z qaralov

Elşad Abdullayevin iddiası üzrə baş prokurora ilginc suallar

z qaralovArzu Kazımovun vəkili Zakir Qaralova vəsatətində nələrə cavab istəyib?

Mahir Abdullayevin oğurlanması ilə bağlı yeni müəmmalar

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanmasında adını hallandırdığı iş adamı Arzu Kazımovun vəkili Ramiz Zeynalov baş prokuror Zakir Qaralova vəsatət göndərib. Bu barədə “Azadlıq”a məlumat verən mənbə bildirib ki, vəsatət dekabrın 15-də baş prokurora ünvanlanıb və Ramiz Zeynalov bu işdə bir neçə vacib məqama toxunaraq araşdırılmasını xahiş edib.
Həmin məqamları oxucuların diqqətinə çatdırmamışdan əvvəl xatırladaq ki, Arzu Kazımov noyabrın 6-da həbs edilib. Prokurorluğun yaydığı məlumatda iş adamının Mahir Abdullayevin işilə bağlı deyil, Elşad Abdullayevə qarşı dələduzluq əməli törtədiyinə görə Cinayət Məcəlləsinin 178. 3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə həbs olunduğunu bildirilib. Lakin bununla belə Arzu Kazımovun Mahir Abdullayevin işilə bağlılığı var. Hər halda Elşad Abdullayev istintaqa ifadəsində, həmçinin qəzetimizə ünvanladığı müraciətlərdə qardaşının tapılması üçün daxili işlər nazirinin sabiq müavini, mərhum Zahid Dünyamalıyevə Arzu Kazımov vasitəsilə 3 milyon dollar verdiyi bildirib.
Iş adamı vaxtilə dostluq etdiyi Elşad Abdullayevin bu iddiasını əsassız saysa da, istintaqa ifadəsində sabiq rektora qardaşının tapılması üçün köməklik göstərdiyini etiraf edib. Arzu Kazımov ifadəsində bildirib ki, Elşad Abdullayevin onun ofisində DIN-in adam oğurluğu şöbəsinin sabiq rəisi, hazırda Bakı Şəhər Baş Polis Idarəsində rəis müavini vəzifəsində çalışan general Elxan Həsənov və nazirliyin başqa bir yüksək rütbəli əməkdaşı – Arzu Daşdəmirovla görüşüb. Bu görüş məhz Arzu Kazımovun səyləri nəticəsində baş tutub. Həmin görüşdə Elşad Abdullayev bildirib ki, onda olan məlumatlara görə, qardaşı oğurlanıb. Bu işi törədən şəxs isə ölkə başçısı Ilham Əliyevin əmisi oğlu Ilqar Əliyevdir. Sabiq rektor əlavə edib ki, onda məlumatlara əsasən qardaşı aşağıdakı şəxslərdən birinin bağ evində saxlanılır: Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, ölkə başçısının əmisi Cəlal Əliyev, mərhum dövlət başçısı Heydər Əliyevin bacısı Şəfiqə Əliyeva və Ilqar Əliyev.
Lakin Elşad Abdullayevin “Azadlıq”a müraciətlərində bu barədə söhbət açmayıb.
İndisə keçək Arzu Kazımovun vəkili Ramiz Zeynalovun vəsatətdə toxunduğu məqamlara. Vəkil baş prokurorun diqqətinə çatdırıb ki, Elşad Abdullayevin Arzu Kazımov və Zahid Dünyamalıyevlə bağlı iddiaları onun 2009-cu il mayın 15-də prokurorluğa verdiyi ifadəsində əks olunub. Ramiz Zeynalov Zahid Dünyamalıyevin 2009-cu il avqustun 10-da dünyasını dəyişdiyini xatırladaraq sual edib ki, nəyə görə mərhum general və Arzu Kazımov bu müddətdə istintaq orqanı tərəfindən dindirilməyib?
Ramiz Zeynalovun toxunduğu başqa bir maraqlı məsələ Elşad Abdullayevin 2003-cü il 15 noyabr tarixində Zahid Dünyamalıyevə ikincinin kabinetində 100 min dollar verməsilə bağlıdır. O, bildirib ki, Daxili Işlər Nazirliyinin qəbul şöbəsindən arayış alınmalı və 100 min dolların qəbul otağından keçirilməsinin mümkünlüyü araşdırılmalıdır. Bunun üçün DIN-in qəbul otağı ilə bağlı Əsasnaməsi götürülməli və qəbula məsul şəxs dindirilməlidir.

Ramiz Zeynalov “Azadlıq”a açıqlamasında dekabrın 15-də baş prokurora vəsatət göndərdiyini və qeyd etdiyimiz məsələlərə toxunduğunu təsdiqləyib. Eyni zamanda o, bu məsələlər barədə ehtimallarını da bizimlə görüşüb. Zahid Dünyamalıyevin və Arzu Kazımov 2009-cu ildə dindirilməsi məsələsilə bağlı Ramiz Zeynalov bildirib ki, onun mülahizəsinə Elşad Abdullayevin hər iki şəxs barədə iddiaları əsassızdır: “Elşad Abdullayev Arzu Kazımovun ofisində o zaman DIN-in adam oğurluğu şöbəsinin rəisi olan Elxan Həsənov və Cinayət Axtarış Idarəsinin rəis müavini Arzu Daşdəmirovla görüşüb. Bu görüş Zahid Dünyamalıyevin göstərişi əsasında baş tutub və məqsəd Elşad Abdullayevdən qardaşının oğurlanması barədə əlavə məlumat almaq olub. Həm Zahid Dünyamalıyev, həm də adını çəkdiyim digər şəxslər bu məsələni araşdırandan sonra Elşad Abdullayevə bildiriblər ki, sən qardaşının harada olduğunu bilirsən, bizə de, gedək gətirək. Görünür, istintaq da Mahir Abdullayevlə bağlı nə baş verdiyini gözəl bilib. Yəni, əslində Elşad Abdullayevin qardaşının harada olduğunu biliblər. Bu baxımdan da onun Zahid Dünyamalıyevlə Arzu Kazımovun dindirilməsinə ehtiyac olmayıb. Bu mənim mülahizəmdir, mən düşünürəm ki, məsələ belə olub”.
Digər məsələyə gəlincə, vəkil bildirib ki, Elşad Abdullayevin Zahid Dünyamalıyevə məhz ikincinin kabinetində pul verməsi inandırıcı görünmür: “Daxili Işlər Nazirliyinin qəbul otağı ilə bağlı Əsasnaməsi var. Həmin Əsasnaməyə görə qəbula gedən hər bir şəxs kimliyindən asılı olmayaraq ciddi şəkildə yoxlanılır. 100 min dollar böyük məbləğdir və onu cibə qoyub, yaxud hansısa başqa formada bu pulu yayındıraraq nazir müavinin qəbuluna getmək sadəcə mümkün deyil. Zahid Dünyamalıyev istəməz ki, kiminsə onun qəbuluna 100 min dollar pulla gəldiyini qəbul otağında bilsinlər. Deməli, ehtimal etmək olar ki, bu iddia əsassızdır”.
Ramiz Zeynalovun söylədiklərilə bağlı Elşad Abdullayevin mövqeyini öyrənmək mümkün olmayıb. Bununla belə növbəti sayımızda sabiq rektorun da Ramiz Zeynalovun qabartdığı məsələlərlə bağlı fikirlərini öyrənməyə çalışacağıq.    

Namiq