Solovkidən qaçan Elşad Abdullayev

Keçmiş ABU rektoru Elşad Abdullayev 40 illik (daha doğrusu, 44 illik!) MÖHTƏŞƏM ILLƏRin qısa, ancaq tipik-xarakterik dönəmi ilə bağlı serialları yaydıqca hakimiyyət çökür. Yavaş-yavaş, içindən sınıb tökülərək çökür. MÖHTƏŞƏM 44-ün ilkin serialı yayılanda administrator-filsof-akademik-ideoloq… korrupsioner R.Mehdiyevlə baş prokuror Z.Qaralov başda olmaqla YAP yetkililəri videogörüntünü “montaj”, “yalan”, “böhtan” adlandırdılar. R.Mehdiyev serialın sonrasından soraqsız olduğundan belə gurultulu çıxışda bulunmuşdu: “Inamla deyə bilərəm ki, Prezident Administrasiyasının nümayəndələrinin belə çirkin olaylarla əlaqəsi yoxdur və ola da bilməz. Elşad Abdullayevin deputat seçilməməsi və onun rektoru olduğu Beynəlxalq Universitetin qanuni əsaslarla bağlanması faktı da fikirlərimi bir daha təsdiqləyir”. 
Sonra ortaya MÖHTƏŞƏM QIRX Ilin son dönəmləri ilə bağlı daha üç seriya çıxarıldı. R.Mehdiyev də, onun kriminal komandası da uzun illərdən bəri başını PULA soxub törətdiyi çoxsaylı cinayət faktlarından DƏHŞƏTƏ gələrək… susur. Hamısı səsini içinə çəkib, əlini göyə qaldırıb, Tanrıya üz tutub: “Ya Allah, bu işlər ”bu seriallar – Ramiz Mehdiyevdən uzağa getməsin!”. Ancaq iş çoxdan uzağa gedib; dediyinə görə, E.Abdullayev MTN mayoru olmuş qardaşının oğurlanması ilə bağlı bütün başlıca dövlət strukturlarına çoxsaylı fiziki, epistolyar yürüşlərdən sonra prezidentə, eləcə də onun YUNESKO-ya bağlı “xoş məramlı” xanımına 230 (iki yüz otuz!!!) məktub yazıb. Bir neçə gün qabaqkı çıxışında bildirdiyinə görə, bütövlükdə o, baş prokuror Z.Qaralovdan, R.Mehdiyevdən tutmuş prezident klanınadək bir çoxlarına 1000-dən artıq (mindən artıq!!!) məktub yazıb. Beləliklə, onların birinci videodan sonra dedikləri: “E.Abdullayev düz adam idisə, qabaqsca dövlət orqanlarına müraciət etməli idi” – bumeranqa dönür. Ən azı, indi, ortaya çıxan bir belə cinayət faktından sonra, rejim yetkililərinin sərgilədiyi susqunluq (cinayətkarcasına susqunluq!) ölkə boyu XAOS uçurumuna sürüklənmə göstəricisidir.
YAP-dan H.Paşayev danışası oldu: “Son videogörüntü sübut edir ki, oradakı müzakirələr, söhbətlər, sadəcə, gülməlidir”. Azərbaycanın bütün faciələri, E.Abdullayev videolarındakı kimi, YAP üçün gülməlidir; axı, o faciələri doğuran YAP özü, YAP-ın qurduğu ANTIMILLI, ANTIDEMOKRATIK siyasi sistemdir! Sözsüz, bunu onlar özləri də gözəl bilirlər, elə buna görə də son çağlar jurnalist-hüquqçu adı altında agent-əlaltıları işə salıb özlərinin öncə dediklərini indi onlara dedirdir, “montaj”, “şər”, “yalan”, “böhtan” kimi rejim üçün xarakterik leksikonu tirajlayırlar. Özü də çox SƏLIQƏSIZCƏSINƏ. “Səliqə ilə qoy, pula belə yaxınlaşmazlar, belə münasibət bəsləməzlər!” – bunlar yalnız pulla bağlı davranışlarında SƏLIQƏLI olmağa üstünlük verirlər. Adamlar ağrı-acıları, problemləri, faciələri ilə bunlar üçün eləcə… GÜLMƏLIDIR! Elşad Abdullayevin qardaş itkisi də eləcə…
…Moskvada bir daş var. Qara bir daş. Hər il dekabrın 10-da (insan hüquqları günü) o daşın başına yığışır, o daşı gül-çiçəyə tuturlar. Daşın üzərində belə bir yazı oxunur: “Solovki”. Solovki – Ağ dənizdə ada, Stalin dönəminin ən qorxunc sürgün-ölüm yerlərindən biri. Solovki – repressiya qurbanları üçün ən qorxulu işgəncə – ölüm adası. Bəlli olduğu kimi, o ölüm adasında bir qrup Azərbaycan oğluna uzun sürə ağır işgəncə versələr də, sındıra bilməyiblər. Bunu Volkov kimi ölüm adasından tək-tük qaçıb canını qurtara bilənlər yazır. Ölüm adasından o tək-tük qaçanlar arasında stalinçi rejim adamları da olub; onlar illərlə can-başla qulluq etdikləri siyasi sistemin qurbanlarına çevrilənlər idilər. E.Abdullayev də belələrindəndir. Haçaqsa Bakıda da harasa bir qara daş qoyulacaq, üstünə, ola bilsin, bu sözlər yazılacaq: “Heydərizm – YAP daşı”.