Azərbaycanın dövlət başçısı Ilham Əliyev 18 dekabrda “Azəri-Çıraq-Günəşli” layihəsinin operatoru Britaniyanın BP şirkətinin ünvanına səsləndirdiyi sərt tənqidi rədd etdi. Bu bəyanat üçün o, bir qrup idmançının təltif mərasimindən istifadə etdi. Azərbaycan-Britaniya münasibətlərinə… idman tədbirində aydınlıq gətirdi.
Əliyev geri çəkilir
Azərbaycan prezidentinin tələsik bəyanatı BP-nin baş direktoruÿ Robert Dadli ilə görüşdən dərhal sonra səsləndirildi. Onun səfəri bir sıra təxirəsalınmalardan sonra həmin gün baş tutmuşdu. “Bu gün səhər BP şirkətinin prezidenti mənimlə görüşdə şirkətin gələcək illər üçün planlarını açıqlayıb. Mən çox şadam ki, bu planların arasında neft hasilatının sabitləşdirilməsi məsələləri ön planda dayanır. Bu onu göstərir ki, bizim aramızda olan əməkdaşlıq, doğrudan da güclü əsaslar üzərində qurulubdur. Gələn ildən başlayaraq iqtisadiyyatımızın əsas sahəsi olan neft sənayesində sabitləşmə olacaqdır. Bundan sonra dayanıqlı neft hasilatı uzun illər təmin ediləcək”,- deyə prezident izah edib.
Daldan atılan daş…
Bu il oktyabrın 10-da hökumətin iclasında prezident BP-ni qəsdən hasilatı azaltmaqda ittiham etmişdi. Onun öz bəyanatını diplomatikcəsinə rədd etməsini kompromisə hazırlıq kimi qəbul etmək olar. O vaxt Əliyev demişdi ki, ölkə rəhbərliyi şirkət üçün çox şey edib, özü də təkcə enerji sahəsində yox. Əliyevin eyhamı geniş ictimaiyyətə məlum deyil, açıq nitqin kadrı arxasında qalır. Maraqlıdır ki, bu dəfə BP qarşılıqlı anlaşmaya nail olunduğu barədə heç bir rəsmi bəyanat vermədi.
BP-yə qarşı açıq oktyabr ittihamı hasilat azalmağa başlayandan 3 il sonra səslənib. 2010-cu ilin yekununda AÇG-də 40,6 mln ton, 2011-ci ildə 35,6 mln ton neft çıxarılıb. Bu il hasilat həcmi 32,7 mln ton səviyyəsində gözlənilir. Bu halda məntiqi sual çıxır: prezident Azərbaycana dəyən 8 mlrd dollar ziyan barədə niyə indi danışır və BP-nin bu ziyanı ödəyib-ödəməyəcəyi barədə niyə heç nə demir? Öz növbəsində BP Azərbaycanın dövlət büdcəsinin ARDNŞ-SOCAR Trading sxemi üzrə neft satışından ildə milyardlarla itkiyə məruz qalması barədə şərh vermir.ÿ
Amma “Turan” agentliyi AÇG konsorsiumunun iştirakçısı olan şirkətlərdə dəqiqləşdirib ki, indiyədək 2013-cü ilin planını Rəhbər Komitə təsdiqləməyib. Təbii ki, gələn il üçün büdcə xərcləri məlum deyil. Bundan başqa, “Qərbi Çıraq”da yeni hasilat platformasından neft hasilatının başlayacağı tarix də məlum deyil: bu, ya oktyabrda, ya da dekabrda olacaq. Ikinci halda hasilatda böyük uğur qazanmaq çətin olar, çünki BP yeni istismar quyuları qazmaq barədə qərar versə belə, 2013-cü ilin I yarısında tənəzzül davam edəcək. Məsələ burasındadır ki, bir quyunun qazılmasına 4 ay tələb olunur. Belə görünür ki, hasilat 2014-cü ildəÿ”Qərbi Çıraq” tam gücü ilə işləyəndə sabitləşəcək.
2013 seçkisi ilə bağlı qeyri-müəyyənlik
Amma bu məsələ də sual altındadır. Bir sıra məlumatlara görə, Azərbaycanla bağlı bütün mühüm energetika layihələri 2013-cü ilin qarşıdan gələn prezident seçkiləri ilə bağlı qeyri-müəyyənliklə əlaqədar 2014-15-ci illərə keçirilib.
Bundan başqa, Qərbin neft mənbələri deyir ki, Azərbaycan rəhbərliyi hasilatın piki və sosial-iqtisadi həyata ciddi problemlər gətirəcək neft hasilatının azalma cədvəlindən xəbərdar idi. Bunlar artıq 2013-cü ilin büdcəsinin formalaşmasında, ölkənin əsas iqtisadi qanununun gəlir hissəsindəki yırtığı yamamaq üçün Neft Fondunun $2,2 mlrd aktivlərini cəlb etmək lazım gələndə özünü açıq göstərməyə başladı. Buna səbəb büdcənin əsas donoru olan Neft Fondunun 2012-ci ildə finiş nöqtəsinə gəlirlərin və xərclərinin mənfi saldosu ilə çıxmasıdır.
