Həqiqətin dostusansa, yapçılar sənə düşmən deməlidir!

Yəqin xəbəriniz var, Ilham Əliyev srağagün hardasa yenə inkişaf nağılları üzərində qurulmuş bir çıxış elədi və arada fürsət tapıb müxalifətə “erməni” dedi. Təəccübləndikmi? Əsla. Qəzəbləndikmi? Şəxsən mən – qətiyyən!
Niyəsi çox sadədir. Bir neçə ay əvvəl özünü müxalifət elan edən qüvvələr YAP-ın qərargahına gedib, orada Heydər Əliyevin şəkli altında Ramil Səfərovla bağlı hansısa sənədə imza atmalarını nə ilə izah etmişdilər?
Unudanlar üçün xatırladım. Demişdilər ki, biz o sənədə qol çəkməsəydik, rejim bunu müxalifətin “satqın”, “antimilli”, “erməni” elan edilməsi çün fürsətə çevirəcəkdi, xalqın başını bu cür ittihamlardan ibarət təbliğatla dolduracaqdı.
Indi soruşuram: nə oldu, bəylər? Axırda yenə də “satqın”, “erməni” elan edilmədinizmi? Yenə də “ünsür”, “xalq düşməni” olmadınızmı? Və ən nəhayət: heç olmasa, indi anladınızmı bunlarla hətta adı “milli”, “taleyüklü” qoyulan məsələlərdə də bir masa arxasında oturmağın nə qədər yersiz, yanlış olduğunu? Rejim öz mahiyyətində qaldı, biz yenə “ermənipərəst” çıxdıq, ara yerdə isə prinsiplərimiz zədələndi, prinsipiallığımız zərər gördü. Lazım idimi sizə, bizə bu?!
***
Ilham Əliyevin müxalifətin ünvanına “erməni” sözündən təhqir, həqarət kimi istifadə etməsinə gəlincə. Bu, çox gülməlidir. Biz nə deyirik? Deyirik ki:
– Azərbaycan hüquq dövləti olsun.
– Azadlıqların önü açılsın.
– Korrupsiya ləğv edilsin.
– Yalan, yaltaqlıq, oğurluq, saxtakarlıq idarəetmə norması olmaqdan çıxsın.
– Ölkə bir nəfərin iki dodağının arasından çıxan sözlə yönəldilməsin.
– Milli iradə hegemon olsun.
– Azərbaycan modern, mədəni, demokratik dünyanın bir parçasına çevrilsin.
Bunları istəmək, tələb etmək “erməni” olmaqdırsa, Ilham Əliyevin məntiqindən belə çıxmırmı ki, ermənilər Azərbaycan haqda yaptokratlardan daha xoşniyyətlidirlər? Axı məntiqlə ermənilər biz düşündüklərimizin tam əksini düşünməli deyillərmi?
Bu ölkədə korrupsiyadan yana, hüquqsuzluqdan ədalətsizlikdən, yağmaçılıqdan, yoxsulluqdan yana olmalı deyillərmi?
Onlar Azərbaycanın pis idarəçilərin caynağında hər gün daha da gücsüz duruma düşməsini istəməli deyillərmi?
Erməniyə lazımdırmı ki, Azərbaycan bir hüquq dövləti olsun, azadlıqların, ədalətin hegemon olduğu bir ölkə olsun və gücləndikcə güclənsin?
Elə isə Ilham Əliyev hansı məntiqlə “erməni”, “satqın” ittihamını müxalifətə ünvanlayır ki? Erməninin istədiyi Azəraycanın zəiflədikcə zəifləməsi ola bilər ki, yaptokratiya rejimi də maşallah, bunun üçün əlindən gələni edir. Sayələrində adımız korrupsiya, işgəncə, qeyri-azad və qeyri-firavan həyat siyahılarını, hesabatlarını bəzəyir. Azərbaycan deyiləndə artıq göz önünə çağdışı, antidemokratik, mürtəce bir zehniyyətin hakim olduğu ölkə gəlir. Və bu ən çox erməninin işinə yarayır. Onun dünyada əlini gücləndirir.
Yaxşı erməninin işinə yarayan, onun əlini gücləndirən bir oğru-korrupsioner siyasəti yürüdüb, sonra da “erməni”, “satqın” ittihamlarını müxalifətin belinə yapışdırmaqdan gülməli, absurd nə ola bilər?
Siz Azərbaycanın dilini dünyada qısa edən, onu başqalarının yanında gözügölgəli edən bir idarəçiliklə məşğul olacaqsınız, bundan ən çox ermənilər bəhrələnəcək, faydalanacaq, amma “satqın” da biz olacağıq, eləmi? Məntiq bu işin harasındadır, hörmətli yaptokratlar!
Əslində rejimin bizi düşmən gözündə görməsinə sevinmək lazımdır. Bu, bütün antixalq, antidemokratik rejimlərdə belədir: əgər sən korrupsiyanı, yalanı, talanı baştacı edən bir sistemin dostu deyilsənsə, “düşmən” elan edilməyin təbiidir. Təbii olduğu qədər də şərəflidir. Sən belə bir sistemlə düşmənsənsə – deməli, həqiqətin, ədalətin, azadlığın dostusan.
***
Mən əslində YAP-la birgə bəyanat biabırçılığını da yuxarıda ona görə xatırlatdım ki, artıq biz yaptokratların “düşmən”, “satqın”, “ünsür” elan etməsindən qorxmayaq. Bunu özümüzə dərd eləməyək. Bundan kompleks keçirməyək.
Biz korrupsiyanın düşməni olmadıqca həqiqətin dostu necə ola bilərik axı?