Heydərizmi tarixə atacaq güc haradan və necə alınır?
Elşad Abdullayev cəmiyyətə yalnız maraqlı videolar təqdim etmir, həm də maraqlı eksperimentlər təlqin edir. Son video olayından sonra əvvəlcə sosial şəbəkələrdə, dərhal sonra isə dövri mətbuatda rejimlə əməkdaşlıqda ittiham olunanların təcrid edilməsinin zəruriliyilə bağlı polemikalar başladı. Diqqətimi çəkən ilk mübahisə Ümid Partiyasının funksioneri, jurnalist Aynur Imranqızı ilə, hazırda Türkiyədə çalışan Könül Şamilqızının polemikası oldu. Polemika son videoda “Iqbal” adının çəkilməsi ilə bağlı idi.
Daha sonra, indi Fransada yaşayan və Elşad Abdullayevi texniki yardımla təchiz edən Elnur Məcidlinin açıqlaması gəldi: “Videoda adı çəkilən Iqbal Iqbal Ağazadənin özüdür”, şəklində.
Daha sonra tanınmış vəkil Aslan Ismayılov “Azadlıq” qəzetinə maraqlı bir açıqlama verdi ki, hansısa arxivlər açılmalı, demokratiya uğrunda hərəkatın daxilində olan və avtoritarizmin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərək bu prosesə zərbə vurmuş insanlar ifşa edilməli, prosesdən kənarlaşdırılmalıdır.
Mən bu polemikaların əksəriyyətində yanlış mülahizələrin ifadə olunmasından narahatlıq keçirirəm.
Birincisi, sosial şəbəkədə paylaşdığım bir mülahizənin üzərində yenə də dayanıram: Tamamilə mümkün və inandırıcıdır ki, Elşad Abdullayevin videosunda adı çəkilən şəxs, məhz, millət vəkili, Ümid partiyasının sədri Iqbal Ağazadədir. Bu, nəyi dəyişir ki? Elşad Abdullayevə məlumat veriblər ki, Iqbal Ağazadə Arzu Səmədbəyli ilə danışıb onu razı salacaq, Arzu bəy də mandatdan Elşad Abdullayevin xeyrinə məhrum edilməsinə görə narazılıq etməyəcək. Amma Arzu Səmədbəyli tam beş il parlamentdə oturmadımı? Bu o deməkdir ki, Iqbal Ağazadə ilə Arzu Səmədbəyli arasında kimlərinsə planlaşdırmaq istədiyi bu danışıq baş tutmayıb. Yəni, ən azı inanmaq olar ki, Iqbal Ağazadə Arzu Səmədbəyli ilə bu məsələni müzakirə etməkdən imtina edib. Ya da heç kim hansısa mülahizələri nəzərə alaraq, Iqbal bəyə belə bir təklif etməyib.
Elşad Abdullayevin videolarında təkzibedilməz fakt, hələlik bundan ibarətdir ki, onun 1 milyon dollar pulunu alaraq Prezident Administrasiyasının rəhbəri, hörmətli akademik Ramiz Mehdiyevə rüşvət formasında təqdim ediblər.
Azərbaycanda bu və ya digər dərəcədə mediatik sayılan adamların hamısı bilir ki, mənim Iqbal Ağazadə ilə xüsusilə yaxın münasibətlərim yoxdur, hətta ondan bir az da acığım gəlir. Amma bunun mətləbə dəxli yoxdur. Ortalıqda təkzibolunmaz fakt yoxdursa, bu məsələyə görə adamın üzərinə bu qədər açıq aqressiya ilə getməkdə heç kim haqlı deyil.
Amma Arzu Səmədbəyli simpatiya duyduğum adamdır və onun da 5 illik parlament fəaliyyəti əvvəldən-axıra qədər davam edibsə, deməli, hətta ortalıqda hansısa danışıqlar olubsa belə, Arzu bəy öz qələbəsini heç nəyin müqabilində güzəştə getməyib.
Məsələnin bu hissəsi ilə bu qədər.
Aslan müəllim hamını ifşa edib seçkilərə “təmiz korpus”la getməyin zəruriliyini təklif edir. Mənə elə gəlir ki, hörmətli hüquqşünas bir azca səhv edir. Xalq hərəkatı bir xalqın gerçək materialından təşkil olunur. 2009-cu ildə Iranda milyonlarla adam “Yaşıllar Hərəkatı”nın kampaniyasında və kütləvi aksiyalarında iştirak etdi. Iran totalitar bir ölkədir, burada hədd-büluğ yaşında olanların 90 faizi çoxsaylı xüsusi xidmət orqanlarının nəzarəti altındadır. Bütün sosial strukturlar, ictimai təsisatlar həmin xüsusi xidmət orqanlarının agentləri vasitəsilə sərt nəzarət altında saxlanılır. Belə bir cəmiyyətdə bir neçə yüz nəfərlik aksiyanı da hazırlamaq mümkünsüz olmalı idi. Amma mümkün oldu. Narazı, canı boğazına yığılmış həmin o nəhəng agentura şəbəkəsi belə, Iranda milyonluq aksiyaların keçirilməsinin qarşısını ala bilmədi. Çünki inzibati terrorun nəinki geniş cəmiyyət, həm də agentura şəbəkəsi üzərində zəhmi qırılmışdı. “Yaşıllar Hərəkatı”nın heç bir idarə strukturu agentlərin ifşa edilməsi və onların hərəkatdan təcrid olunması zərurəti haqqında fitva vermədi.