BP ilə münaqişənin həllinə bütövlükdə problemin həlli kimi baxmaq olmaz, söhbət daha çox onun müvəqqəti ört-basdır edilməsindən gedə bilər. Noyabr 2-də “Azərbaycan hakimiyyətinin paralel dünyası” adlı analitik məqalədə “Turan” agentliyi ikitərəfli münasibətlərdəki böhranın əsas səbəbini britaniyalıların, həmçinin digər Qərb tərəfdaşların bundan sonra da Azərbaycandakı rejimi və onun indiki mahiyyətini dəstəkləmək bacarığının, yaxud həvəsinin olmamasında görürdü. Əliyevin BP ilə taktiki barışıq elan etməsinə Azərbaycan tərəfinin dünyanın enerji nəhəngi – Amerikanın EXXON şirkətinin qlobal dəstəyini almaq cəhdinin uğursuz nəticələnməsi kimi baxıla bilər. Gizli xarakter daşıyan danışıqlar neft nəhəngi üçün əhəmiyyətli imtiyaz və cəlbedici təklifləri nəzərdə tuturdu. Ancaq danışıqların gedişi Azərbaycanda dəyişikliklərə can atan nüfuzlu siyasi mərkəzlərə məlum idi. Bu onu göstərə bilər ki, gizli arzulanan gerçəklik deyil.ÿ
Pay bölgüsündə fikir ayrılığı…
Bəziÿekspertlər BP ilə ARDNŞ arasında münasibətlərin mürəkkəbləşməsinin digər versiyasını irəli sürürlər. Bunu gücü artan ARDNŞ ilə BP-nin maraqlarının toqquşduğu “Şahdəniz-2″, TAP (Transadriatik kəməri) və s. tipli gələcək meqalayihələrlə əlaqələndirirlər. Avqustun 9-da TAP konsorsiumu və ”Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi üzrə tərəfdaşlar (BP, ARDNŞ və Total) Azərbaycan qazının Avropaya ixracının yekun marşrutunu seçənə qədər layihənin maliyyələşdirilməsi ilə bağlı saziş imzalayıb. Saziş həmçinin “Şahdəniz”in işlənilməsi üzrə tərəfdaşların TAP layihəsində 50%-ə qədər payın əldə edilməsi imkanını da nəzərdə tutur. Razılaşmaya əsasən, ayrılan vəsaitlər kəmərin marşrutu ilə bağlı yekun qərarın qəbuluna – 2013-cü ilin ortasına qədər layihə çərçivəsində həyata keçirilməsi planlaşdırılan müxtəlif işlərə yönəldiləcək.
Həmin avqust günündə BP-Azerbaijan şirkətindən bu məlumatı “Turan” agentliyinə şərh edərkən bildiriblər ki, “Şahdəniz” layihəsinin əsas tərəfdaşları – BP, ARDNŞ və Total Azərbaycan qazının Avropaya nəql ediləcəyi hər bir nəqliyyat seqmentində – Cənubi Qafqaz boru kəmərində, Trans Anadolu və TAP/Nabucco-West-də paya sahib olmaq istəyir”. “Turan”ın həmsöhbəti qeyd edib ki, imzalanan razılaşma bu layihə uğurlu olacağı təqdirdə TAP aktivlərinin yarısına nəzarət etmək imkanı verir. Bu halda münaqişə payların bölünməsində fikir ayrılığı ilə bağlı ola bilərmi? Tamamilə mümkündür. Avqustun 6-da, razılaşmanın imzalanması ərəfəsində Əliyev Londonda Devid Kemeron və Robert Dadli ilə görüşdü, sonra hansısa məsələləri yoluna qoymaq üçün dərhal Azərbaycana gəldi və tezcə Olimpiya oyunlarının keçirildiyi Londona qayıtdı.
Qərbin istəyi: dayanıqlı demokratik sistem
Bahalı qaz layihəsinin rəsmi Bakını belə gərginləşdirə biləcəyi az inandırıcıdır. Qaz layihələri, hətta onlar meqalayihə adlandırılsa da, AÇG-ni əvəz etmək imkanında deyil. Müqayisə üçün 2012-ci ildə AÇC-dən təmiz gəlir 19,1 mlrd dollar təşkil edib, qazdan isə gəlir bu il 200 mln dollardan bir qədər artıq olub. Hətta “Şahdəniz-2″ neft hasilatının qaçılmaz olaraq azalmasından yaranan itkilərin yerini doldura bilməz. Qaz layihəsinə investisiyaların 35 mlrd dollardan artıq ola biləcəyini nəzərə alsaq, bu qaz layihəsindən ciddi gəlirlər gözləmək olmur. Bu halda münasibətlərin siyasi səbəblərdən pozulması versiyası əsas olaraq qalır. Nəzərə alsaq ki, meqalayihələrin tam işə düşüb gəlir gətirməsi 2018-ci ildən sonraya təsadüf edəcək. 2020-ci illərin əvvəlində gözlənən yeni iqtisadi bum dövründə dünya iqtisadiyyatının sabit enerji təminatına ümid edən Qərb üçün azad diversifikasiyalı iqtisadiyyatı, dayanıqlı demokratik siyasi sistemi olan sabit, nə edəcəyi məlum olan tərəfdaş tələb edilir.
“Turan” Analitik Xidməti