“Freedom House” yenə hakimiyyətin hədəfindədir

Rəsul Cəfərov: «Bu təşkilatı qeyri-ciddi adlandırmağın özü qeyri-ciddilikdir»

“Freedom House” təşkilatının yeni hesabatı ənənəvi olaraq Azərbaycan hakimiyyəti süngü ilə qarşılayıb. Xatırladaq ki, “2012-ci ildə dünyada azadlıq” adlı hesabatda Ermənistan və Gürcüstan “qismən azad ölkə”, Azərbaycan isə “azad olmayan ölkə” kimi göstərilib. Hesabat yayılan ərəfədə Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin demokratiya, əmək və insan haqları üzrə müavininin köməkçisi Tomas Melia “Freedom House”nin rəyi ilə hesablaşdığını açıqladı.
Hakimiyyət isə göstərilən problemləri aradan qaldırmaq əvəzinə “Freedom House” təşkilatına qarşı ittiham kampaniyasına start verib. Iqtidara yaxınlığı ilə seçilən bütün təşkilatlar və mətbuat “Freedom House” qeyri-ciddi qurum kimi qələmə verməyə çalışır. Lakin bu kampaniyada bir məntiqsizlik müşahidə olunur.

“Freedom House” qeyri-ciddidirsə, onda bu narahatçılığa nə əsas var? Bəs hakimiyyəti narahat edən nədir?
Hüquq müdafiəçisi Rəsul Cəfərov hakimiyyətin nüfuzlu beynəlxalq təşkilata qarşı apardığı kampaniyanın gülüş doğurduğunu deyir. Normal tənqidə qarşı bu cür reaksiya normal sayıla bilməz.
Hüquq müdafiəçisinin sözlərinə görə, “Freedom House” təşkilatının peşəkarlığı və ciddiliyi heç bir şübhə doğurmur. Bu təşkilatın hesabatlarında ABŞ və digər Qərb ölkələrinin rəhbərləri də tənqid olunur. Ona görə bu təşkilatı qeyri-ciddi adlandırmağın özü qeyri-ciddilikdir.
R.Cəfərov “Freedom House”nin hesabatında əks olunan tənqidlərin digər beynəlxalq təşkilatların da dilə gətirdiyini qeyd etdi: “Hesabat mövcud olan problemləri əhatə edir. Bunları təkcə ”Freedom House” demir, həm də Azərbaycanın üzv olduğu və qarşısında öhdəliklər götürdüyü Avropa Şurası, ATƏT, BMT-nin insan haqları komitəsi də səsləndirir. Azərbaycan hakimiyyəti göstərilən problemləri araşdırmalıdır. Bu onun özü üçün də yaxşı olar.

Fizzə