Bəs Siyavuş deyirdi ki, “Gülər videosu”ndakı söhbətlər yalandı?

Dünən “Gülər parlamenti”ndə iki təyinatlı deputat bir-biri ilə atışıb. Həm də Şərqşünaslıq Institutunun direktoru Gövhər Baxşəliyeva Siyavuş Novruzova “diletant” deyib, “naşı” deyib, hələ ürəyində nələr deyib, onu da allah bilir. 
Iki təyinatlı deputatın niyə atışdığının səbəbi heç maraqlı deyil, sadəcə, mənə iki şey ləzzət elədi.
BIR: deməli, bunların mahiyyətindən, xislətindən təkcə biz xəbərdar deyilik, əslində bunlar özləri də bir-birlərinin mahiyyətindən lap yaxşı xəbərdardırlar, qablarında nə olduğunu bizdən də yaxşı bilirlər, sözlərinin azca çəp gəlməsi kifayətdir ki, bir-birlərini gerçək adları ilə çağırsınlar.
IKI: Siyavuş Baxşəliyevaya cavabında “quşu lap gözündən vurub”. Sitat: “Bu gün kimsə ya zəlzələdən, ya vəlvələdən Şərqşünaslıq Institutunda direktor işləyir. Məlumdur ki, orada normal seçki keçirilsə, kim direktor olacaq”. Bu da sistemin daha bir ifşası! Sonra da vicdanları sızlamadan deyirlər ki, ölkədə bütün seçkilər demokratik keçirilir. Buyurun, özləri etiraf edirlər ki, ölkədə heç kim normal seçki ilə bir yerlərə yüksələ bilmir, bunun üçün “ya vəlvələ, ya zəlzələ” olmalıdır – lap Gülər haqqındakı videolardakı kimi!
Əlbəttə, bunu deyən Siyavuş da bilir ki, normal seçki keçirilsə, onun özü də parlamentin qapısından nədi, heç Milli Məclisin min ağac uzaqlığından keçə bilməz.
Amma o parlamentdə, Baxşəliyeva Şərşünslıq Institunun direktoru postunda otura bilir.
Niyə? Çünki Azərbaycanda rejimin mahiyyətini saxtakarlıq təşkil edir, südə su qatmaq, hiylə, kələk təşkil edir.
Indi mənə maraqlıdır: Siyavuş Novruzov bir yandan ölkədə “ya vəlvələdən, ya zəlzələdən”, normal seçki olmadan kimlərinsə harasa yüksələ bilmək ənənəsinin olduğunu etiraf edə-edə o biri yandan da “Gülər videosu”ndakı rəzalətləri necə təkzib edir? Necə yalanlayır?
Amma o da öz yerində ki, hansı üzünə çevirsək, bu çəlişkilər, təzadlar, özünü təkzib etmələr, bilmədən edilən etiraflar başlayan və geri dönüşü olmayan böyük çöküşün əlamətləridir, yaxınlaşan məğlubiyyətin addım səsləridir.
Azərbaycanın ən çox ehtiyacı olduğu insanlar
Gəncinə baxırsan – bir yerdə mütləq qocadır. Çılğınlığı, mübarizliyi, barışmazlığı mütləq hardasa gedib kiməsə, nəyəsə ilişir – muğama, Anara, Azıx mağarasına, dolmaya…
Qocasına baxırsan – azacıq gənc olan bir tərəfi yoxdur. Qocaldımı bütün həyat enerjisini itirir, yaşa dolduqca içi də yeni olan hər şeyə nifrətlə dolur.
Qısası, bu ölkənin yaşı olmayan adamlara ehtiyacı var. Hər yaşda dirəniş ruhunu, dəyişiklik ruhunu, yenilik ruhunu, yenilməzlik ruhunu qoruyanlara ehtiyacı var.
Bu yandan cavanlığını yaşı ilə deyil, başı ilə yaşayan gənclərə…
O biri yandan yaşlaşdıqca köhnəlməyən, nimdaşa çevrilməyən qocalara ehtiyacı var.
Yoxsa biz elə həmişə tunelin sonunda işıq görməyə davam edəcəyik. Tunelin sonundakı işıqla təsəlli tapmağa davam edəcəyik.
O işıq ki, bir ölkəni aydınlatmağa heç vaxt yetməz, yetə bilməz.
Gecikən ədalətə ithaf
Dünən Avropa Insan Haqları Məhkəməsinin (AIHM) Azərbaycandan gedən şikayətlərlə bağlı çıxardığı yeni qərarlar haqqında oxudum, o qərarlardan biri həm sevindiricidir, həm kədərli.
Söhbət 2003-ün şərəfli oktyabr hadisələrinə görə AIHM-ə baş vuran müsavatçı Həsən bəyin şikayəti ilə ilə bağlı qərardan gedir.
Sevindiricidir – çünki qərar Həsən bəyin xeyrinədir.
Kədərlidir – çünki Həsən bəy artıq həyatda yoxdur, o, haqqının bərpa edildiyini görmədi.
Və mən indi ən çox bu məşhur sözləri xatırlayıram: “Gecikən ədalət, ədalət deyildir”. Yüzdəyüz, mübahisəsiz doğrudur.
Amma…
Amma gəl gör ki, məsələ yalnız hansısa Avropa Məhkəməsi qərarında da deyil.
Bu ölkəyə ədalət gətirmək istəyən nə qədər mübarizə adamı gözü arxada getdi. Uğrunda çalışıb-çabaladığı ədalətin bu vətən torpaqları üzərində bərqərar olduğunu görmədən, nisgilli və nigaran getdilər.
Bəs bu gecikən ədalətin özü necə, əsl ədalət olacaqmı?
Bilmirəm.
Bəlkə heç bilməyin zamanı da deyil.
Təki illərdir yolunu gözlədiyimiz, o gecikən ədalət zəfər çalsın, bunu da o zaman danışarıq.