Qərbin “Demokratiya naminə incəsənət” kampaniyasına dəstəyi hakimiyyəti özündən çıxarıb
Azərbaycanda bir qrup ictimai fəalın beynəlxalq tərəfdaşlarla birgə başlatdığı “Demokratiya naminə incəsənət” kampaniyasına dəstək verən xarici ölkələrin səfirləri bir neçə gün qabaq Prezident Administrasiyasına çağırılıb. Səfirlərlə Aparatın rəhbəri Ramiz Mehdiyev görüşüb. Mehdiyev onlara Azərbaycan hökumətinin narazılığını çatdırıb.
Bu barədə “Turan” agentliyinə məlumatlı mənbələrdən bəlli olub.
Mənbənin sözlərinə görə, Mehdiyevin səfirlərlə söhbəti kifayət qədər kəskin keçib. O, diplomatlara atdıqları addımın “yolverilməz” olduğunu bildirib.
Xatırladaq ki, diplomatlar Azərbaycanla bağlı “Demokratiya naminə incəsənət” beynəlxalq kampaniyasının 11 dekabrda Bakıda Caz Mərkəzində keçirilən təqdimat mərasiminə qatılıb və çıxış ediblər. Bunlar Böyük Britaniya və Fransanın səfirləri, o zaman Bakıda səfərdə olan ABŞ dövlət katibinin müşaviri Tomas Melia idi
Azərbaycan hökuməti hələ bu tədbirin səhərisi nəzarətindəki media vasitəsilə qərb diplomatlarını və ölkələrini kəskin şəkildə ittiham etmişdi.