DEVAMM sədri, insan haqları müdafiəçisi İlqar İbrahimoğlu Amerikalı diplomatla görüşüb. ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) aparıcı mütəxəssisi Ketrin Kosman ilə keçirilən görüşdə insan haqları və azadlıqlarına dair mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı həmçinin ölkədə və dünyada din azadlığı sahəsində vəziyyət, hicab problemi, həbsdə olan inanclılarla bağlı məsələ müzakirə edilib.
Qeyd edək ki, USCIRF ABŞ-ın federal dövlət təşkilatıdır. USCIRF ikipartiyalı prinsip əsasında formalaşır. Komissiya üzvləri ABŞ prezidenti, ABŞ Senatında və Nümayəndələr Palatasında təmsil olunmuş hər 2 partiyanın rəhbərliyi tərəfindən təyin edilir.
USCIRF-in əsas funksiyası beynəlxalq səviyyədə din azadlığı ilə bağlı vəziyyəti öyrənmək, dünya üzrə din azadlığının pozulması faktlarını və hallarını qeydə almaq və bu sahədə ABŞ prezidentinə tövsiyələr verməkdir.


