş ideoloqu sayılan Sirus Təbrizlidir.
YAP-ı başında dayananlar dağıdır. O zatlar ki, yüksək vəzifə sahibidir və cibində YAP-ın üzvlük vəsiqəsi var, kimsədən qorxub-çəkinmədən rüşvət alır. RÜŞVƏT YAP-ın evini yıxır və onun başını dik tutmasına heç vaxt imkan verməyəcək. YAP-ın məşhur triosunun – Milli Məclis üzvləri Əli Əhmədovun, Mübariz Qurbanlının və Siyavuş Novruzovun yaxasını cıraraq partiyanı müdafiə etmələrinə baxmayın, onların hər biri çox gözəl bilir ki, RÜŞVƏTin dağıdıcı təsiri gündən-günə artır.
Yadınızda saxlayın, vaxt gələcək bu trio YAP-ın dağılmasında çiçəkləndirdikləri rüşvətin ən mühüm rol oynadığını etiraf edəcəklər. Bir dəfə Ictimai Palatanın sessiyasında səmimiyyətinə hörmət etdiyim eks baş nazir Pənah Hüseynə xitabən dedim ki, sən hakimiyyətdən istefa verəndə cibində 5 dana almağa pulun yox idi. Bu gün orta ranqlı YAP məmurunun milyonlarla manatlıq sərvəti var. Quba hadisələrində icra başçısının təkcə seyfindən 4-5 milyon manat pul çıxdı, adamın sahib olduğu daşınmaz əmlakın da dəyərini seyfdən tapılmış pulun üstünə gələndə 10-15 milyon manat edir. Aylıq maaşı 1000 manat olan icra başçısı 10-15 milyonluq sərvət hansı yolla əldə edir? 1000 manat donuz kimi balalayır bəlkə?
Icra başçısının 10-15 milyonluq sərvəti varsa, o zaman nazirin, komitə sədrinin və digər yüksək ranqlı vəzifə sahiblərinin nə qədər pulu olar? Bura Azərbaycandır, mümkün deyil ki, aşağı vəzifə sahibi yuxarıda oturandan çox qazansın. Çobana da sual versən, vəzifəlilərin səltənətlərini rüşvətlə qurduqlarını deyəcək. Di gəl ki, nə Əli müəllim, nə Mübariz müəllim, nə də Siyavuş müəllim bu həqiqəti dilə gətirir. Özü də hər üçü alim ola-ola.
Hörmətli Siyavuş Novruzov bir müsahibəsində məşhur video qalmaqalında adı hallanan Sevinc Babayeva haqqında belə deyir: “Sevinc Babayeva YAP-da əhəmiyyət kəsb edən insan olmayıb”. “Əhəmiyyət kəsb etməyən” insan olan Sevinc Babayeva gördüyünüz oyunlardan çıxırsa, əhəmiyyət kəsb edən fiqurların hansı əməl sahibi olduğunu məndən də yaxşı Siyavuş müəllim bilir.
Bir sözlə, RÜŞVƏT birbaşa YAP-ın fundamentinə tuşlanmış dağıdıcı bir silahdır və bu silahın gücü YALAN və SAXTAKARLIQ sayəsində qat-qat artır.
Fəxrlə izhar edirlər ki, YAP üzvlərinin sayı 600 minə çatıb, yorulmadan YAP iqtidarının uğurlarını sadalayırlar, rüşvət maşını isə dayanmadan gecə-gündüz çalışır. Və çalışmanın sonunda YAP-ın dağılması baş verəcək.
Bir zamanlar üzvlərinin sayı 600 minə çatmış Azərbaycan Kommunist Partiyası iqtidar idi. Rüşvət, yalan və saxtakarlıq o partiyanı məhv etdi. Indi iqtidarda üzvlərinin sayı 600 minə çatan YAP-dır. Bu partiyanı da rüşvət, yalan və saxtakarlıq dağıdacaq.