Türk yazarı Sunay Akının “Işgəncə” adlı bir şeiri var.
Nə zaman elektrik verilsə
bədənimin tək bir hücrəsinə,
aydınlanır yurdumun
lampasız bütün evləri…
Bu yurdun çıraqsız, lampasız evləri bitməz ki… “Bu, bir gülləlik iş deyil, mənim uşağımın bədənini siqaretlə közləyiblər, işgəncə veriblər. Daxili orqanlarını çıxarıblar”. Cəbrayıl rayonundan məcburi köçkün olan Iradə Məmmədovanın bu fəryadını unutmuş olmazsınız. Ananın əsgər oğlu Ismayıl Ibayevi Naxçıvanda hərbi hissədə görünməmiş işgəncəylə öldürmüşdülər.
“Onun cəsədində çoxsaylı zorakılıq izləri, kəllə sümüyünün sınığı açıq-aşkar görünür. Boynunun ətrafında boğulma əlamətini əks etdirən dərin kəsik izləri var, bütün cəsədi qançır-qançırdır. Bədəninin müxtəlif hissələrində səthi dəliklər – elektrik cərəyanı ilə işgəncənin izləri var”. Bu da Naxçıvan MTN-də ağılalmaz işgəncə ilə qətlə yetirilən Turac Zeynalovun ölüm səbəblərini əks etdirən faktlardır.
Yeni bir işgəncə faktı da mətbuat səhifələrində yaxın günlərdə yayılıb: “Oğlum 16-cı ”kolon”daydı. Əsəbləri pozulmuşdu deyə, iki aya yaxındı ki, tibb müəssisəsinə qaldırılmışdı. Xəstəxanada onu möhkəm, ölümcül döyüblər. 16-cı “kolon” qəbul etmədiyi üçün 17-ci “kolon”a aparmalı olublar. Oğlum “kolon”a çatandan 2 saat sonra ölüb. Bizə dedilər ki, guya özünü asıb. Meyit gözümün qabağındadır. Kəllə sümüyü sınıb, bədəni də qapqaradır…”.
Zaqatala sakini Fatma Əliyeva da məhbus oğlunun belə işgəncə ilə öldürüldüyünü bildirir…
Necə ölkədə yaşayırıq, hara gedirik? Qanun yazanların qanun pozucularına, işgəncə icraçılarına çevrildiyi bu ölkədə sonumuz necə olacaq?
Xatırlayırsınızsa, iyun ayında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi belə bir təklif irəli sürmüşdü: “Cinayət Məcəlləsindəki ”işgəncə vermə” maddəsinin adı “əzab vermə” maddəsi adlandırılsın”.ÿƏslində, mən bu variantların hər ikisinin əsasında zorakılığa bəraət elementi görürəm və nədən CM-ə belə bir maddə salındığını da anlaya bilmirəm. Məgər, ölkədə misli görünməmiş işgəncələrin baş alıb getməsi bu “qanuni” maddədən qaynaqlanmırmı? Hər halda, bu daha çox məsələnin mənəvi tərəfidir. Işin hüquqi tərəfi ilə bağlı məsələyə gəldikdə isə, dəyişikliyə etirazını bildirən Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudovun fikirləri yerinə düşür: “Əzab vermə düzgün deyil. Işgəncə elə işgəncədir. BMT-nin Işgəncələrə qarşı Konvensiyasında da işgəncənin nə olduğu aydın göstərilir”.
Komitə sədri haqlı olaraq deyir ki, bu, işgəncə faktlarının ört-basdır edilməsi məqsədi daşıyır.
BMT-nin Işgəncələr Əleyhinə Konvensiyanın 3-cü maddəsinə görə isə “ifadə almağa məcburetmə və ya hər hansı ifadəni onun boynuna qoyma işgəncə vermə hesab edilir”. Bəli, məncə, əsl qeyri-insani cəza metodları elə CM-in bu 133-cü maddəsindən qidalanır. Gətirdiyim faktlar da göstərir ki, “qanun keşikçiləri” şübhəli şəxsdən ifadə almaq və ya onun boynuna məcburi ifadə qoymaq üçün bu maddəni qeyri-insani şəkildə istismar edirlər. Bu zorakılıq ifadə almaq kontekstindən çıxarılıb insan ölümlərinə qədər aparır. Daha betəri isə odur ki, qanunun verdiyi bu “imkan”dan gen-bol sui-istifadə edən həmin yetkililərin biri də indiyə kimi cəzalandırılmayıb. Əksinə, onlardan çoxu irəli çəkilib, vəzifələri böyüdülüb. Kim nə deyir, desin, “qanun” çərçivəsində bir insana “işgəncə” tətbiq edilməsi normal hal sayıla bilməz. O ki qaldı şübhə əsasında saxlanan həmin şəxsin günahı sübuta yetirilməmiş olsun. Nə yazıqlar ki, bizdə çox zaman ən məsum insanlar, vətən torpaqlarını qoruyan əsgər belə bu qəddar metodların qurbanına çevrilir…

Bitsin bu işgəncə..
•