Azərbaycan əhalisinin də əhəmiyyətli faizi xüsusi xidmət orqanlarına danos verməkdədir. Polisin, hərbi kəşfiyyatın, MTN-nin, yerli icra strukturlarının vasitəsilə yüz minlərlə insan “donos-xəbər” fəaliyyətinə cəlb edilib. Yüz minlərlə insan!
Rusiyada və Avropada yaşayan yüz minlərlə insan da bu nəhəng eybəcər mexanizmin tərkib hissəsi olmağa məcbur edilib. Amma neyləyək? Bizim elə imkanlarımız varmı ki, bu adamları Azərbaycanda baş verən proseslərdən kənarlaşdıraq və ya bu, məqsədəuyğundurmu?
Indi yeni bir mərhələ başlayır. Nəinki agentura, hətta bu agentura şəbəkəsini yaradanlar belə, avtoritar rejimdən narazı olmağa başlayıblar. Gündən-günə cəmiyyətə sızan, üstü açılan cinayətlərlə bağlı şok xəbərləri hər kəs müşahidə etmirmi? Bu, avtoritar rejimin sökülməsinin əlamətidir. Dünən xüsusi informasiyalara yaxınlığı olan bir çox insan inqilabi hadisələr üçün təkan rolunu oynayacaq müdhiş açıqlamalar verməkdə davam edəcəklər. Azərbaycandakı avtoritarizmin demontajı yalnız ənənəvi müxalifətin səyləri ilə baş verməz ki… Bu rejimi təşkil edən, avtoritarizmin qurulmasına zor-xoş cəlb edilən yüzlərlə, minlərlə insan bu demontaj prosesində iştirak etməklə onu daha rahat proqnozlaşdırılan bir prosesə çevirməkdədir. Ən başlıcası budur ki, inqilabi dəyişikliklər prosesini idarə edən, yönləndirən mərkəz sağlam əsaslarda təşkil olunsun.
Hər kəs belə hesab edir ki, gələn il Azərbaycanda fundamental dəyişikliklər üçün zəminin təsəvvür olunduğu bir ildir. Ölkədəki rejim, faktiki olaraq, bütün əsaslarına və dəyərsiz dəyərlərinə qədər ifşa olunur, bu proses davam edir. Ən yaxın aylarda rejimə qarşı ictimai nifrət misli görünməmiş həddə çatacaq. Amma ictimai nifrət özü-özlüyündə hələ heç nə demək deyil. Bu nifrəti konstruktiv enerjiyə çevirmək, millətin təşkilatlandırılmasında bu və ya digər dərəcədə rolu, imkanı olan bütün qüvvələrin səfərbərliyə alınması müstəsna əhəmiyyət daşıyır. Kimsə güman edirsə ki, bu ümummilli təşkilatlanma prosesini yalnız özünün liderinin xarizması, mənsub olduğu təşkilatın ənənəvi dəyərləri hesabına həyata keçirə bilər, səhv edir. Bütün təşkilatlar, bütün liderlər, cəmiyyətin ən xırda çevrələrini belə, təmsil edə bilən bütün nüfuz daşıyıcıları Heydərizm adlı sosial fəlakətə qarşı birləşməlidir. Indi Azərbaycan hakimiyyətinin daxilində, hətta polisdə və başqa güc strukturlarında belə, elə insanlar var ki, onlar uzun illərdir davam edən bu rejimin cinayətkar planlarının əlavəsi olmaqdan təngə gəlib ən yaxın zamanlarda ümumxalq nifrətinin formalaşdıracağı xalq hərəkatının sıralarına qoşulmaq haqqında düşünəcək, qərar verəcəklər. Neyləyək? Bu cür elementləri rədd etməklə həmin tendensiyaları bəri başdan istisna etməliyikmi? Qətiyyən yox! Heydərizmin fəsadlarına qarşı mübarizədə birləşmək istəyən bütün insanlar və qüvvələr bu xalq hərəkatının hərəkətverici, daşıyıcı qüvvəsinə çevrilmək imkanı qazanmalıdır. Mənim də kimlərləsə bağlı ciddi şübhələrim ola bilər. Başqaları da bir başqalarından şübhələnə bilərlər. Amma biz 1980-ci illərin xalq hərəkatından keçmiş insanlarıq; bu prosesin insanları bir- birinə nə qədər sevdirdiyinin şahidləriyik. Çünki xalq hərəkatı millətin pozitiv dəyərlərini birikdirən bir gücdür.
Bizim müxalif fikir daşıyıcıları bu gücü yarada biləcəklərini iddia edirlərsə, o halda, kimsənin kimsədən şübhəsi həlledici faktor deyil. Əgər bu güc yarana bilməyəcəksə, o zaman hər kəsin hər kəsdən şübhəsini əsas kimi nəzərə alaraq, Azərbaycanda Heydərizmi dominant güc kimi qəbul etmək və onun ömrünü uzatmaq lazım gələcək.
Şübhə, bizim hər birimiz üçün təbii ovqatdır. Totalitar rejimlər insanların və sosial qrupların bir-birinə qarşı şübhəsi üzərində mövcud olur və bu cür rejimin başqa cür mövcudluğu yoxdur. Azərbaycanda formalaşmaqda olan hərəkat da bu şübhəni dəfn etməklə avtoritarizmə qalib gələ bilər.
Mənim düşüncələrim bu sayaqdır…