Nigar Yaqublunun işi Avropa Məhkəməsinə hazırlanır

«Biz bu hakimiyyət kimi deyilik, bütün addımlarımız qanuna söykənir»

«Bu hakimiyyətdə nə ədalət var, nə də qanuna hörmət»

Nigar Yaqubluya kəsilən hökm birmənalı olaraq onun siyasi mövqeyi, siyasi fəallığı ilə bağlıdır. Bunu 2,5 il həbs cəzası alan müsavatçı fəal Nigar Yaqublunun atası, Müsavat başqanının müavini Tofiq Yaqublu deyir.
T.Yaqublu məhkəmənin hökmündən apelyasiya şikayəti verəcəklərini, yerli instansiyaları keçəndən sonra da Avropa Məhkəməsinə müraciət edəcəklərini bildirir: “Biz bu hakimiyyət kimi deyilik. Bütün addımlarımız qanuna söykənir. Nigar Yaqubluya qarşı baş vermiş bu ədalətsizliyə qarşı da qanun müstəvisində mübarizə aparacağıq”.
AXCP sədrinin müavini Gözəl Bayramlı N.Yaqublu ilə bağlı çıxarılan qərarı ədalətsiz və qeyri-humanist qərar kimi qiymətləndirir: “Ilk dəfə idi anoloji qəzaya görə bir xanım məhkəmə qarşısına çıxarıldı və onun barəsində belə bir hökm verildi. Məhkəmənin qərarı həddən artıq ədalətsiz oldu. Əslində mən bizim məhkəmələrdən ədalət gözləmirdim. Amma bu qədər də ifrata varacaqlarını düşünmürdüm. Təəssüf ki, Azərbaycan hakimiyyəti siyasi opponentləri ilə bu cür mübarizə aparır. Hakimiyyət öz mahiyyətəni bir daha ortaya qoydu. Və göstərdi ki, onlar nə ədalət anlayışı var, nə də qanuna hörmət”.