ilham-ramiz

İlham Əliyev Ramiz Mehdiyevlə vidalaşa biləcəkmi?

ilham-ramizQurban Məmmədov: «Ramiz Mehdiyevi kənarlaşdırmaq İlham Əliyev üçün böyük problem deyil»

«Görünür, PA rəhbərində ona qarşı kompromatlar olduğundan ehtiyat edir»

Son aylarda hakimiyyət daxilində qarşıdurma daha şiddətli xarakter almaqdadır. Elşad Abdullayevin açıqladığı videolar, Gülər Əhmədovanın adının hallandırıldığı olaylar isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi hədəfə gətirib. Artıq onun özü də bunu etiraf edərək baş verənlərin düşünülmüş təxribat olduğunu açıqladı.
Bir çox ekspertlər bu proseslərin məhz Ramiz Mehdiyevin vurulması və istefaya göndərilməsi ilə nəticələcəyini deyir. Çünki Ramiz Mehdiyevin bir məqaləsini tərif etmək üçün konfranslar təşkil edən ətrafı susmağa üstünlük verir. Hələlik ölkə başçısı PA rəhbərinin adı ətrafında baş verənlərə münasibət bildirməyib. Ancaq nəzərə almaq lazımdır ki, Ramiz Mehdiyev də sıradan bir adam deyil. Bu baxımdan onun vurulmasının rahatlıqla baş verməyəcəyini ehtimal etmək olar. PA rəhbəri Heydər Əliyevin hakimiyyəti dövründən bu günə qədər ölkədə və hakimiyyət daxilində baş verən bütün proseslərdən xəbərdardır. Əliyevlər hakimiyyətinin möhkəmlənməsində onun da rolu az olmayıb. Bu baxımdan Mehdiyevin rahat təslim olmayacağını əminliklə demək olar. Hələ bir neçə il əvvəl mövqeyinin zəiflədiyini görən daxili işlər naziri Ramil Usubov Hacı Məmmədov olayında adı çəkilən cinayətkarlardan birini Heydər Əliyevin göstərişi ilə azad etdiyini deyəndən sonra ona qarşı təpkilər səngidi. Eyni zamanda Elşad Abdullayevin açıladığı videolardan sonra hədəfə alınan Gülər Əhmədovanın “ağzımı açdırmayın” mesajından sonra eyni situasiya yaşandı. Ona qarşı hücumlar dayandırıldı. Şübhəsiz ki, Ramiz Mehdiyevin də çətin duruma düşəcəyi təqdirdə deyəcəyi söz az deyil. Belə olan halda Ilham Əliyev Ramiz Mehdiyevlə vidalaşa biləcəkmi və əgər belə bir qərara gəlsə, PA rəhbərinin cavabı nə olacaq?  Hüquqşunas Qurban Məmmədov hesab edir ki, Ramiz Mehdiyevin ünvanına olan ittihamları rədd etməsi gülməli və əsassızdır. Çünki Azərbaycanda hamıya bəllidir ki, kimlərin deputat olması məsələsi Ramiz Mehdiyevin kabinetində həll edilir. Prezidentə də siyahılar məhz Ramiz Mehdiyevin vasitəsilə təqdim edilir, məsləhətlər verilir. Bu baxımdan Ilham Əliyevin fəaliyyətində nə nöqsan varsa, günah eyni zamanda ona məsləhət verənlərdədir. Bunların da başında Ramiz Mehdiyev dayanır.

Q.Məmmədovun sözlərinə görə, hakimiyyətdə olanlar Gülər Əhmədovanı qurban verməklə özlərini xilas etməyə çalışırlar. Halbuki Gülər Əhmədova düşdüyü vəziyyətə uyğun olaraq qanunsuz əmri icra etməyə məhkum edilmişdir. Bu baxımdan onun bağışlanmaq haqqı da var. Amma bu əmri ona icra etməyə məcbur edənlər mütləq məsuliyyət daşımalıdırlar.
Ilham Əliyevin Ramiz Mehdiyev barəsində tədbir görməsinə gəldikdə, Q.Məmmədov PA rəhbəri və onun komandasının dərhal vəzifədən uzaqlaşdırılmalı olduğunu deyir. Əliyev köklü islahatlara başlamasa, Ramiz Mehdiyevlə birlikdə xalqın qiyamının, nifrət və kininin qarşısında dayana bilməyəcək və gedəcək.
Q.Məmmədovun fikrincə, Ramiz Mehdiyevi kənarlaşdırmaq Ilham Əliyev üçün böyük problem deyil. Lakin görünür, PA rəhbərində ona qarşı kompromatların olduğundan ehtiyat edir. Ona görə də hələlik mövqe bildirməkdən çəkinir. Eyni zamanda daha ciddi faktların, sübutların ortaya çıxmasını gözləyir. Baxmayaraq ki, indiki məqamda da Mehdiyev adı hallanan istintaqın gedişinə mane olmamaq üçün vəzifəsindən uzaqlaşdırılmalıdır.
Q.Məmmədovun sözlərinə görə, hazırda ölkə başçısı üçün ən optimal variant müxalifətlə və birbaşa xalqla danışıqlara gedib dəyişikliklərə başlamasıdır. Əks təqdirdə Ilham Əliyev özü də, Azərbaycan dövləti də Qəzzafinin və ərəb ölkələrinin taleyini yaşayacaqlar. Dövlət başçısı bu məsələdə diqqətli olmalıdır.

Fizzə