Aynur Camalqızı: «Mənə keçmişimi xatırladan adam, qulağının dibinə bir şillə dəyən kimi, Lider TV-də bütün silahdaşlarını satmadınmı?»
İqbal Ağazadə: «Bu sitatların müəllifi indi özünü tanıya bilirmi? Siz o zaman necə də səmimiymişsiniz…»
Publika.az saytı “Iqbal Ağazadə niyə radikallaşıb?” başlığı altında yazı yayımladı. Yazı “ABU-nun keçmiş rektoru Elşad Abdullayevin yayımladığı son video ilə bağlıdır. Belə ki, məlum videoda Sevinc Babayeva Elşad Abdullayevlə söhbətində Iqbal adlı şəxsin adını çəkir: ”Iqbalın kimliyi ilə bağlı ağla gələn ilk ad millət vəkili, Ümid Partiyasının sədri Iqbal Ağazadə olsa da, adıçəkilən şəxs səslənən iddiaları rədd etdi.
Iqbal Ağazadə açıqlama verərək videoda adı çəkilən Iqbalın ona aidiyyəti olmadığını bildirib. Deputat eyhamla bunun “Seçkilər” Informasiya Mərkəzinin rəhbəri Iqbal Babayev ola biləcəyini deyib. Elşad Abdullayevə köməklik göstərən, Fransada yaşayan bloqçu Elnur Məcidli başqa fikirdədir. O, “Avropa.info”ya açıqlamasında videoda adı çəkilən Iqbalın məhz Iqbal Ağazadə olduğunu bildirib: “Bəli, videoda adıçəkilən Iqbal deputat Iqbal Ağazadədir. Iqbal Ağazadənin Gülər Əhmədova ilə çox yaxşı münasibətləri var, dostdurlar. Elşad Abdullayev də təsdiqləyir ki, videoda adı hallandırılan Iqbal Ağazadədir”.
Yazı belə bitir: “Bəlkə əsl həqiqətin tapılıb ortaya çıxarılması naminə elə I.Ağazadə də dostu G.Əhmədovanın atdığı addımı ataraq mandatdan imtina etsin?”.
Bu yazı yayımlanandan sonra Iqbal Ağazadə “facebook” səhifəsində yazıya belə reaksiya verib: “Mənə sual ünvanlamısınız – niyə radikallaşmışam? Əslində necə varam elə də yoluma davam edirəm. Bəs görəsən sizlər niyə loyallaşdınız? Pardon, düşüncə və düşərgənizi dəyişdiniz?! ”Nə yaxşı I.Əliyevin yox, I.Qəmbərin tərəfindəyəm, ruhlanmaq, depressiyadan çıxmaq üçün bu kifayət qədər tutarlı səbəbdir… Ən yaxşısı odur ki, düz yolu tut və nə sağa, nə sola baxmadan irəlilə, sənə çamur atanlar da, ayağının altına kötük yumalayanlar da olacaq, amma biz axmaq adamlar üçün yaşamırıq ki. Ağıllı adamlara isə yaxşı ilə pisin, ağla qaranın fərqini göstərməyə, izah etməyə ehtiyac yoxdur… Maraqlı görünə biləcək yalnız budu ki, sizin deputat həmkarınız R.Aslanova iddia edir ki, ABŞ-ın gözü Azərbaycanı götürmür. Ona görə də Dövlət Departamenti o cür hesabat yayır… Mən arzu edirəm ki, siz haqlı olduğunu sübut edə bilənlərdən olasınız və inanıram ki, buna gücünüz çatar”. Görəsən bu sitatların müəllifi indi özünü tanıya bilirmi? Siz o zaman necə də səmimiymişsiniz…”.
Iqbal Ağazadəninin bu yazısından sonra Aynur Camalqızı gecikmədən cavab verib. Qafqazinfo-ya açıqlamasında A.Camalqızı bildirib ki, yazının müəllifi deyil: “Müxbir yazısıdır. Amma bu, mənim mövqeyim kimi qəbul edilibsə, cavab verməyə məcburam. Əvvəla, keçmiş həmkarım Iqbal Ağazadənin köhnə yazılarımdan sitat verməsi ingilis atalar sözüylə ifadə etsək, ”çirkli paltar eşələməkdən” başqa bir şey deyil. Vaxtilə bunu Əvəz Zeynallı ilə Fərəməz Novruzoğlu gen-bol ediblər, cibində mandat gəzdirən birinin onlarla bir sırada dayanması xoş mənzərə deyil. Ikincisi, mən müxalifətdə necə səmimiydimsə, bu gün də eləcə səmimiyəm, sizin kimi “müxalifətçilik” oynamıram. Yanıldığımı başa düşən kimi, o düşərgəni tərk etmişəm. Mənə keçmişimi xatırladan adam, qulağının dibinə bir şillə dəyən kimi, Lider TV-də bütün silahdaşlarını satmadınmı? Bir adam ki, öz hərəkətinə “haqq” qazandırmaq üçün “bacımı ora gətirmişdilər, məcburən düşərgəmi satdım” məzmunlu etirafı edirsə, ailəsinin qadın üzvlərinin arxasında gizlənirsə, deyəcək söz qalmır mənə”.
Iqbal Ağazadə “Azadlıq”a açıqlamasında bir qadınla mübarizə aparmaq istəmədiyini dedi: “Sadəcə olaraq bəzi mətləbləri sosial şəbəkədə yazdım. Xanımlığına hörmət etsin, mən xanımlara hörmət edirəm. O cümlədən də Aynur Camalqızına. Xanım olduğuna görə, başqa keyfiyyətlərinə görə yox. Danışmıram. Mən danışsam, düşürəm onun səviyyəsinə. Videoda səslənən fikirlərin obyektiv araşdırılması üçün şərtləri ortaya qoymuşuq. Bu şərtlər olmadan obyektiv araşdırma ola bilməz.
Indi də nə söhbət gedir? Radikallaşma. Biz sifətimizi də dəyişməmişik, simamımızı da. Siyasətə gəldiyimiz gündən hakimiyyətə münasibətimiz və məsafəmiz nə qədərdirsə, o qədər münasibətimiz və məsafəmiz var”.
Ramin DEKO


